AZ

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Naxçıvan, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasın gündəliyinə daxil edilən məsələ Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılması ilə əlaqədar olub.

Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Ali Məclisə təqdim edir.

Təqdimat oxunub namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Anar İbrahimov Ali Məclis adından Ceyhun Cəlilovu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən yüksək etimad görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Ceyhun Cəlilov çıxışında deyib ki, Azərbaycan dövləti həqiqətən də tarixinin ən qüdrətli dövrlərini yaşamaqdadır. Bunu həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə əlaqədar həyata keçirilən hərbi və diplomatik əməliyyatlardan, həm də dövlətin digər bütün istiqamətlərdə siyasətinin nəticəsində əldə etdiyi uğurlardan görürük. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlətimizin məqsədi vətəndaşların yüksək rifahının təmin olunmasıdır.

Yeni Baş nazir qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub və bu siyasət davam etdirilir. Azərbaycan regionlarının, o cümlədən Naxçıvan MR-nın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Bu inkişaf strategiyasının davamı olaraq Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramın təsdiqlənməsi ilə Naxçıvan Muxtar Respublikasının inkişafına dair prioritet istiqamətlər müəyyən olunub və dövlətimizin başçısı tərəfindən bütün istiqamətləri əhatə edən tapşırıqlar verilib. Dövlət Proqramının icrasının muxtar respublikanın yaranmasının 100-cü ildönümü ilə üst-üstə düşməsi bu istiqamətdə qarşıya qoyulan hədəflərin icrasında təşviqedici mexanizm kimi çıxış edib.

Ceyhun Cəlilov qarşıda duran vəzifələrə görə tədbirlərin kompleks və uğurla icra olunması istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Ali Məclisin sədr müavini Anar İbrahimov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğun olaraq muxtar respublikanın Baş nazirinin vəzifədən azad edilməsi Ali Məclisin həll etdiyi məsələlərə aid olunub. Yeni Baş nazirin təyin edilməsi ilə bağlı Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən, eyni zamanda, Ceyhun Cəlilovun Baş nazir təyin olunması ilə əlaqədar muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrindən azad edilmələri ilə bağlı qərar layihələri hazırlanıb.

“Səbuhi Hidayət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” və “Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarları səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

 

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla