AZ

Sifarişli və qərəzli hesabat - RAKURS

ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatı açıqlayıb. Əgər hesabatda yazılanların heç olmasa 30 faizi, yəni üçdə biri doğru olsaydı, həqiqətə yaxın olsaydı bunu normal qarşılamaq olardı və quruma “əhsən” deməkdən başqa çarəmiz qalmazdı. Amma nə yazıqlar ki, hesabatı hazırlayanlar nə dövlətin ciddi qurumlarının sənədlərinə, nə cəmiyyətin böyük əksəriyyətini təmsil edən QHT və digər təşkilatların qeydlərini nəzərə almayıblar. Bunun əvəzinə özlərinin maraqlarına xidmət edən QHT və ayrı-ayrı şəxslərin uydurmaları əsasında hazırlanan cızma-qaralara, əsassız iddialara, yalam məlumatlara inanaraq onu çox ciddi sənəd kimi, həm də Amerika Birləşmiş Ştatları dövləti adına yayıblar. Yaxud bir şəxsin törətdiyi cinayətin ağırlığını, cəmiyyət üçün nə qədər təhlükəli olduğunu bir kənara qoyub onun dini mənsubiyyətini, hansı siyasi partiyada təmsil olunduğunu, milli mənsubiyyətni qabardıblar. Bu isə dövlət sviyyəsində qərəz, qarayaxma, iftiradır. Buna başqa ad vermək olmaz.

Əlbəttə bütün bunların nədən qaynaqlandığını artıq hər kəs bilir. Səbəblər müxtəlifdir, hər ölkəyə yanaşma fərqlidir və xüsusən də siyasi məqamlar üstünlük təşkil edir. ABŞ bu cür hesabatları hazırlayarkən reallığı bir kənara qoyaraq bundan ölkələrə təzyiq aləti kimi istifadə edir. Həm də oxşar hadisələrə fərqli standartlar tətbiq etmək bu ölkənin əsas silahıdır. Elə ölkələr var ki, insan haqları bütün mənalarda ayaqlar altındadır, zorakılıq baş alıb gedir, mitinqlərdə ən qəddar üsullardan istifadə olunmaqla etiraz edənlər “zərərsizləşdirilir”. Amma Avropa ölkəsi, yaxud xristian, ya da Vaşinqtonun “kiçik bacısı” olduğuna görə hesabatlar hazırlanarkən bütün bunlar unudulur, demokratik ölkə kimi adı başdan yazılır.

2002-ci ilin mart ayında hazırlanan hesabatın Azərbaycana dair hissəsində vurğulanır: “Erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının təqribən 20 faizinin işğalı iqtisadiyyatın daha sürətli inkişafına əngəl törədir. Azərbaycan hökuməti işğal olunmuş ərazilərə nəzarət etmir və orada heç bir təsir imkanına malik deyildir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də çadır düşərgələrində, müvəqqəti sığınacaqlarda ağır vəziyyətdə yaşamağa davam ediblər. Prezident Heydər Əliyev ötən ilin avqustunda Dövlət Neft Fondundan hər ay 906 milyon dollar ayıraraq qaçqınların şəraitinin yaxşılaşmasına sərf etmək haqqında fərman imzalamışdır”.

Sanki azərbaycanlılar təbii fəlakət – sel-daşqın, yaxud meşə yanğınları nəticəsində evlərini tərk ediblər. Bir milyondan artıq qaçqın və məcburi köçkünün haqqının kim tərəfindən tapdandlğına dair bir kəlmə də yazılmır. Əgər bu qeydlər olsaydı, onda hesabatın Ermənistana aid hissəsində bunlar öz əksini tapar, erməni dövləti azərbaycanlılara qarşı etnik, dimi və milli ayrıseçkilik kimi ağır cinayətlər törədildiyinə beynəlxalq məhkəməyə verilər və cəzalandırılardı. Bunların heç biri baş verməyib, əksinə Ermənistan daim insan haqlarının qorunduğu ölkələr sırasında yer alıb. Bəs, bu, ayrıseçkilik, ikili standart, yalançı hesabat deyilmi? ABŞ-ın hər il dünya ölkələrində “insan haqlarına” dair hesabatını artıq heç kəs ciddi qəbul etmir, çünki onun hazırlanması zamanı 2-ci və 3-cü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir.

ABŞ-ın dövlət katibi Antoni Blinkenin hesabatla bağlı dedikləri isə “üzürü günahından böyük” yanaşmasıdır. Əvvəla bildirib ki, "Bu hesabatı tərtib edərkən biz müxtəlif mötəbər, fakta əsaslanan mənbələrdən, o cümlədən dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından və mediadan reportajlar aldıq". Bunu Blinkenin vicdanına, insafına buraxmaq olardı, amma. Məsələ burasındadır ki, hesabatı hazırlayan qurumlar məqsədli şəkildə, dövlət katibinin də istəklərinə uyğun olaraq heç bir əsası olmayan məlumatları bəzi “qht”lərdən əldə ediblər. O “qht”lər ki, hər kəs onları tanıyır, kimin əlində oyuncaq olduqlarını da bilir, xüsusən də heç bir məsuliyyət daşımadan xarici donorların sifarişi ilə reallığı əks etdirməyən yalan hesabatlar hazırlayıb Dövlət Departamentinə göndərirlər. Blinken məhz həmin yalançı mənbələri nəzərdə tutur.

Hesabatın Azərbaycana aid hissəsində 2023-cü il sentyabrın 19-20-də Qarabağda nəzarəti tam ələ keçirmək üçün antiterror tədbirləri keçirilməsindən bəhs edilir. Bəli, Azərbaycan öz suveren ərazilərində separatçılara, azərbaycanlıları 30 il ərzində terrorla təhdid edən, öz evinə, yurduna getməsinə imkan verməyən, ərazilərimizdə soyqırımı törədən, dini, milli ayrıseçkilik salan terrorçulara qarşı əməliyyat keçirdi. Bundan əvvəl isə dəfələrlə onlara silahı yerə qoymağa çağırsaq da, dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərində başqa ölkənin silahlı birləşmələrinin mövcudluğunun qeyri-qanuni olduğunu anlatsaq da ermənilər silahlanmağa, yeni istehkamlar qurmağa, Azərbaycan ordusunun qarşı tərəfdə olan mövqelərini atəşə tutmağa başladılar. Terror əməllərini davam etdirən ermənilər işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura köçən mülki vətəndaşlara təhlükələr törətməkdə davam etdilər.

“Sentyabrın 24-dən oktyabrın 1-dək 100 000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”, kimi təsvir olunan hesabatda ermənilərin hüquqlarından yazılır, bər azərbaycanlıların? Bəlkə ABŞ Dövlət Departamenti Cənubi Qafqazda “insan” və “insan haqları” deyəndə təkcə erməniləri nəzərdə tutur, bəs qalanları?

Sənədi oxuyarkən bir “yenilik” də gözə dəyir. Sən demə, ABŞ indi də şiələrin hüquqlarını qorumaqla məşğuldur, üstəlik İranla çəkici bir zindana vurur, molla rejiminə himayədarlıq edir. Bildirilir ki, “il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib”. Blinkenin rəhbərlik etdiyi ABŞ-ın xarici siyasət idarəsi də bilməmiş deyil ki, Azərbaycanda yaşayan xalqların xeyli hissəsi şiə təriqətinə aiddir və burada ayrıseçkilik, sadəcə mümkün deyil. Həbs olunanlara gəlincə, yəqin ki, istənilən ölkə xəyanəti din üzərindən edənlərə qarşı da eyni münasibəti göstərərdi. O şəxslər şiə olduqları üçün, islama sitayiş etdikləri üçün saxlanılmayıblar, konkret cinayət hadisəsinə görə tutulublar.

Hesabatda əsas niyyətin, məqsədin Azərbaycanı 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı bu torpaqlardan qovduğuna, burnunu ovduğuna görə cəzalandırmaq olduğu ortadadır. “ 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilmiş iddia edilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmaları ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb”, sənəddə qeyd edilir. Bəs ermənilərin törətdiyi və heç bir erməninin cəzalandırılmadığı Xocalı, Malıbəyli, Ağdaban, Başlıbel, Cəmilli, Kosalar, Meşəli, Kərkicahan soyqırımılarını kimin ayağına yazaq? Bəlkə orada vəhşiliklərlə üzləşən, soyqırımına məruz qalan insanlar təbii fəlakətin qurbanı olublar? Suallar çox, buna cavab verəcək kimsə yox.

Əgər ABŞ dünyada insan haqları sahəsinə “nəzarət” rolunu üzərinə götürürsə, əvvəla sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayihə və dedi qodular yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır. Ümumilikdə ABŞ özünü bu rolda görürsə, öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etsin, ABŞ-da rasizm, islamafobiya, miqrantların hüquqlarının pozulması həbsxanalarda dözülməz şərait və digər məsələləri də hesabata daxil etsin. Amma bunu etmir, niyə? Çünki, özünü ifşa edə bilər. ABŞ-da keçirilən etiraz aksiyalarının qarşısını almaq üçün polisin törətdiyi vəhşiliklər barədə çoxsaylı sübut olunmuş faktlar var. Heç bir təhlükə törətməyən qaradərilinin silahla öldürülməsindən sonra ona atəş açan polisin məsuliyyətdən yayıma hallarına da ABŞ-da rast gəlinir.
Bəs başqa ölkələr barədə yalan hesabatlar hazırlayan ABŞ-a qarşı hansı qarşılığı vermək olar? Əlbəttə, bunun yolları var və əgər BMT və dünya dövlətləri də bir araya gəlib ABŞ-da insan haqları barədə hesabat hazirlasalar Ştatlar bütün dünyada biabır olar. ABŞ-ın İraqda, Əfqanıstanda törətdiyi vəhşiliklər ölçüyəgəlməzdir, onu “insan haqlarının pozulması” kimi yumşaq ifadə ilə bir sıraya qoymaq sadəcə, mümkün deyil.

Təəssüflə qeyd etmək lazımdır ki, Amerika kimi nüfuzlu bir ölkənin Dövlət Departamenti Azərbaycana qarşı hesabatlarında həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirir. Bu hesabat ölkəmizdəki reallığı əks etdirmir, əksinə çox ciddi qərəz var. Azərbaycanın demokratik inkişaf yoluna atılan böhtan var. Həmişə olduğu kimi, bu hesabatda da ”erməni barmağı" var. Erməni diasporasının maliyyəsi əsasında bir çox ölkələrdə, o cümlədən Amerikada, onun dövlət strukturlarında erməni lobbisi fəaliyyət göstərir, onların təsiri altında bu cür hesabatlar yazılır, dövriyyəyə buraxılır. Azərbaycan demokratik inkişaf yoluna sədaqətini nümayiş etdirməkdədir. Azərbaycan azad ölkələrdəndir, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ tam olaraq qorunur.

V.VƏLİYEV

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla