AZ

“Bu, xaosdur”: Timoşenko hökumətin bu qərarını sərt tənqid etdi

“Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko Kiyevin xaricdə hərbi yaşda olan ukraynalılar üçün konsulluq xidmətlərini dayandırmaq qərarını tənqid edib.

KONKRET.az xəbər verir ki, o, Radadakı çıxışının videosunu Facebook-da yayıb.

Siyasətçinin sözlərinə görə, Ukraynanın dünya üzrə konsulluqlarında xaos yaranıb. Onun fikrincə, bu, Xarici İşlər Nazirliyinin qeyri-qanuni fərmanı ilə bağlıdır.

Deputat vurğulayıb ki, əlillərin, çoxuşaqlı ataların, yaralı hərbi qulluqçuların, habelə yetkinlik yaşına çatmamış ölkəni tərk etmiş və mövcud qanunlara görə səfərbərliyə tabe olmayan gənclərin hüquqları məhdudlaşdırılıb.

“Onlar öz ölkələrindən pasport ala bilmirlər və əgər ölkə onlara belə münasibət bəsləsə, onlar sadəcə olaraq başqa dövlətlərin pasportlarını alıb ölkəmizi, ərazimizi tərk edəcəklər”, – deyə Timoşenko qəzəblənib.

Qeyd edək ki, “Batkivşina” fraksiyası parlamentə konsulluq xidmətlərinin göstərilməsi məsələsini tənzimləyən qətnamə təqdim edib.

“Mən bu gün hakimiyyətdəki qeyri-peşəkar komandanın etdikləri ilə barışa bilmirəm, bu, xaos, qeyri-peşəkarlıq, səriştəsizlik və nəticədə insanlar üçün fəlakətdir”, – deyə Timoşenko bildirib.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi daha əvvəl Ukraynanın xarici diplomatik qurumlarının rəhbərlərinə sənəd göndərərək aprelin 23-dən ölkəyə qayıtmaq üçün şəxsiyyət vəsiqəsinin verilməsi istisna olmaqla, hərbi yaşda olan ukraynalılarla bağlı bütün konsulluq tədbirlərinin dayandırılmasını tələb edib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla