AZ

Kuboku və superkuboku qazanmış klub həvəskarlar liqasına düşdü!

Türkiyə futbolunda bir tərəfdən yeni klublar səhnəyə çıxırsa, digər tərəfdən yaxın keçmişdə adından söz etdirənlər səhnədən silinmək üzrədi.

“Football-plus.az” xəbər verir ki, “Eyupspor” gələn mövsüm tarixində ilk dəfə elitada oynayacaq. Amma “Bursaspor”, “Dənizlispor”, “Akhisarspor” kimi klublar çox ağır bir dönəmdən keçirlər. 2010-cu ildə son turda “Fənərbaxça”nın önünə keçərək tarixi çempionluq qazanan “Bursaspor” gələn mövsüm 3-cü liqada, yəni 4-cü divizionda oynayacaq. Komanda bu mövsüm çıxış etdiyi 3-cü liqanın ağ qrupunda qalmaq şansını artıq itirib. “Dənizlispor”un uğurlarını da bir qədər stajlı fanatlar gözəl xatırlayır. 2002/03 mövsümündə bu komanda UEFA kubokunda 1/4 finalın biraddımlığında idi. “Loryan”, “Sparta” və “Lion”u üstələyən Rza Çalımbayın komandası 1/8 finalda turnirin gələcək qalibi Joze Morunyonun “Portu”suna məğlub olmuşdu. Həmin “Dənizlispor” da gələn mövsüm 4-cü divizionda oynayacaq! Halbuki “xoruzlar” 1966-dan başlayaraq ötən mövsümə qədər ilk 3 peşəkar liqadan aşağı yuvarlanmamışdı. Yaxın keçmişdə adından söz etdirən “Akhisarspor”u da Türkiyə futbolu ilə maraqlananlar gözəl xatırlayır. 2012-ci ildə ilk dəfə superliqaya yüksələn, ardıcıl 7 il elitada oynayan bu kollektiv həmin müddətdə bir dəfə ölkə kubokunu, bir dəfə ölkə superkubokunu qazanmağa müvəffəq oldu. Üstəlik həm kubokda, həm də superkubokda daha bir dəfə həlledici oyunda uduzdu. Türkiyəni avrokuboklarda təmsil etməyə də macal tapan həmin “Akhisarspor” isə gələn mövsüm həvəskarlar liqasında (!) oynayacaq. Çünki bu kollektiv ötən həftəsonu öz meydanında 2:6 uduzaraq 4-cü divizionda qalmaq şansını da itirdi. “Girəsunspor”un da sürətli enişi diqqəti şəkir. Ötən mövsüm elitada oynayan, hətta “Fənərbaxça”dan 2 oyuna 4 xal qoparan bu komandanın cari mövsümdə 1-ci liqanı tərk etməsi artıq rəsmiləşib. Girəsun təmsilçisi gələn mövsümə 2-ci liqada, yəni 3-cü divizionda başlayacaq.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla