AZ

Hava qəfil istiləşdi, yaz fəsli sıradan çıxır? - 50 il əvvəl birdən-birə...

Havanın qəfil istiləşməsi iqlimin şıltaqlığı ilə əlaqədardır. Fikir versək, görərik ki, belə hava 50 il əvvəl də müşahidə olunub. Havanın temperaturu birdən-birə 30 dərəcə artıb. Bu, iqlim dəyişikliyi deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında coğrafiyaçı Ənvər Əliyev yaz fəslinin az qala sıradan çıxması barədə fikirlərə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi onilliklər, yüzilliklər ərzində baş verir: "İqlim dəyişikliyinin baş verməsinə bəzi amillər təsir göstərir. Elə sahələr var ki, oradaki əhali təbii mühitdən düzgün istifadə edə bilmir. Məsələn, Çində əhalinin artımı rasional bölgü ilə hesablanır. Afrikada isə nizamsız artım problem yaradır. Sudan normal istifadə olunmadığına görə problem yarana bilər. Bunların hamısının səbəbi var. Amma bun faktorlar iqlim dəyişikliyinə səbəb ola bilməz. Havaların qəfil istiləşməsi də sadəcə iqlimin şıltaqlığıdır".

Havanın kəskin dəyişməsinin qlobal istiləşməyə gətirib çıxaracağı barədə çağırışlardan danışan Ənvər Əliyev bildirib ki, bu, lokal xarakter daşıdığından mümkün deyil: "Qlobal istiləşməyə misal deyəcəm. Məsələn, dinozavrlar 600 min il bundan əvvəl kütləvi şəkildə qırıldılar. Niyə? Çünki Meksika körfəzinə nəhəng bir meteroid düşdü. Nəticədə bir ay Günəşin qabağı kəsildi, otlar qurudu. Nəticədə otyeyənlərin nəsli kəsilməyə başladı.

İnsan bu planetə gəlməzdən əvvəl mühit elə hazırlanmışdı ki, insan heç əziyyət çəkmədi, hər şey hazır idi. Havanın 50-60 dərəcə olması belə problem deyildi. İndi o temperaturda heç kim həyatda qala bilməz. Təbiət elmində çoxlu möcüzəvi işlər var".

Coğrafiyaçı onu da qeyd edib ki, kəskin dəyişən hava şəraiti insanların səhhətinə təsir göstərir:

"Günəşdən gələn şüalar yalnız işıq, istilik şüaları deyil. Ultrabənövşəyi şüalar insan sağlamlığına mənfi təsir göstərir. Elə yerlər var ki, orada ultrabənövşəyi şüalar daha aktiv olur. Bu da insan sağlamlığına mənfi təsir göstərə bilər. Hətta bəzən görürük ki, Yerin maqnit qütbləri güclü hissəciklərlə bacarmır, müəyyən hissəsi ötüb keçir. Baş ağrıları əsasən müəyyən yaş dövrünü keçmiş, yaşlı, xəstə insanlara şamil olunur. Bəzən isə heç bir xəstəliyi olmayan, amma həddindən artıq stresli olan insanlara təsir göstərir. Gözlə görünməyən, adi balaca bir hissəcik gedib ürək damarlarına təsir göstərə bilər. Nəticədə qan laxtalanması kimi faciəyə yol aça bilər".


Müəllif: Nigar Qəhrəmanlı
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla