AZ

Redikülləri məyus edən nədir?

Ölkəmizdəki varlığı ilə yoxluğu bilinməyən redikül müxalifət düşərgəsinin təmsilçilərinin sosial şəbəkələrdən uzağa getməyən “fəaliyyətləri” heç vaxt Azərbaycanın real ictimai-siyasi həyatı, cəmiyyətin sosial sifarişi ilə bağlı olmayıb. Onların sərgilədikləri əməllər, səsləndirdikləri absurd fikirlər bir qayda olaraq Qərbdəki Azərbaycanafob dairələrdən gələn sifarişlərdən və tezislərdən qaynaqlanıb. Pis ənənə indi də davam etdirilir. Bunu ölkəmizdə təkcə son günlərdə baş verən mühüm hadisələrə rediküllərin adekvat münasibət bəsləməmələri bir daha təsdiqləyir.

Beləliklə, bir neçə fakta diqqət yetirək. Hazırda respublikamızda gündəm çox zəngindir. Bir vaxtlar təsəvvürümüzə belə gətirməkdən ehtiyatlandığımız arzularımız bir-birinin ardınca həyata keçir. Ərazi bütövlüyümüzün təmin olunmasından sonra Qarabağda separatizmin kökünün tamam kəsilməsinə şahidlik etdik. Dövlət başçısı şanlı bayrağımızı Xankəndidə, Xocalıda və digər tarixi Azərbaycan torpaqlarında ucaltdı. Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dörd kəndi döyüşsüz azad edib. İki ölkə arasında delimitasiya prosesinə start verilib. Azərbaycanın  və Rusiyanın ali rəhbərlikləri arasında sülhməramlı kontingentin ərazilərimizdən çıxarılması razılaşdırılıb və artıq prosesə start verilib...

Bu kimi məsələlər ətrafında bir vaxtlar Azərbaycanda ciddi müzakirələr aparılırdı, insanlar dərin narahatlıqlarını ifadə edirdilər. Gözlənildiyi kimi, aparılan uğurlu siyasət sayəsində ümummilli ideyalarımızın  gerçəkləşməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılanır. Bu günlərdə paytaxtda və regionlarda vətəndaşlar sevinc hisslərini ifadə etmək və bölüşmək üçün müxtəlif tədbirlərə qatılırlar.

Bütün bunlar başa düşüləndir və təbii qarşılanır. Belə bir məqamda rediküllərin özlərini bəhs olunan mövzulardan kənarda saxlamalarının məntiqi isə əsla başa düşülmür. Bir vaxtlar “hakimiyyət işğala son qoymaq iqtidarında və istəyində deyil”, “nə qədər ki, Xankəndi, Xocalı separatçıların əlindədir, qələbəmiz yarımçıqdır”, “Rusiya sülhməramlıları heç vaxt ərazilərimizdən çıxmayacaq” deyib haray-həşir salan, sadə, vətənpərvər insanların əsəblərini tarıma çəkən rediküllər indi “susmaq qızıldır” prinsipinə keçiblər. Elə təsəvvür yaranır ki, hansısa bir qüvvə onlara uğurlarımız barədə danışmağı qadağan edib. Onlar da bu qadağalara əməl edərək bəhs olunan mövzularda danışmırlar, əvəzində cəmiyyətimizə yenə də neqativlər ötürmək üçün dəridən-qabıqdan çıxırlar.

Əsas ümumilli ideyalarımızın gerçəkləşməsi fonunda rediküllərin gündəm etmək istədikləri mövzular isə çox yersiz görünür. Məsələn, AXCP sədi Əli Kərimli siyasi məhbuslardan danışır. O, özünəməxsus tərzdə yalanlar uyduraraq ölkəmizdə olmayan siyasi məhbusların siyahısını 300 nəfərədək şişirdib. Görəsən, rediküllər konkret cinayət əməllərində təqsirli bilinənləri  hansı meyarlar əsasında “siyasi məhbus” adlandırırlar? Azərbaycan hüquqi dövlətdir. Heç kəsin partiya mənsubiyyəti və yaxud siyasi oriyentasiyası ona toxunulmazlıq statusu vermir. Hər kəs törətdiyi cinayətin cəzasını almalıdır.

Və yaxud götürək AXCP sədrinin və onun çiyindaşlarının “seçki mitinqi” anonsu etmələrini. Təkrar edirik: Hazırda Azərbaycan cəmiyyətinə xoş ovqat hakimdir. İnsanlar bəhs etdiyimiz hadisələrin sevincini yaşamaqdadırlar. Belə bir şəraitdə rediküllərin insanları “seçki mitinqi”nə səsləmələri absurddur. Kim bu çağırışa qoşulacaq? Digər tərəfdən, Əli Kərimli, qondarma “Milli şura”nın digər təmsilçiləri ölkəmizdə əvvəlki və cari ilin fevralında baş tutan seçkilər ərəfəsində passivlik göstərdilər, özlərini mühüm ictimai-siyasi prosesdən kənarda saxladılar. Seçki ajiotajının yaşandığı günlərdə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi rediküllər elə davranırdılar ki, sanki seçkilərdən bixəbərdirlər və marafonun təmsil etdikləri təsisatlara hər hansı bir aidiyyatı yoxdur. Siyasi təsisatlar məhz seçkilər ərəfəsində və seçkilər marafonunda daha yüksək aktivlik sərgiləməlidirlər. O başqa məsələdir ki, rediküllər sosial bazalarının olmadığını gözardı edərək qınlarına çəkilməyə üstünlük vermişdilər...

Bəs görəsən Azərbaycanın möhtəşəm uğurları fonunda redikülləri qəm dəryasına batıran, susmağa məhkum edən səbəblər hansılardır? Suala bəlli Qərb dairələrinin sərgilədikləri anti-Azərbaycan mövqeyinə istinad etməklə cavab verə bilərik. Məsələn, Bundestaqın üzvu, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Frank Şvabe də son günlərdə Azərbaycanla bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. Onun söylədikləri ilə Əli Kərimlinin səsləndirdiyi “tezislər” bütünlüklə üst-üstə düşür. Fərq yalnız Əli Kərimlinin azərbaycanlı, Frank Şvabenin isə alman soyadı daşımasındadır. Ancaq belə görünür ki, onların ikisi də eyni missiyanı yerinə yetirir və ev tapşırıqlarını eyni mərkəzlərdən alırlar...

MÜBARİZ

Seçilən
90
48
Mənbələr
Şərh ()
Bağla