AZ

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Qadınlar Şurası ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda tədbir keçirib. Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ildə akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri Bölməsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə silsilə konfransların keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Qeyd edib ki, həmin tədbirlər və monoqrafik tədqiqatlarla akademik Zərifə Əliyevanın misilsiz xidmətləri Azərbaycan cəmiyyətinə və dünya oftalmologiya elmi ictimaiyyətinə yenidən tanıdılıb. Həmçinin Mərkəzi Elmi Kitabxana tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb, Biologiya və Tibb Elmləri Bölməsinin “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevaya həsr edilmiş xüsusi buraxılışı çap edilib.

Akademik İsa Həbibbəyli yubiley tədbirlərində akademik A.Qarayev adına Fiziologiya İnstitutunun xüsusi fəallığı ilə seçildiyini, görkəmli oftalmoloq alimin yaratdığı və rəhbərlik etdiyi laboratoriyanın yerləşdiyi institutun onun qarşısında öz mənəvi borcunu ödədiyini bildirib. Həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrində görkəmli alimə həsr edilmiş tədbirlərin keçirildiyini vurğulayıb.

AMEA rəhbəri bildirib ki, Zərifə xanım görmə qabiliyyətinin bərpası ilə bağlı mühüm tədqiqatlar aparıb, Azərbaycan xalqının gözünə işıq olub və onun tədqiqatları Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə tam uyğundur.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxışında akademik Zərifə Əliyevanın ətraf mühitə münasibətinə dair bəzi məqamlara diqqət çəkib.

“Ümumiyyətlə, Zərifə xanım göz xəstəliklərinin profilaktikası, görmə orqanına ekoloji amillərin təsiri məsələlərinə böyük diqqət göstərirdi. O bilirdi ki, insanın sağlamlığı onu əhatə edən mühitlə sıx bağlıdır, bir sıra hallarda ekologiyanın sağlamlaşdırılması xəstəliklərin qarşısının alınmasında mühüm, hətta həlledici rol oynayır. Zərifə xanım sənaye müəssisələrinin zərərli tullantılarının, kənd təsərrüfatı istehsalında pestisidlərin istifadəsinin azaldılması, zavod və fabriklərin ətrafında yaşıllıq massivlərinin salınması üzrə tövsiyələr verir, ömür-gün yoldaşı ilə birgə ağacəkmə kampaniyalarına qoşulmaqla insanlara nümunə olurdu”, - deyə akademik İradə Hüseynova vurğulayıb.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva, AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış ediblər. Qeyd olunub ki, insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyeva elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.

Sonra akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə, həmçinin Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru professor Ulduz Həşimova “Akademik Zərifə xanım Əliyevanın ideyaları müasir dünyanın çağırışları prizmasından”, Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva “Yaşıl şəhərlər və insan sağlamlığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransda “Klassik ədəbiyyatda bahariyyələr”, “Akademik Zərifə Əliyeva xatirələrdə: təbiətə həssas münasibət”, “Akademik Zərifə Əliyeva: insanların sağlamlığı keşiyində durmaq vətəndaşlıq missiyası kimi”, “Türk düşüncəsi və ekofolklor” və “Gənclər elmin inkişafı və “yaşıl artım” siyasəti missiyasının daşıyıcılarıdır” mövzularında məruzələr dinlənilib.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla