AZ

İlham Əliyevin ADA Universitetindən dünyaya verdiyi mühüm mesajlar – ŞƏRH

Azərbaycan Prezidenti qatıldığı bütün beynəlxalq forumlarda problemlərə özünəməxsus yanaşması və açıqlamaları yadda qalır. Bu mənada aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilmiş beynəlxalq forum da istisna olmadı.

Bir tərəfdən uzaq və yaxın tariximizə ekskurs edən İlham Əliyev 10 noyabr 2020-ci il tarixində Ermənistan tərəfinin Üçtərəfli Bəyanata niyə razılıq verdiyinin sirrini açması misilsiz məqamlardan biri idi.

Əvvəla, dövlət başçımız bu açıqlaması ilə Azərbaycan hakimiyyətinin əleyhdarlarının Ermənistanın Baş naziri Nikol Paşinyanın “Rusiyanın adamı olmadığı” barədə illüziyalarını alt-üst etdi. Məlum oldu ki, hazırda “Zvarnots” aeroportunda rusiyalı sərhədçilərin dayanmasını və Ermənistanda Rusiyanın hərbi bazasının olmasını özünə “böyük dərd” sayan Paşinyan Rusiya sülhməramlılarının Qarabağda müddətsiz və həmişəlik qalmasını istəyirmiş. İlham Əliyevin “bir neçə saata Xankəndiyə girəcəyik” xəbərdarlığı onu “ayıldıb”. Bundan başqa, məhz Azərbaycanın dövlət başçısının sayəsində Rusiya sülhməramlılarının Qarabağda əbədi qalması qeyri-mümkün olub.

Beləliklə, məlum olur ki, Azərbaycan təkcə öz torpaqlarını rus qoşunlarından azad etməyib, həm də Ermənistana, xüsusilə də Paşinyana müstəqil ölkənin ərazi bütövlüyünün və suverenliyinin necə qorunması barədə yaxşı hərbi və diplomatik dərs verib. Məhz bu dərsin sayəsində Paşinyan və dəstəsi “tarixi və real Ermənistan”ın fərqini anlamağa başlayıb.

Üstəlik, Azərbaycan o qədər minnətdar dövlətdir ki, rus qoşunlarının vaxtından öncə torpaqlarımızdan çıxarılması nəticəsində Ermənistanın hərbi müttəfiqi olan Rusiya ilə də ölkəmizin əlaqələrinin gücləndirilməsinə etiraz etmir. 35 il öncə erməniləri üstümüzə qısqırdan, hazırda çox mürəkkəb təcrid vəziyyətində olan şimal qonşumuzin indi ölkəmizin ünvanına difiramblar yağdırmağa başlaması lap gözlərimizi “yaşardır”.

Prezidentin kiçik bir nümunənin timsalında Azərbaycanla Ermənistan arasında fərqi göstərməsi olduqca maraqlı məqamdır. “Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar (ermənilər – red.) Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”, – deyə İlham Əliyev qonşu ölkəyə xəbərdarlıq edib.

Təqdirəlayiqdir ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsində Azərbaycan dünyanın bir çox dövlətləri əlaqələrin gücləndirilməsi istiqamətində çalışır. Elə beynəlxalq ictimaiyyətin dəstəyi nəticəsində COP29 kimi mötəbər tədbirin ev sahibliyinə Azərbaycanın seçilməsi də bunu təsdiqləyir.

Yeri gəlmişkən, bu uğurlu addım Azərbaycanın öz ərazi bütövlüyünü və süverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi ölkələri çox hiddətləndirib. Azərbaycanın da bir parçası olduğu türk dünyasının güclənməsini qətiyyən istəməyən həmin qüvvələr hətta COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq və təsirlərin artırılmasına dair yolverilməz çağırışlar etməyə çalışırlar.

Prezident də bu məsələdən yan keçməyib. “Sədrlik veriləndən dərhal sonra müxtəlif QHT-lər və media tərəfindən bizə qarşı hücumlar olmuşdur – yenə də neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk”, – deyə İlham Əliyev belə qüvvələrə münasibətini ifadə edib.

Bir daha xatırlayaq, belə fonda Azərbaycan nə edirdi? Azərbaycanın siyasi rəhbərliyi COP29-da ev sahibliyi etmək üçün əzəli düşmənimiz Ermənistanı yola gətirir, Rusiya qoşunlarını Qarabağdan yola salır, Ermənistanla 4 kəndin geri qaytarılmasını razılaşdırır, delimitasiyanı həyata keçirir, sülh müqaviləsinin imzalanması baxımından əsas əngəlləri aradan qaldırır, Almaniya ilə gərgin münasibətləri yaxşılaşdırır, COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində İlham Əliyev Petersberq Konfransına dəvət olunur.

Ölkəmizlə qürur duyduğunu İlham Əliyevin 23 aprel tarixli beynəlxalq forumda söylədiyi fikirlərdən də duymaq olur. “Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Biz çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmirik. Bir daha təkrar edirəm ki, beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığımız bütün addımlarımız hər zaman praqmatizmə əsaslanıb” fikri bundan xəbər verir.

Nəhayət, COP29 vasitəsilə də dünyaya sülh mesajının veriləcəyini  vurğulayan İlham Əliyev məhz Azərbaycanın Cənubi Qafqaz bölgəsində sülh prosesinin təşəbbüskarı olduğunu xatırladıb. O, Cənubi Qafqazda üç ölkə arasında məsləşətləşmə formatının yaradılma imkanını da istisna etməyib. “Bu, misilsiz bir fürsətdir. Sülh şəraitində müstəqillik yoluna qədəm qoyan Baltik dövlətlərindən fərqli olaraq, Sovet İttifaqının süqutu bizi bu imkandan məhrum etdi. Biz müharibələrlə üzləşdik. İndi isə bu səhifəni çevirmək üçün fürsət var, biz bunu edirik və COP29 bunun gözəl nümunəsidir”.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla