AZ

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.

 

Sfera.az xəbər verir ki, bu barədə Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu yaxınlarda dərc etdiyi hesabatda deyilir.

 

Hesabatda iddia olunur ki, hərbi xərclər artıq doqquzuncu ildir ki, artıb. Eyni zamanda, 2009-cu ildən bəri ilk dəfə olaraq təşkilatın müəyyən etdiyi beş coğrafi bölgənin hamısında orduya ayrılan pullar çoxalıb. Xərclər ən çox Avropa, Yaxın Şərq və Asiyada artıb.

 

2023-cü ildə hərbi istiqamətə ayrılan vəsaitin həcminə görə ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanıdır. Onları Böyük Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya izləyir.

 

ABŞ 

 

2023-cü ildə ABŞ-nin hərbi xərcləri 2,3% artaraq 916 milyard dollara çatıb. Bu məbləğ NATO-ya üzv olan bütün ölkələrin hərbi xərclərinin üçdə ikisindən çoxdur ki, bu da ABŞ-nin alyansdakı lider mövqeyini bir daha təsdiqləyir.

 

Çin

 

2023-cü ildə Çin hərbi sektora ayrılan vəsaitin həcminə görə ikinci yeri tutub. Pekin hərbi məqsədlər üçün 296 milyard dollar ayırıb ki, bu da 2022-ci illə müqayisədə təxminən 6% artım deməkdir.

Asiya regionunda ümumi hərbi xərclərin demək olar ki yarısı Çinin payına düşür və SIPRI-nin məlumatına görə, Çinin bəzi qonşuları öz müdafiə xərclərinin artımını Pekinin hərbi xərclərinin artması ilə əlaqələndirirlər.

 

Rusiya

 

SIPRI-nin hesablamalarına görə, 2023-cü ildə Rusiyanın hərbi xərcləri 2022-ci illə müqayisədə 24%, Krımı ilhaq etdiyi 2014-cü illə müqayisədə isə 57% artaraq 109 milyard dollar təşkil edib. Hesabatda 2023-cü ildə Rusiyanın hərbi xərclərinin ümumi dövlət xərclərinin 16%-ni təşkil etdiyi bildirilib.

 

Ukrayna

 

Ötən il müdafiəsinə 64,8 milyard dollar xərcləyən Ukrayna hərbi xərclərə görə, dünyada səkkizinci yerdədir ki, bu da 2022-ci illə müqayisədə yarım dəfə çoxdur. 2023-cü ildə Ukrayna hökumətinin xərclərinin yarısından çoxu - 58%-i hərbi məqsədlər üçün olub.

İl ərzində ölkə ən azı 35 milyard dollar hərbi yardım alıb ki, bunun da böyük hissəsi -  25,4 milyardı ABŞ tərəfindən verilib.


 

Orta Şərq

 

Yaxın Şərqdə hərbi xərclər son bir ildə 9% artıb ki, bu da əvvəlki onillikdə rekord göstəricidir.

Səudiyyə Ərəbistanından sonra regionda ikinci olan İsrailin hərbi xərcləri 24% artıb. SIPRI ekspertləri bunu Qəzza zolağında davam edən hərbi əməliyyatlarla izah edirlər.

Hərbi xərclərə görə, İran 10 milyard dollardan çox vəsait ayıraraq regionda dördüncü yeri tutur ki, bunun da 37%-i İran İslam İnqilabı Keşikçiləri Korpusuna xərclənib.

 

Mərkəzi və Cənubi Amerika

 

Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində də hərbi xərclərdə artım qeydə alınıb. Buna səbəb mütəşəkkil cinayətkarlıqla mübarizədir. 2014-cü illə müqayisədə region ölkələrinin silahlı qüvvələrinə ayrılan pullar təxminən 1,5 dəfə artıb.

Meksika öz hərbi ehtiyacları üçün bu regionda ən çox pul xərcləyib -  11,8 milyard dollar.

 

Afrika

 

Afrika qitəsində ən böyük hərbi xərclər Əlcəzairə aiddir. Ölkə 2023-cü ildə silahlı qüvvələrinə 2022-ci ilə nisbətən 76% çox vəsait ayırıb. SIPRI hesab edir ki, Əlcəzairin hərbi xərclərinin bu cür artması ilk növbədə Avropa ölkələrinə neft və qaz satışının kəskin artması ilə izah edilməlidir ki, bu da Rusiyanın Avropa enerji bazarında iştirakının kəskin azalması ilə bağlıdır.

Dünya üzrə hərbi xərclərdə ən böyük faiz artımı hökumətlə silahlı qruplar arasında münaqişənin davam etdiyi Konqo Demokratik Respublikasında qeydə alınıb. Orada hərbi xərclər 105% artıb. Bu göstəriciyə görə Afrika ölkələrindən biri - Cənubi Sudan ikinci yerdədir. Burada artım 78% təşkil edib.

 

Əzizə

Seçilən
26
50
Mənbələr
Şərh ()
Bağla