AZ

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

General-polkovnik S.Kamaletdinov isə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında belə görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Qazaxıstandakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

 

 

 

Seçilən
41
25
Mənbələr
Şərh ()
Bağla