AZ

Rüşvət alan işçiylə bağlı görülməli tədbirlər - 55 manata qədər məbləğ rüşvət sayılmır?

Bəzən şirkət işçiləri içərisində rüşvət alanlar ola bilir. Şirkətlər rüşvət alan işçini müxtəlif variantlarla cəzalandırırlar. Bu, pul cəzası və ya işdən qovulma ilə nəticələnə bilir. Bəs maraqlıdır, rüşvət alan işçiyə qarşı hansı tədbirlər görülməlidir? İşçinin aldığı rüşvətin məbləğinin bu qərarda rolu varmı?

Bu barədə Valyuta.az-a danışan hüquqşünas Şamil Paşayev deyir ki, əgər işçi rüşvət alırsa, bununla bağlı xidməti yoxlama aparılmalı və yoxlama nəticəsində bu fakt təsdiq olunarsa, həmin şəxsin barəsində intizam-tənbeh tədbiri tətbiq edib, işdən azad etmək lazımdır:

“Bundan əlavə, əməldə cinayət tərkibinin olmasını güman edən əsaslar varsa, bu əsaslarla işdən çıxarılırsa, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına, prokurorluğa göndərilməlidir. Amma həmin işçinin aldığı rüşvət ehtimallara əsaslanırsa, dəqiq deyilsə, onun işdən azad edilməməsi də mümkündür. Ona həmin şübhələrə əsas verdiyinə görə intizam-tənbeh tədbiri tətbiq etmək olar”. 

İşçinin aldığı rüşvətin məbləğindən danışan hüquqşünas “55 manata qədər alınan pul rüşvət deyil” yanaşmasına da aydınlıq gətirdi: “55 manata qədər xırda qonaqpərvərlik anlayışı var. Bu, bizdə səhv başa düşülür. Elə bilirlər ki, bu, rüşvətin məbləği ilə bağlıdır və bu məbləğə qədər pulu qəbul etmək olar. Əslində, belə deyil. 55 manata qədər alınan pul da rüşvət sayılır. Bu məbləğə qədər olan xırda qonaqpərvərlik şəxsin işinə aid olmayan, onun xidməti fəaliyyəti ilə bağlı bir araya sığmayan hərəkət olmadıqda, yəni, sadəcə həqiqətən səmimiyyət əsasında olarsa, bu, rüşvət deyil, sadəcə şəxsin özünün hədiyyəsi kimi qəbul olunur. Bu məbləği qəbul edən şəxs də rəhbərliyinə məlumat verməlidir. Əgər məlumat verməsə, bu da intizam məsuliyyətinə səbəb ola bilər”.

Əvəz Həsənov

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla