AZ

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu - REPORTAJ

Təbii ki, bu oyun formal xarakter daşıyırdı. “Neftçi”nin ilk matçda buraxdığı 4 qolun əvəzini çıxması üçün möcüzə lazım idi.

Qurban Qurbanov izləməyə alışdığımız, Miodraq Bojoviç isə müəyyən rotasiyalar etdiyi heyətlə döyüşmək fikrində idi. Bu mənada “çərçivə”də Rzanı yox, monteneqrolu mütəxəssisin dövründə ilk dəfə İvan Brkiçi gördüyümüzü xüsusi qeyd etməliyik. Emin Mahmudovun oyunöncəsi məşqdə topuğunda ağrı hiss etdiyinə görə meydana çıxa bilməməsi “Neftçi” azarkeşləri üçün bəd xəbər oldu.

“Qarabağ” ilk dəqiqələrdən təzyiq göstərməyə başladı. Ağdamlılar hesabı erkən açmaq istəyirdi. “Neftçi”yə isə ani boşluqlardan mərahətlə istifadə etmək qalırdı. “Ağ-qaralar” ilk belə fürsəti 10-cu dəqiqədə əldən verdi. Kontenin qapıya tələsik zərbəsi yumşaq alındığından Lunyova yük düşmədi. Bundan sonra bakılılar daha bir neçə dəfə irəli atılmaq istəsə də, rəqibi geri oturtmaq “Qarabağ”ın müdafiəçiləri üçün çətin deyildi. Romao Koffinin qəbul edə bilmədiyi topu Torala, Bayramov isə Juninyoya çatdırdı. Fransalı hücumçu təkbaşına irəliləyək “çərçivə”ni dəqiq nişan aldı ki, 15-ci dəqiqədə hesab açdı. Bir neçə dəqiqə sonra Rəhman hesabı bərabərləşdirə bilərdi. Lakin onun uzaqdan zərbəsi fayda vermədi. 22-ci dəqiqədə diqqətçəkən hadisə yaşandı.

Belə ki, Lunyov Azərin qapı önünə ötürməsinə müdaxilə edərək topu önə çıxardı. “Qarabağ” futbolçuları dərhal hücuma keçdi. Epizod hələ tamamlanmadan Əliyar Ağayevin fiti səsləndi. Referi oyundankənar vəziyyət olduğunu düşünərək oyunu dayandırdı. Benzya buna məhəl qoymadan Zubirin ötürməsini qolla tamamladı. İş orasındadı ki, həmin anda ofsayddan söhbət gedə bilməzdi. Çünki Matias mümkün ofsaydı pozurdu! Görüşün davamında “Neftçi”nin cəsarətsiz çıxışı gözdən qaçmadı. Bakılılar ümumi hesabın 0:5 olmasına baxmayaraq, kəsərli hücum qurmaqda aciz idi. Bir neçə dəqiqə sonra Kontenin üçüncü kobud səhvi qeydə alındı. O, qeyri-dəqiq ötürmə ilə topu Juninyoya “bağışladı”. Dərhal irəli atılan hücumçu topu Benzyaya çatdırsa da, sonuncu fürsətdən yararlana bilmədi. “Qarabağ”ın növbəti cəhdinə Matias mane oldu. O, Benzyanın qapıya zərbəsinə müdaxilə edərək topu meydandan çıxardı. Ümumiyyətlə, 1-ci hissədə həm hesab, həm də oyun baxımından “Qarabağ” üstün idi. Buna əmin olmaq üçün Bojiviçin simasına baxmaq kifayət edirdi!

2-ci hissədə ilk təhlükəli vəziyyəti “Neftçi” yaratdı. Ozobiç dəqiq ötürməylə yadda qaldısa, Lunyovun müdaxiləsi Şinyaşikinin cəhdini puç etdi. Bədavinin “çərçivə”ni nişan almasına mane olması braziliyalı hücumçunu çaşdırdı. Bundan sonra Ağadadaş fərqlənmək imkanını əldən verdi. O, Bədavini aldatmağa çalışarkən rəqibin təcrübəsinə məğlub oldu. “Ağ-qaralar”ın ən kəsərli cəhdinə 52-ci dəqiqədə şahidlik etdik. Juninyodan topu alan Ozobiç dərhal Mirzova ötürmə etdi. Lakin sonuncunun uzaqdan zərbəsi qapının üzərindən keçdi. 62-ci dəqiqədədə Qara kobud səhvə yol verdi - Veşoviçin qapı önünə ötürməsini uzaqlaşdırmaq əvəzinə topu “çərçivə”yə saldı. Halbuki müdaxilə olmasaydı, epizodun qolla nəticələnməsi ehtimalı az idi. “Qarabağ”ın fərqin artmasına sevinmək üçün vaxtı çox olmadı. 2 dəqiqə sonra Salyanski – Şinyaşiki – Mirzov kombinasiyası sonuncunun fərqi azaltmasıyla nəticələndi. Bundan sonra “Qarabağ”ın heyətində əvəzetmələr oldu. “Yeni qan” “köhlən atlar”ı bir az da canlandırdı. Belədə bütün gücüylə hücuma keçən ağdamlılar daha iki qol vurdu. 70-ci dəqiqədə Juninyo, 77-ci dəqiqədə Axundzadə fərqləndi. “Qarabağ” bakılıları iki oyunun cəmində 8:1 məğlub etməklə kubokun finalında “Zirə”yə rəqib oldu. Xatırladaq ki, “Zirə” – “Qarabağ” oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək.

KƏNAN BAHADIR

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla