AZ

Vəkil bürosunun eks-müdirinin 115 min manatlıq CİNAYƏTİ - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda prokuror Ziya Mansurov ittiham aktını elan edib.

İttihama görə Sümbülə Əliyeva 2011-2019-cu illərdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri işləyərkən hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəyərək talamaq məqsədilə 2016-2019-cu illər ərzində məsləhətxanada işləyən digər vəkillərin ayrı-ayrı fiziki və hüquqi şəxslərə göstərilimiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə vəsaiti - cəmi 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə məsləhətxananın xəzinəsinə mədaxil edilməli olan 92 min 570 manat məbləğində vəsaiti mənimsəyib.

Həmçinin, büronun vəkillərinin dövlət hesabına göstərdiyi hüquqi yardıma görə - ümumilikdə 7 vəkilin göstərdiyi xidmətlərə görə Yasamal RİH-in Dövlət sifarişləri üzrə məsləhətxananın qeyd edilən hesabına köçürdüyü 22.872 manat vəsaiti həmin hesabdan çıxarmaqla, ümumilikdə 115.442 manat məbləğində pul vəsaitindən hər bir vəkil üzrə aylıq üzvlük haqları və digər xidməti ödənişləri ödəməklə qalan vəsaiti müvafiq olaraq hər bir vəkilin kart hesabına köçürülməsini təmin etməli olduğu halda həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyərək məsləhətxanaya məxsus olmaqla ona etibar edilmiş cəmi 115 min 442 manat məbləğində vəsaiti mənimsəyib.
 
İttiham aktında o da göstərilib ki, təqsirləndirilən şəxs eyni niyyətlə cəmi 71 min 630 manat məcburi dövlət sosial sığorta haqqını həmin müddətdə DSMF-yə, 14 min 276 manat vergi məbləğini həmin müddətdə Dövlət Vergi Xidmətinə köçürülməsini təmin etməli olduğu halda qəsdən etməyib ona etibar edilmiş cəmi 85 min 907 manat məbləğində, yəni xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən qəsdən vahid niyyətlə yayınmaqla həmin vəsaiti, ümumilikdə qeyd edilən qaydada cəmi 201 min 349 manat məbləğində ona etibar edilmiş vəsaiti külli miqdarda ziyan vurmaqla mənimsəyərək talayıb, onu şəxsi ehtiyaclarına sərf edib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Prokuror ittihamı elan edəndən sonra hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.

Xatırladaq ki, Sümbülə Əliyeva barəsində cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay həbs olunub. Buna qədər barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilmişdi.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb. Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva mərhum akademik Cəlal Əliyevin vəkili kimi məşhurlaşmışdı. Mətbuata qarşı iddiaları müdafiə etməklə də tanınırdı.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla