AZ

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Bakı, 25 aprel, AZƏRTAC

“Euronews” telekanalı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC haqqında geniş reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Xəzər dənizinin sahilində, strateji mövqedə yerləşən Bakı limanının qlobal ticarətin tələbatını ödəmək üçün genişləndiyi, eyni zamanda, davamlı inkişafa və yerli layihələrə investisiya qoyuluşuna üstünlük verildiyi vurğulanıb.

Qeyd olunub ki, Bakı limanı Xəzər dənizinin ən qədim və strateji əhəmiyyətli limanı olmaqla yanaşı, şərqlə qərbi birləşdirən ticarət yolunun üzərində yerləşən əsas nəqliyyat və logistika mərkəzidir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Euronews” telekanalına müsahibəsində bildirib ki, liman Mərkəzi Avrasiyanın mərkəzində yerləşdiyi üçün bütün istiqamətlər üzrə əsas halqadır: “Bakı limanı XXI əsrin beşulduzlu mərkəzinə çevrilir. Bakı limanı təkcə qitələri birləşdirir, həm də bir hissəsi olduğu regionun iqtisadi inkişafına birbaşa töhfə verəcək”.

Reportajda Bakı limanının qlobal ticarətin artan tələblərinə cavab verərək imkanlanlarını artırdığı qeyd olunub. Həmçinin ötən il yüklərin ümumi daşınma həcminin 2020-ci ildən bu yana 51 faiz artaraq 7,3 milyon tondan çox olduğu vurğulanıb. Taleh Ziyadov müsahibəsində qeyd edib ki, yüklərin daşınmasında yüksək effektivliyə malik işçi komandaları mövcuddur: “Bütün bu amillər yüklərin həcminin artmasına və beynəlxalq müştərilərin Bakı limanına etimadının artmasına səbəb olub”.

“Texnologiyanın inkişafı, rəqəmsallaşma və avtomatlaşdırma Bakı limanının inkişaf strategiyasının əsas sahələridir. Limanın ətraf mühitə və ekosistemə təsirini azaltmaq üçün ekoloji davamlılıq siyasətləri də mövcuddur. Burada tullantı sularının emal suyuna çevrilməsi üçün zavodun tikintisi nəzərdə tutulur. Həmçinin paytaxt Bakıdan 70 kilometr aralıda, Ələtdə yerləşən limanda Ro-Ro terminalları, bərə terminalı və ümumi yük terminalı daxil olmaqla 13 yanalma körpüsü var. İstehlak malları, avtomobillər və xammal terminalları ilə yanaşı, 60 min ton müxtəlif gübrə saxlama anbarlarını özündə birləşdirəcək gübrə terminalı inşa edilir”,- deyə reportajda bildirilib.

Bundan başqa, reportajda keçən il limanın BMT-nin Qlobal Sazişinə qoşularaq 2035-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyi vurğulanıb. Bakı limanının Əməliyyatlar üzrə baş direktoru Yucin Xi müsahibəsində bildirib ki, Bakı limanı bölgədəki digər limanlar üçün bir model olmaq, karbon emissiyalarını azaldaraq yaşıl siyasətlərin, yaşıl prosedurların və əməliyyat proseslərinin aparıcı müdafiəçisi olmağı hədəfləyib: “Gəmilərin emissiyaları bütün karbon emissiyalarının təxminən 60 faizini təşkil edir. Bu, təxminən 15-20 il ərzində emissiyaları xalis sıfıra endirmək üçün strateji planımıza əsas verir”.

Diqqətə çatdırılıb ki, limanın konsepsiyası təkcə ticarətlə bağlı deyil, həm də ətraf mühitin və canlı təbiətin qorunması ilə bağlıdır. Limanın sularında hər il Afrikadan limana köç edən 200 flaminqo da daxil olmaqla 40-dan çox quş növü yaşayır. Bundan əlavə, limanda 60 mindən çox ağac və bitki əkilməklə yaşıllıq sahələri genişləndirilir, həmçinin 2025-ci ilə qədər Ələt ərazisində daha 100 min ağacın əkilməyi planlaşdırılır.

Repotajın sonunda bildirilib ki, starteji inkişaf planları ilə Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir.

 

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla