AZ

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qadın əməkdaşlarının “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisi açılıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif fakültə, kafedra və şöbələrdə, eləcə də İnşaat Kollecində çalışan xanımlar öz yaradıcı bacarıqlarını nümayiş etdiriblər. Sərginin açılışında çıxış edənlər ilk dəfə təşkil olunan və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, zövq oxşayan incəsənət nümunələrini yüksək qiymətləndiriblər.

Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, dekorativ-tətbiqi sənət nümunələrinə xas olan biçmə-tikmə, toxuma, muncuqlarla bəzəmə, dulusçuluq, maket işləri təqdim olunub. Bununla yanaşı, qadın əllərinin möcüzəvi toxunuşlarından ərsəyə gələn bəzək əşyaları, geyimlər, çantalar, ev tekstilinə aid nümunələr yer alıb. Universitetin istedadlı xanımları Azərbaycanın əsrarəngiz təbiəti, milli-mənəvi dəyərləri, xalq sənəti olan dekorativ-tətbiqi sənətə məxsus yaradıcı işləri böyük ustalıqla ərsəyə gətiriblər. Sərgidə ümumilikdə 212 iş nümayiş olunub, onlardan 112-si rəsm, 100-ü isə dekorativ-tətbiqi sənət nümunəsidir.

AzMİU-nun sərgi salonunda açılan “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı sərgi mayın 7-dək davam edəcək.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla