AZ

Musa Qurbanlı “Yurqorden”i yayda tərk edəcək

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı cari mövsümün sonunda – bu yay İsveçin “Yurqorden” klubundan ayrıla bilər.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu bu barədə “Fotbollskanalen” nəşrinə açıqlamasında bildirib.

Forvard mövsümün sonunda komandasını dəyişə biləcəyini istisna etməyib: “Mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. İndi “transfer pəncərəsi” bağlıdır və heç nə edə bilmərik. Yayda nələr olacağını birlikdə görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var”.

Qeyd edək ki, Musa Qurbanlı İsveç çempionatının yeni start götürmüş 2024-cü il mövsümündə cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub. Son iki oyunda isə azərbaycanlı futbolçunun adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib.

Bu məsələ hazırda İsveç mətbuatına da geniş müzakirə olunur. Təsadüfi deyil ki, komandanın baş məşqçisi Tomas Lagerlöf də isveçli jurnalistlərin bununla bağlı sualına cavab vermək məcburiyyətində qalıb:

“Yalnız 20 oyunçunun iştirak ərizəsinə düşməsi acınacaqlı hal yaradır. Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var idi. Bunların daha yaxşı alternativ olduğuna qərar verdik. Musa hazırda çətin duruma düşüb. O, bir az depressiyaya düşmüş kimi görünür. İndiki durumda kənarda qalmaq dezavantajdır. Əminəm ki, Musa vəziyyətdən çıxa biləcək. Başa düşürəm ki, ağırdır. Bunun əziyyətini isə hamımız çəkirik”.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
63
18
Mənbələr
Şərh ()
Bağla