AZ

Diqqət Ermənistan parlamentinə

Keçmiş işğalçı, ortabab revanşist və hazırkı sülhpozan Ermənistanda son sözü kim deyir (Ümumiyyətcə o son söz Ermənistan içindən çıxır ya dışından)? – Məncə, hələ tam bəlli deyil. – Əgər son söz deyən Paşinyansa, bə hanı? - Cəmi 4 kəndə belə sözü keçməyən adam bir ölkə üzrə necə son söz yiyəsidir? – anlamıram.

Birincisi, Qazaxın 4 kəndində qanunsuz məskunlaşmış ermənilərə (həmin kəndləri boşaltmaqla bağlı) heç bir yetkilinin sözü, nüfuzu, anlatımı yetərli sayılmamış olmalı ki, məhz Baş nazir özü ora səfər etmək durumunda qaldı. Özü də bir getmədi iki getdi; sonra nəhayət müavini bizim Baş nazir müavini ilə razılığa gəldi, sərhəd girinti-çıxıntılarının razılaşdırılmasına başlandığını ictimaiyyətə duyurdular. Amma nə Paşinyanın iki səfər boyu apardığı geniş izahat işi, nə müavinin anlaşması yetərli olmadı, qaliba. Bəli, yetərli olmadı ki, Dağlıq Tovuzdan (oralar da bizim Şəmsəddin Sultanlığının ərazisi olub) – onların Tavuş dediyi bölgədən Borçalıya uzanan yol başıpozuqlar tərəfindən bekara gərəkcələrlə kəsildi. Axı, onlar nəyə etiraz edir? – Bizim olan kəndlərin bizim bayrağımız altına keçməsinəmi? – Baş nazirləri onlara ağıl verə bilməyibmi? Üstəlik, Göyçə, Zəngəzur, İrəvan da xeyli qarışdı. Budur, Ermənistanda orduya tabe olmamaq çağırışları yayılır; Sarkisyan, Köçəryanın oğlu və bir xeyli b. yaramaz meydana çıxıb, çığır-bağır salır… Allah qoymasa, guya “Allah adamı” sayılan keşişlər də suyu bulandırır. 4 il öncə dillər əzbəri olmuş ünlü sözlə desək, “Nooldu, Paşinyan”? - Sənin ötkəmin, izahatın, idrakın və öz azğın cəmiyyətini sülhə yönəltməyin elə bura qədərmiş? Axı, kadastr axtaran-arzulayan hökumət başçısı üçün ilk sərhəd dirəyi müqəddəs dirək kimi bir şey olmalıydı. “Baş tutmamış dövlət”çün o dirək xilas dirəyi də ola bilər(di)… Yox, əgər o dirək kadastrsız Ermənistana lazım deyilsə, bizə dünəndən lazım deyil. Çün o dirəkdən anrılar da bizim tarixi torpağımızdı. Bu, öz yerində.

Deyək ki, Tavuş səmtdəkilər kənd camaatıdı, bir az əsdi-coşdu, keçdi; bəs Ermənistan parlamenti də dilbilməzlər yığnağıdırmı? Guya onların həqiqi bilgilərə çıxışı yoxdurmu yaxud gerçəkliklərə, Ermənistan həqiqətlərinə - daha doğrusu, Ermənistan yalanlarına bələd deyillərmi? Ermənistan-Azərbaycan Sülh Anlaşması olacaqsa, o harada ratifikasiya olunacaq? - Hər halda Dağlıq Tovuzun - Tavuşun bələdiyyəsində yox, İrəvanda - parlamentdə ratifikasiya olunacaq, elə deyilmi? O parlamentdə ki, bir neçə masanın üzərində (Seyran Ohanyan başda olmaqla (yanılmıramsa), 11 nəfərin qarşısında) mərət qalmış, qondarma və keçmiş “DQR”in əski parçası qoyulub. Parlament rəhbərliyinin, ictimai-siyasi institutların, daha kimlərin… sözü, ərki, nüfuzu, yetkisi, ötkəmliyi yoxmu, o əski parçalarını oradan bir dəfəlik yığışdıralar?!. Lazımsa, koordinatı bir az daha dəqiq göstrək: Sədarətlə üzbəüz – ən sağ tərəfdən ilk 11 masa əski parçasından təmizlənməlidir.

Bəyəm hər hansı bir qanunverici orqan qanunsuzluqla, beynəlxalq hüquqa sayğısızlıqla məşğul ola bilərmi? “DQR” adlı dövlətmi var, onu tanıyanmı var? Və də Ermənistan özü belə o qondarma qurumu tanımayıbsa, o əski parçaları orada nə gəzir? Zəhmət çəksinlər, belə buraxma “bayraq” və digər “atribut”ların istifadəsini bütün Ermənistan ərazisində tam yasaqlasınlar. Bunadək isə dağa-daşa düşmək lazım deyil: parlamentin işlər idarəsinə göstəriş versinlər ki, növbəti iclasdan öncə o qanunsuz “atribut”ları tam yığışdırıb, zibil qutusuna atsınlar və o əski parçasının parlament binasına bir də keçirilməsinə qəti izn verməsinlər. Yoxsa, olmayan bir qondarma və keçmiş “dövlət”in “bayrağı”nı parlamentində ön sırada bəslə, Azərbaycan və Türkiyə bayraqlarını isə küçə-meydanda yandır - Sülh Anlaşmasına beləmi gəlirlər? El sözüdür - “ağıllıya da qurban olum, dəliyə də, vay alayarımçıq əlindən”; yenə el müdrikliyidir, deyir: “ağac nazikliyindən sınar, insan yoğunluğundan”… İndi Ermənistan başbilənləri nə yoğunluq, nə də başısoyuqluq eləməsin – Ohanyanın və digərlərinin önündən əski parçalarını birmənalı və qəti surətdə yışğıdırsınlar!

Bayraq zarafat mövzusu deyil – nə saxtası parlamentdə olmamalıdır, nə də doğruçusu küçə-meydanda yandırılmamalıdır! Bu işin axırı Ermənistan üçün yaxşı qurtarmaz! Dəmir Yumruq yerindədir! O ki qaldı Ermənistan Respublikasının bayrağına... onun haqqında ən perspektivli sözü Azərbaycan Prezidenti 2020-ci il noyavrın 20-də deyib: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Bax, belə!..

Bəli, Dəmir Yumruq zarafat xoşlamır, zarafat eləmir, yalnız xəbərdarlıq edir…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla