AZ

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu toplantının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu ideya dövlətimizin başçısı tərəfindən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın ötən il Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirilib. O, bu tədbirin bir ənənəyə çevriləcəyini və türk dövlətləri arasında münasibətlərin güclənməsinə töhfə verəcəyini deyib.

Qeyd olunub ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) konstruktiv dialoqun təşviqi üçün mühüm platforma kimi önəmli rol oynayır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İlham Əliyevin bu il keçirilmiş növbədənkənar prezident seçkilərində əldə etdiyi qələbədən sonra andiçmə mərasimində səsləndirdiyi – “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”, - fikirləri bunun bariz nümunəsidir. Azərbaycan dövlətinin başçısının son dövrdə TDT-yə üzv və müşahidəçi ölkələrə etdiyi səfərlər qardaş türk dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmlənməsində önəmli rol oynayır.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay görüşün yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. O, türk dövlətləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən söhbət açıb. Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyinin əsas gücə çevrildiyini söyləyib. TDT-nin Türk dünyasında qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi, siyasi həmrəyliyin gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və digər sahələrdə önəmli rolundan danışıb.

Fuat Oktay TÜRKPA-ya üzv dövlətlərin parlamentləri arasında əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, qardaş ölkə parlamentarilərinin qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində birgə səylərini yüksək qiymətləndirib. Belə görüşlərin Türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini söyləyib. Komitə sədri bu toplantının qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk, Qazaxıstanın Parlament Məclisinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Leyla Lurova çıxış ediblər.

Çıxışlarda TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğu diqqətə çatdırılıb. Üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılması, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı fikirlər səsləndirilib. Parlamentlərarası dostluq qruplarının münasibətlərin möhkəmləndirilməsi istiqamətində rolu qeyd olunub.

Sonra iclasda Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er öz fikirlərini açıqlayıb: “Dünyada baş verən siyasi hadisələr, yaşanan gərginliklər, yeni çağırışlar və təhdidlər fonunda parlament diplomatiyasının üzərinə mühüm vəzifələr düşür. Parlamentlər böhranların idarə edilməsi, demokratiyanın inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, sülh və təhlükəsizliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətli rola və çəkiyə malikdirlər. Bu gün Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq prosesləri ortaq tarixi, mədəniyyəti, dəyərləri paylaşan xalqlarımızın rifahının daha da yaxşılaşmasına xidmət edir”.

Baş katib TÜRKPA çərçivəsində parlament diplomatiyası sahəsində müsbət təcrübələrin qazanıldığını deyib və bu tədbirin türk dünyasında parlament əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı olacağına, beynəlxalq aləmdə TÜRKPA-nın daha çox tanınmasına töhfə verəcəyinə əminliyini söyləyib.

İclasda çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev tədbirin əhəmiyyəti, türk ölkələri arasında əlaqələrin genişləndirilməsində parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının rolu barədə fikirlərini bölüşüb.

Sonda iclas iştirakçıları ailə fotosu çəkdiriblər.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla