AZ

Azərbaycanda təhsilin inkişafı: Hansı istiqamətdə fəaliyyət prioritet sayılır?

Təhsilin inkişafı hər bir dövlətin siyasi, sosial-iqtisadi və strateji xəttində önəmli sahələrdən biridir.

Təhsil sahəsində mövcud olan qanunvericilik, inkişaf strategiyası və fəaliyyət planı bütün sosial meyarlar nəzərə alınaraq tərtib olunur və təsdiq edilir. Azərbaycanda təhsil sahəsində bu işlər hansı səviyyədə həyata keçirilir? Bu sahədə mövcud olan problemləri həlli hansı fəaliyyət istiqamətlərini prioritet sayır?

Mövzu barəsində Yenicag.az-a fikirlərini açıqlayan Milli Məclisin deputatı Etibar Əliyev qeyd edib ki, Azərbaycanda təhsilə önəm verildiyi üçün bu sahədə inkişafı təmin edən əhəmiyyətli qanunlar qəbul edilib.

“Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi qəbul edilib.

Həmin qərara əsasən, qarşıya qoyulan məqsədlərin bir çoxu həyata keçirilsə də, bəzi müddəalar hələ ki, reallaşdırılmayıb. Misal üçün təhsil ocaqlarının 12 illik sistemə keçidi və ali məktəblərə maliyyə və idarəetmə müstəqilliyinin verilməsi məsələləri icrası mümkün olmayan bəndlərdir. Yəni, sənədin qəbulundan 11 il keçməsinə baxmayaraq, hələ də həllini gözləyən bəzi mövzular var”, – deyə o bildirib.

Deputat, eyni zamanda, əlavə edib ki, “2022─2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilib:

“Bu strategiyaya əsasən, iki universitetin nəzdində tədqiqat univesitetinin yaradılması nəzərdə tutulub. Lakin reallaşdırılması üçün böyük maliyyə və kadr ehtiyatı lazımdır. Yəni bu işlərin həlli üçün müəyyən vaxt tələb olunur.

Bu gün Azərbaycanın təhsil sistemində ən böyük problemlərdən biri davamiyyətlə bağlıdır. Ara-sıra mətbuatda və sosial mediada məktəb şagirdlərinin bıçaqlanması, bir-birinə qarşı qəbuledilməz hərəkətləri, bullinq faktları üzrə xəbərlər dərc edilir. Maraqlı sual yaranır: Niyə məktəb şagirdi üzərində bıçaq gəzdirməlidir? Niyə belə hallar yaşanmalıdır? Tam əminliklə deyə bilərik ki, nizam-intizam qaydalarını qoruyan, davamiyyəti nəzarətdə saxlayan, təhsil mühitini dərindən bilən direktorun rəhbərlik etdiyi məktəbdə mənfi hallar yaşana bilməz”.

E.Əliyevin sözlərinə görə, indiki dövrdə bələdiyyə və özəl peşə təhsili məktəbləri yoxdur, üç özəl kollec var:

“Ona görə də şəhid ailəsindən olan uşaqların ödənişsiz əsaslarla özəl orta məktəbdə təhsil alması təmin edilməlidir. Ancaq dəfələrlə müzakirəyə çıxarsaq da, bu işi gerçəkləşdirmək mümkün olmadı.

İstər dövlətin, istər Prezident İlham Əliyevin, istərsə də Heydər Əliyev Fondunun təhsilə dəstəyi göz qarşısındadır. Bu dəstək yaxın perspektiv üçün keyfiyyətə çevrilməlidir. İlham Əliyevin də dediyi kimi, bizə qara qızılımızı insan kapitalına çevirməliyik. Eyni zamanda, tarixi qələbəmizi insan kapitalına çevirməliyik. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, texnologiya sahəsində inkişaf etmiş ölkələrlə rəqabətə girməyi bacarmalıyıq”.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini bildirən təhsil eksperti Elmin Nuri vurğulayıb ki, hazırki dövrdə təhsildə həm metodiki, həm idarəetmə, həm də sosioloji aspetklər baxımından dəyişdirilməsi lazım olan bir sıra məsələlər mövcuddur.

Elmin

“Ən böyük problemlərimizdən biri məhz təhsilə yanaşma ilə bağlıdır. Yanaşma mütləq dəyişməlidir. Bu gün orta ümumtəhsil seqmenti yalnız ali təhsil müəssisəsinə şagird hazırlayan bir yer olmamalıdır. Yəni repetitorluq institunun kölgəsində qalan məktəb öz nüfuzunu yenidən gücləndirməlidir. Orta təhsil müəssisələrini öz missiyasına geri qaytarmaq lazımdır”, – deyə o əlavə edib.

O vurğulayıb ki, məktəb gələcəyin şəxsiyyətini yetişdirməlidir.

“Keçilən fənlər, izah olunan mövzular, öyrənilən dərslər yetişdirilən gəncin şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Kurikulum sisteminə keçid edib adını şəxsiyyət yönümlü təhsil qoyduq. Düzdür, kağız üzərində hər şey çox yaxşı görünür, tətbiqə gəldikdə isə müəyyən çatışmazlıqlar da olduğu üzə çıxır.

Təhsil sistemimizdə çox maraqlı məqam var. Bir çoxları buraxılış imtahanlarında niyə məhz riyaziyyat, ana dili və xarici dil üzrə imtahan verildiyinin dərinliyinə varmır. Sadalanan üç fənn təhsilin bütün məzmun xətlərini və bir şagirdin şəxsiyyətyönümlü formalaşma prosesinin bütün tələblərini özündə əks etdirir”, ekspert bildirib.

E.Nurinin sözlərinə görə, beynəlxalq təhsil təcrübəsindən yararlanmaq mütləqdir:

“Azərbaycan 30 ildir müstəqilliyini əldə etməsinə baxmayaraq, hələ də təfəkkür olaraq bəzi sahələrdə SSRİ-nin təsirindən çıxa bilmir. Misal üçün təhsildə qiymətləndirmə sistemi. Beynəlxalq praktikaya nəzər salsaq şagirdlərin 6-cı sinfə qədər qiymətləndirilmədiyini görərik. Yəni X adlı şagird riyaziyyatı yaxşı bildiyi üçün Y adlı şagird onun kölgəsində qalmır. Əks təqdirdə isə bu, şagirdlərin gələcəkdə şəxsiyyət kimi yetişməsində problemlərə yol açır.

Ev tapşırığı şagird üçün məcburiyyətə çevrilməməlidir. SSRİ dövründə olduğu kimi, şagird evə gedib, 1 saat istirahətdən sonra bütün gününü 12 vərəqli dəftərdə tapşırıqlarını həll edərək vaxtını itirməməlidir. Daha səmərəli və müasir dövrə uyğun vasitələrdən istifadə edərək komputer proqramları ilə slayd şoular, maraqlı roliklər hazırlamalıdır. Bu onların həm psixoloji olaraq inkişafı, həm də mənəvi olaraq daim motivasiya almalarına təkan verəcək. Eyni zamanda, yaradıcı ruhlu şagirdlər qruplaşdırılaraq, təhsil sistemində xüsusi proqramla yetişdirilməlidir. Bir sözlə, təhsil, rəsm qabiliyyəti yaxşı olan şagirdin mütləq fizikadan əzbərliyib, “beş” almasından ibarət olmamalıdır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla