AZ

"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko

 
"Belarus ərazisindən Rusiyanın nüvə silahının tətbiqi barəsində biz Putinlə birgə qərar verəcəyik..."
 
Lukaşenko Polşanın üzərinə gedib və Rusiyanın nüvə silahı ilə təhdid edib
 
Belarus hakimi Aleksandr Lukaşenko bəyan edib ki, Rusiyanın nüvə silahının Belarus ərazisindən tətbiq edilməsi barədə o, Vladimir Putinlə birgə qərar verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Lukaşenko Ümumbelarus Xalq Toplantısının iclasında bəyan edib.
 
Öz çıxışı zamanı o, qeyd edib ki, Belarusla qonşu olan Polşa güclü şəkildə silahlanmaqdadır, böyük miqdarda güclü silah alır, Silahlı Qüvvələrinin sayını durmadan artırır.
 
"Bunlar onların nəyinə lazımdır ki? Biz onlarla döyüşmək niyyətində deyilik. Belarus ərazisindən onlar Polşa dövləti və xalqına qarşı heç bir fəal, aqressiv hərəkətlər gözləməməlidir, bu, bizə lazım deyil", - Lukaşenko bəyan edib.
 
Daha sonra çıxışının çox hissəsini o, NATO-nun Avropada yerləşdirdiyi hərbi qüvvə və vasitələrinin sadalanmasına həsr edib.
 
"Bu gün mənin çıxışımı dinləyərkən, bizimlə qonşu olan ölkələrin, xüsusilə Polşa və Baltikyanı ölkələrin, elə bizdən o qədər də uzaq olmayan Almaniyanın da silahlı qüvvələri, ordularına daxil olan silahlarından xəbər tutandan sonra sizdə belə bir sual yarana bilər: "Bəs onlarla necə döyüşmək olar ki?" - Lukaşenko qeyd edib.
 
O, vurğulayıb ki, "rəsmi Minskə dost olmayan ölkələr təpədən dırnağadək silahlanıb, onların silahlı qüvvələrinin sayı hədsizdir, Belarus üçün əlverişli olmayan tərzdə yerləşdirilib, bizim şimal-qərbdə, qərbdə, elə cənubda da kifayət qədər problemlərimiz var.
 
"Onlarla necə döyüşək? Biz hələ Rusiyanın taktiki nüvə silahının Belarusda yerləşdirilməsindən öncə onlara yolverilməz zərər vurmağa yönəlmişdik, bunu onların anlaması üçün düşünürdük.
 
Məsələ qarşı-qarşıya dayanıb bir-birimizə güllə atmaqda deyil. Biz anlayırıq ki, bu, çox ağır olardı, praktiki olaraq mümkün də deyil. Ona görə də bizim əvvəlki hərbi sənədlərdə faktlar və yolverilməz zərərin vurulması faktları nəzərdə tutulub", - Lukaşenko deyib.
 
Yeni Hərbi Doktrinada nüvə silahının tətbiqi mexanizminin nəzərdə tutulması barədə suala Lukaşenkonun cavabı mənfi olub.
 
"Belə mexanizm nəzərdə tutulmayıb. Bu, bizim Putinlə işimizdir. Üstəlik, biz təkcə taktiki deyil, həm adi silahlarla bağlı onların necə, nə zaman və harada tətbiq edilməsi barədə məsləhətləşirik. Ona görə də lazım olan yerdə nəzərdə tutulub", - o, deyib.
 
"Bütün bunlar barədə yazılıb, necə hərəkət etməyimiz və nə etməli olduğumuz aydındır. Amma mən indi bu barədə az danışıram, çünki, Allah eləməsin, tətbiq etməyi lazım gələcək nüvə silahından danışanda yəqin ki, bu, o qədər də yaxşı deyil", - Lukaşenko deyib.
 
O, xatırladıb ki, həm taktiki nüvə silahı, həm də təyyarələrin altında asılan bombaların tətbiqi düsturu yazılan fərmanın mövcudluğu barədə bir dəfə ağzından qaçırmalı olub.
 
Xatırladaq ki, 2023-cü ilin mayında Rusiya və Belarus müdafiə nazirləri Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi haqqında sənədlər imzalayıb. 
 
Növbəti ayda Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyanın nüvə silahının bir hissəsi artıq Belarusdadır.
 
Bu günlərdə Polşa prezidenti Anjey Duda bəyan edib ki, ölkə ərazisində nüvə silahının yerləşdirilməsi bir müddətdir ki, Polşa-Amerika danışıqlarının mövzusudur.
 
Kreml buna cavab olaraq Rusiyanın NATO ilə birbaşa hərbi toqquşması zamanı Polşanın legitim hədəf olacağı ilə təhdid edib.
 
Ukrayna prezidenti Vladimir Zelenski isə Putinin Ukrayna üzərində qalib gələcəyi təqdirdə öz qoşunlarını göndərəcək  ölkələr sırasında Polşanın da adını çəkib.
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla