AZ

Fernando Muslera milli karyerasını başa vurdu

Türkiyə çempionu “Qalatasaray”ın qapıçısı Fernando Muslera Uruqvay milli komandasındakı karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı rəsmi açıqlamada 37 yaşlı qolkiperin millidəki uğurları qabardılıb:

“Fernando Muslera 133 matç, dörd Dünya Kuboku və 2011-ci ildə Amerika Kubokunda qazanılan qələbədən sonra Uruqvay Milli Komandasından ayrıldığını açıqladı. Uruqvay Futbol Federasiyası sizə çox təşəkkür edir”.

Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında bütövlükdə 133 oyun keçirib. O, bu oyunlarda 135 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.

Muslera milli komandanın heyətində DÇ-2010, DÇ-2014 və DÇ-2018-in iştirakçısı olub və bütövlükdə 16 oyunda yığmanın qapısını qoruyub. O, DÇ-2022-də də millinin heyətində yer alıb, amma meydana çıxmaq şansı qazanmayıb. Muslera həm də Uruqvay milli komandasının heyətində 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.

Fernando Muslera 2011-ci ilin avqust ayından “Qalatasaray”da çıxış edir. Uruqvaylı qolkiper bu komandanın heyətində bütövlükdə 503 oyun keçirib. O, bu oyunlarda 534 qol buraxıb, 181 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edə bilib.

Muslera 13 illik “Qalatasaray” karyerası ərzində 15 kubok qazanıb:

Super Liqa: 2011/2012, 2012/2013, 2014/2015, 2017/2018, 2018/2019, 2022/2023.
Türkiyə Kuboku: 2013/2014, 2014/2015, 2016/2016, 2018/2019.
Türkiyə Super Kuboku: 2012, 2013, 2015, 2016, 2019.

Muslera 2016-cı ildə “İlin futbolçusu” mükafatını da qazanıb.

Fernando daha öncə İtaliyada “Latsio”nun, ölkəsində isə “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla