AZ

Azərbaycan xarici amildən asılı olmayan dayanıqlı iqtisadiyyata sahibdir

Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda  çıxışı zamanı bildirib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın milli gəlirlərində xüsusi yer tutan neft-qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Enerji resurslarının düzgün iqtisadi prioritetlərə yönəldilməsi dayanaqlı inkişafın təmin olunması və sosial proqramların uğurlu icrasında mühüm rol oynayıb. Ölkəmizə ilk neft gəlirləri daxil olan zaman yoxsulluq 50 faiz idisə hazırda bu rəqəm 5 faiz təşkil edir. Neft gəlilərinin düzgün idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi qeyri-neft sektorunun inkişafında əsaslı amil kimi çıxış edərək hazırda ölkə iqtisadiyyatında aparıcı yer tutmasına səbəb olub. 

Azərbaycan iqtisadiyyatının inkişafında neft-qaz sektoru ilk illərdə lokomotiv rolunu oynayaraq ölkənin uzunmüddətli inkişafı üçün əsaslı təməllər yaradıb. Ötən illər ərzində neft satışından əldə edilmiş 200 milyard dollara yaxın vəsait hesabına zəruri sosial və kommunal infrastrukturların yenidən qurulması, müxtəlif sahələrə dövlət investisiyalarının cəlb olunması, büdcə gəlirlərinin təmin olunması, qeyri-neft sektorunda mühüm layihələrin həyata keçirilməsi, eləcə də regional və beynəlxalq tipli layihələrin maliyyələşdirilməsi, gələcək nəsillərin ehtiyacları üçün saxlanılan Dövlət Neft Fondunun gəlirlərinin formalaşması təmin olunub. 

Məhz neft gəlirlərinin düzgün və ədalətli bölüşdürülməsi nəticəsində bölgələrdə kommunal xidmət və sosial infrastruktur təminatı yaxşılaşdırılıb, yeni iş yerləri və müəssisələr açılıb, sənaye istehsalının inkişafı məqsədilə sənaye məhəllələri, iri şəhərlərdə sənaye parkları yaradılıb,  bu proseslər əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. 2004-2023-cü illər ərzində 2,5 milyondan artıq yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqının, orta aylıq pensiyanın, minimum əməkhaqqının artırılması istiqamətində dövlət tərəfindən uğurlu sosial proqramlar icra olunub. 

Əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulub, yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunub. Nəticədə yoxsulluq səviyyəsi 2000-ci ildəki 49 faizdən 5 faizə, işsizlik səviyyəsi 6 faizə enibdir.  2003-2023-cü illər ərzində orta aylıq əməkhaqqı 12 dəfə artaraq 77 manatdan 925,3 manata çatdırılıb. Bu illər ərzində minimum əməkhaqqı 38 dəfə artaraq 9 manatdan 345 manat yüksəlib. Orta aylıq pensiyanın məbləği 18 dəfə artaraq 23,8 manatdan 435 manata çatıb. Yaşa görə, orta aylıq pensiya məbləği 19 dəfə artaraq 24,8 manatdan 466 manata çatdırılıb. 2003-2023-cü illər ərzində pensiya üçün dövlətin ödədiyi illik vəsaitin həcmi 30 dəfədən çox artaraq 194,2 milyon manatdan 5 milyard 907 milyon manata yüksəlib. Ümumilikdə, 2003-2023-cü illər ərzində dövlətin sosial təminat xərcləri 20 dəfədən çox artıb.

Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna daxil olub, eləcə də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlib.

Neft resursları həm də ölkənin milli inkişafını və dayanıqlılığını, xarici şoklar və böhranlar zamanı möhkəm immunitetini təmin edib. Qlobal mürəkkəb proseslər və böhranlar zamanı Azərbaycanın makroiqtisadi və maliyyə sabitliyi, eləcə də büdcə gəlirlərinin təmin edilməsində meydana çıxan ciddi risklər fonunda da Azərbaycanın düzgün iqtisadi idar?etmə modeli rese?siyaları neytrallaşdırıb. 2009-cu il qlobal böhranı zamanı neft gəlirlərinin azalması fonunda ölkəmizin gəlirlərində azalma baş versə də maliyyə sektoruna ciddi təsirlər göstərməyib. 2014-cü ildəki qlobal böhran, 2020-ci ilin pandemiyası zamanı da Azərbaycan dövləti özünün güclü maliyyə dayanıqlılığını nümayiş etdirib və sosial sektorlarda insanların rifahına mənfi təsir edən halların qarşısını almaq üçün sosial proqramlar icra edib.

Azərbaycan hökuməti məhz yuxarıda vurğuladığımız riskləri nəzərə alaraq 2015-ci ildən sonra qeyri-neft sektoruna daha xüsusi önəm verməyə başlayıb. Bu siyasətin nəticəsi olaraq ÜDM-də neft sektorunun payı azalıb, qeyri-neft bölməsinin isə payının artması müşahidə olunub. 2023-cü ildə qeyri-neft gəlirləri ÜDM-də 80 milyard manat və ya 68 faizə çatıb. 2024-cü ildə ÜDM-in 84,2 milyard manatının və ya 72 faizinin təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 79 faizə çatacağı proqnozlaşdırılır. Neft-qaz ÜDM-nin payı isə cəmi 21 faiz təşkil edəcək.

 “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digər konseptual dövlət sənədlərinin hazıralanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan özünün iqtisadi güc resursları ilə  iqtisadi-maliyyə ehtiyaclarını tamamilə təmin edə bilən və heç bir xarici amildən asılı olmayan dayanıqlı iqtisadiyyata sahibdir.

ELBRUS

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla