AZ

Çin bazarı uğrunda mübarizə: Azərbaycan hansı addımları ata bilər? (ŞƏRH)

"2024-cü ilin 3 ayında Azərbaycanın idxalının 20 faizi Çinin payına düşüb. Amma Azərbaycan məhsullarının Çinə ixracı zəifdir".

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Çin iqtisadi əlaqələri və onun genişlənməsinin əhəmiyyətindən danışarkən deyib.

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanın Çinlə əlaqələri son zamanlar ciddi inkişaf trayektoriyasına qədəm qoyub:

"Amma bu daha çox idxal əlaqələridir. Azərbaycan Çindən daha çox məhsul idxal edir. 2024-cü ilin 3 ayında Azərbaycanın idxalının 20 faizi Çinin payına düşüb. Bu amilə görə də Çin birinci yerdədir. Çin məhsullarının ölkəmizə idxalı bütün MDB ölkələrinin Azərbaycana birlikgə götürdüyü idxaldan daha çoxdur".

Ekspert qeyd edib ki, idxala rəğmən Azərbaycanın Çinə ixrac rəqəmləri çox kiçik olaraq qalır:

 

"Baxmayaraq ki, Çin olduqca böyük bazardır. Orada yer tutmaq, məhsullarımızı Çin bazarına çıxarmaq çox önəmlidir. Buna rəğmən hələlik Azərbaycan məhsulları Çin bazarında geniş yer tuta bilməyib. Düzdür, son zamanlar bu istiqamətdə hökumətlərarası müqavilələr imzalanmağa vəhəyata keçirilməyə başlanılıb. Çinlə Azərbaycan arasında ticarət və investisiya sahəsində kifayət qədər böyük potensial var. Bu potensialın açılması üçün əməkdaşlığın genişlənməsi yaşıl enerji konteksində də mümkündür. Çünki hazırda Avropa Birliyində fəaliyyətdə olan günəş panellərinin 95 faizi Çin istehsalı olan panellərdir. Yəni Pekin bu sahədə də kifayət qədər mühüm yol qət edib. Bu isə Bakı ilə Pekin arasında əməkdaşlığın yeni perspektivlərini yaradır". 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın Çinlə əməkdaşlığının siyasi, iqtisadi, daşımalar sahəsində genişləndiyini bildirib. 

Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli həcmdə böyüyüb. Belə ki, bu rəqəmlər 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar idisə, 2023-cü ildə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, ikinci ən böyük idxal mənbəyidir. 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla