AZ

Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib

"Polşa və NATO-nun digər ölkələrində yerləşdiriləcək nüvə obyektləri Rusiyanın hərbi planlaşdırılmasında ön planda olacaq..."
 
NATO-nun "Nuclear Sharing" konsepsiyası nə deməkdir?..
 
NATO ölkələrinin nüvə obyektləri Polşa ərazisində daimi yerləşdiriləcəyi təqdirdə Rusiya üçün qanuni hərbi hədəfə çevriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov SİTA agentliyinə bəyan edib.
 
"Heç şübhəsiz, NATO-nun birgə nüvə missiyasının genişləndirilməsi praktikası bu praktikada artıq iştirak edənlərə qoşula biləcək ölkə və ya ölkələrdən asılı olmayaraq sırf sabitliyi pozmağa yönəlib və faktiki olaraq təhidedici xarakter daşıyır", - o, deyib.
 
Ryabkovun sözlərinə görə, müvafiq obyektlər Rusiyanın hərbi planlaşdırmasında "ön planda olacaq".
 
O, həmçinin NATO-nun nüvə obyektlərinin Polşada yerləşdirilməsi barədə diskusiyaları "inkişaf edən tarixçə" adlandırıb.
 
Bundan öncə Polşa prezidenti Anjey Duda bəyan edib ki, o, ABŞ rəhbərliyi ilə nüvə silahının Polşa ərazisində yerləşdirilməsi məsələsini müzakirə edib.
 
"Gizlətmirəm, məndən bu barədə soruşulanda mən buna hazır olduğumuzu bəyan etdim. Rusiya getdikcə Kalininqrad vilayətini silahlandırır. Bu yaxınlarda Belarusda Rusiyanın nüvə silahı yerləşdirilib.
 
Əgər "Nuclear Sharing" çərçivəsində müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi üçün ərazimizdə nüvə silahının yerləşdirilməsinə qərar verərsə, biz buna hazırıq", - Duda qeyd edib.
 
O, həmçinin vurğulayıb ki; Polşa Şimali Atlantika Alyansının üzvüdür, ona görə də müəyyən öhdəlikləri var və ümumi siyasəti gerçəkləşdirməyə hazırdır.
 
Dudanın bu bəyanatına Rusiya XİN dərhal cavab verib. "Deyəsən Varşava Rusiya Baş Qərargahında hərbi planlaşdırıcıların diqqətini daha çox cəlb edilməyə ciddi cəhdlər edir.
 
Amerika nüvə silahının Polşa ərazisində peyda olacağı təqdirdə müvafiq obyektlərin dərhal məhv ediləcək legitim hədəflər siyahısına düşəcəyini güman etmək çətin deyil", - bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
 
Qeyd edək ki, hələ ilyarım öncə NATO və ABŞ Sovet İttifaqının dağılmasınadək Moskvanın nüfuz dairəsinə daxil olan blok üzvü olan ölkələrdə nüvə silahını yerləşdirmək niyyətində olmadıqlarını bəyan edib.
 
"Niclear Sharing" NATO tərəfindən qəbul edilmiş nüvə çəkindirməsi konsepsiyasıdır. Bu konsepsiya öz nüvə silahına malik olmayan ölkələrin onun tətbiq edilməsinin planlaşdırılmasında iştirak edə biləcəyini nəzərdə tutur.
 
Belə ölkələrin ərazilərində nüvə yüklərinin yerləşdirilməsinə, habelə bu ölkələrin silahlı qüvvələrinin tətbiq ediləcəyi təqdirdə nüvə silahının çatdırılmasına cəlb edilməsinə icazə verilir.
 
Bu proqram çərçivəsində Amerikanın nüvə yükləri artıq Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə yerləşdirilib.
 
Bu ilin yanvar ayında Belarusun qəbul etdiyi yeni hərbi doktrina Moskva tərəfindən bir il öncə Minskə verilən nüvə silahının üzdəniraq İttifaq Dövlətinin qərb sərhədlərinin qorunması üçün tətbiq edilməsini nəzərdə tutur.
 
Bu gün Ümumbelarus Xalq Toplantısının iclasında Lukaşenko bəyan edib ki, Belarus ərazisindən nüvə silahının tətbiqi barədə qərarı o, Vladimir Putinlə birgə qəbul edəcək.
Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla