AZ

Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi artıq başlayıb. İlk sərhəd dirəyi basdırılıb. Ölkə başçısı da qeyd edib ki, sərhədlərin 10-12 km-lik hissəsi artıq dəqiqləşib. Heç bir problem olmasa, məsələ bu müstəvidə də yekunlaşacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili hesab edir ki, bu addım Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımların möhkəmlənməsinə xidmət edir:

"Sülh prosesi çoxdan başlayıb. Danışıqlar gedir, sülh müqaviləsi ətrafında tərəflər işləyir. Xarici işlər nazirləri, baş nazirlərin müavinləri qarşılıqlı müzakirələr aparır”.

Deputat Azərbaycan Prezidentinin də açıqladığı kimi Ermənistanla sülhün bir addımlığında olduğumuzu söyləyib:

“Sülh üçün baza prinsiplərini razılaşdıraraq, çərçivə müqaviləsinin əldə olunması mümkündür. Daha sonra isə yerdə işləri icra etmək asan olacaq. Eyni zamanda ikitərəfli münasibətləri qaydaya salmaq üçün bir çərçivə müqaviləsi deyil, gələcəkdə onlarla bu tip razılaşmaların əldə edilməsi ehtimalı var”.

Rasim Musabəyov Qazaxla sərhəddə Almatı razılaşmasına uyğun olaraq delimitasiyanın aparılmasının əhəmiyyətinə toxunub:

“Sadəcə olaraq burada Almatı razılaşması ümumi şəkildə inzibati sərhədləri dövlətlərarası sərhəd kimi tanımaq çağırışıdır. Reallıqda bu tətbiq edilərkən, təbii relyef və digər amillər nəzərə alınır. Sovet dövründə inzibati sərhədlərə yanaşma birmənalı idi. Dövlətlərarası sərhədlərə isə ayrı yanaşmalar var. Ona görə də, dövlət başçısı qəti olaraq bəyan etdi ki, heç bir əlavə şərh ola bilməz. Çünki sovet dövründə yolun Azərbaycan və Ermənistan ərazisindən keçməsinin heç bir fərqi yox idi. İndi isə vəziyyət başqadır”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla