AZ

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan

Bakı, 25 aprel, AZƏRTAC

"Azərbaycan çempionatları gələcək beynəlxalq yarışlarda özümüzü yaxşı tərəfdən göstərmək üçün əla fürsətdir. Bu baxımdan daxili yarışlara çox ciddi hazırlaşırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri akrobatika gimnastikası üzrə milli komandanın üzvü Murad Rəfiyev bu gün start götürən 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, balans hərəkətləri üzrə proqramda öz çıxışından razı qaldığını bildirib: “Komanda yoldaşlarımla birgə yaxşı nəticə üçün əlimizdən gələni etdik. Ümid edirəm ki, qarışıq və temp hərəkətlərində də uğurlu çıxış nümayiş etdirəcəyik”.

22 yaşlı idmançı növbəti hədəflərindən də bəhs edib: “Hazırda bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq. Əsas məqsədimiz Vətənə qızıl medalla dönməkdir. Lakin buna nail olmaq elə də asan olmayacaq. Çünki güclü rəqiblərimiz var. Qazaxıstan, Böyük Britaniya və Portuqaliyanı təmsil edən idmançılar olduqca iddialıdırlar. Ancaq biz də pis deyilik. İnanıram ki, onların öhdəsindən gələ biləcəyik”.

Qeyd edək ki, 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatına aprelin 26-da yekun vurulacaq.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla