AZ

"Neftçi"də gecikmiş qərar...

Nəhayət, Ağadadaş Salyanski üçün də "Neftçi"nin əsas komandasında yer tapıldı.

19 yaşlı forvard Ölkə Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la baş tutan cavab matçında (1:4) 90 dəqiqə meydanda oldu.

İlk başdan onu deyə ki, çox gecikmiş qərardı.

O, arxada qalan müddətdə üst-üstə ən azı 3-4 90 dəqiqə meydanda olmalıydı.

Daha mövsümün bitməsinə 1 ay qalmış yox.

Düzdü, daha əvvəl Premyer Liqanın iki görüşündə də onu meydanda görmüşdük. Daha dəqiqi meydana çıxanda görmüşdük. Çünki hər iki halda da baş məşqçi Miodraq Bojoviç ona cəmi 1 dəqiqə şans vermişdi.

Amma bu dəfə tam 90 dəqiqə futbolçunu yaxından izləyə bildik.

Əslində monteneqrolunun qərarı heç də yerində deyildi. Bu yaşda gənci bir andaca "Qarabağ" adlı divin önünə atmaq riskli idi. Onu yandırmaq olardı.

Amma Ağadadaş çox ağır sınağından da üzüağ çıxa bildi. Düzdü, "ağ qaralar" ağır məğlubiyyətlə üzləşdi. Final fitinə kimi meydanda olan hücumçu isə nə qol, nə də assistlə yadda qaldı.

Lakin passiv oyun keçirdiyini demək də insafdan olmaz.

Bəlkə də "ağ qaralar"da yaxşı tərəfdən seçilən 2 ad vardısa biri də Ağadadaş idi.

Gənc futbolçu çox soyuqqanlı təsir bağışladı.

Bir neçə dəfə Julio Romao, Marko Yankoviç, Bədavi Hüseynov kimi təcrübəli futbolçularla ikili mübarizələrdən qalib ayrılmağı belə bacardı.

Yoldaşları onun olduğu sonuncu fazaya normal topa çatdıra bilməyincə fərqlənməsi müşkülə çevrildi.

Sonda özü Filip Ozobiçin qol vurması üçün ona yaxşı imkan yaratdı. Lakin millimizin üzvü fürsəti boşa verdi.

Oyundan sonra Bojoviç də gənc yetirməsi haqqında müsbət fikirləri boş yerə səsləndirmədi.

İlk oyunda Ağadadaş olmadan komanda 0:4 uduzmuşdu. Belaruslu Yuqor Boqomolski isə 74 dəqiqə meydanda olmuşdu.

Göründüyü kimi, nəticədə, oyunda fərq yoxdur, əksinə Yeqorsuz komanda daha abırlı hesabla uduzub.

Amma nədənsə mövsüm boyu "ağ qaralar"ın yetirməsi əcnəbinin kölgəsində qaldı.

Və ən əsası "Neftçi" Salyanskinin timsalında 19 yaşlı bir azərbaycanlı balasını futbolumuza qazandırmış olur.

XANOĞLAN İMANOV

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla