AZ

Qəfil ölümlərin səbəbi bu imiş - Nəhayət, AÇIQLANDI

“Son illər ürək-damar xəstəliklərinin, qəfil ölümlərin sayının artması və xüsusilə də bu halların daha erkən yaşda baş verməsi bir çox insanların qida rejiminə, eyni zamanda sağlam həyat tərzinə riayət etməməsinin göstəricisidir”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. O, ani ölümlərin əsas səbəbini belə qeyd edib:

"İnsanlar əksərən mənşəyi bəlli olmayan yağlardan, balanslaşdırılmamış qidalanmadan və rəf ömrü uzun olan paketlənmiş məhsullardan, bununla yanaşı, qazlı və rəngli içkilərdən istifadə edirlər. Belə olan halda, orqanizmin normal, təbii doyma hissi bəzən itir ki, davamlı olaraq qəbul olunan qida artıq kalori yaradır. Artıq çəki, piylənmə, qanda yağların səviyyəsinin yüksək olması, eyni zamanda şəkər balansının pozulması kimi hallar hipertaniyaya, ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. 

Mənşəyi bəlli olmayan yağlardan gündəlik istifadə damarlarda sərtləşmə, qalınlaşma yaradır. Bu da ürək-damar tıxanıqlığına səbəb olur. Eyni zamanda zərərli vərdişlərdən, siqaret və alkoqoldan istifadə etmək orqanizmdə problemlərin özünü büruzə verməsi ilə nəticələnir. Xüsusilə, insan erkən yaşlarda bu kimi alışqanlıqlardan istifadə edirsə, 40 yaşa qədər ürək-damar problemlərinin ortaya çıxması qaçılmaz olur”. 

Ekspert sağlam və uzun ömür yaşamağın sirrini də açıqlayıb: 

“Bütün bunlardan özümüzü sığortalamaq istəyiriksə, ilk növbədə düzgün qidalanmağa riayət etməliyik. 25 yaşa qədər orqanizm gün ərzində düzgün miqdarda 2-3 dəfə əsas yemək qəbul etməlidir. Mütləq şəkildə qəbul etdiyimiz qidalar sırasında mövsümi və yerli meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Onlar həm liflidir, həm də tərkibində mineral və vitamin daha çoxdur. Yaxşı olar ki, gün ərzində qəbul edəcəkləri məhsullar sırasında daha çox tərkibində maqnezium olan qidaları seçsinlər. Təbii buğda və çovdar unundan hazırlanan çörəklər, yulaf, qarabaşaq bu sıraya daxildir. Eyni zamanda çərəzlərdən badamın da tərkibində maqnezium mövcuddur. Həmçinin, tərkibində kalium olan gavalı, ərik, üzüm, eyni zamanda həmin meyvələrin qurusu, banan, kivi kimi meyvələrlə qidalanmaq lazımdır. Tərkibində Omega-3 olan dəniz məhsulları da həftədə 3 dəfə olmaqla qida rasionumuza əlavə etməliyik. Gün ərzində 7-8 stəkan olmaqla su içməklə, orqanizmdə maye miqdarını artırmaq da vacib şərtdir”. 

M.Hüseynova bildirib ki, mənşəyi bilinməyən, yaxud heyvanmənşəli yağlardan istifadə edilərkən bir neçə önəmli məqamlara diqqət etmək lazım olduğunu vurğulayıb: 

“Mütəmadi olaraq, heyvanmənşəli qidalardan istifadə edilirsə, bu yağların çox qızardılmamasına diqqət etməliyik. Əgər bu baş versə, yağların tərkibində dəyişikliklər yaranır, ortaya çıxan maddələr insan orqanizmi üçün təhlükə törədir. Bu birbaşa olaraq, ürəyi qidalandıran damarların fəaliyyətinə ciddi zərər vurur, onların funksiyasının pozulmasına gətirib çıxarır. 

Ən önəmli məsələlərdən biri fiziki aktivlikdir. Mütləq həftədə 2-3 dəfə mütəmadi hər hansı bir idman növü ilə məşğul olmaq lazımdır. Gün ərzində 30-40 dəqiqə açıq havada gəzmək ürəyin funksiyasını daha da yaxşılaşdırır. Yuxu rejiminə də diqqət etmək lazımdır. Gecə saat 11-dən sonra yatılan fasiləsiz yuxu orqanizm üçün olduqca xeyirli hesab olunur”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla