AZ

Son ümid - Premyer Liqa "gümüş"ü

Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vuruldu. Həlledici matçın iştirakçıları bəllidir - "Qarabağ" və "Zirə". "Atlılar" final yolunda "Neftçi" ilə qarşılaşırdılar. İlk oyunda 4:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri cavab matçının da əsas favoriti sayılırdı. Lakin hər zaman olduğu kimi, dünənki matçda da Qurbanovun oyuna olduqca ciddi yanaşdığı aydın görünürdü. Əks tərəfdə isə vəziyyət fərqli idi. Miodraq Bojoviç heyətdə rotasiyalar etmişdi. Bununla da o bir növ bildirir ki, hər şeyi qəbullanıb və matç onun üçün formaldır.

Qarşılaşma gözlənildiyi kimi "Qarabağ"ın üstünlüyü ilə başladı. 16-cı dəqiqədə Juninyo rahatlıqla "Neftçi" müdafiəsini yararaq hesabı açdı. İlk hissə "atlılar"ın üstünlüyü ilə keçsə də, başqa qol olmadı. İkinci qol isə Qara Qarayevin adına yazıldı. Eks "Qarabağ"lı topu öz qapısına göndərərək avtoqol müəllifi oldu. Üçüncü top da "Neftçi"nin futbolçusunun ayağına yazıldı. Mirzov hesab arasındakı fərqi minimuma endirdi. Bu "ağ-qaralar"ın oyunda vurduğu son qol oldu. Matçda digər qolları isə Juninyo (2) və Nəriman Axunzadə vurdu. Beləliklə "Qarabağ" iki oyunun ümumi nəticəsinə görə "Neftçi"ni 8:1 məğlub edərək finala vəsiqə qazandı. Ağdam təmsilçisi "qızıl dubl" etmək niyyətindədir. Ölkə çempionatında qızıl medalları təmin edən komandanın son hədəfi Azərbaycan Kuboku olacaq. Lakin finalın digər iştirakçısı mövsümün iddialı komandası "Zirə" olacaq. Rəşad Sadıqovun yetirmələri kuboku qazanıb Avropa Liqasında iştirak etmək istəyirlər.

"Neftçi"də isə arzu və istəklər tükənmək üzrədir. Baş məşqçi təyin olunanda qarşısında 2 hədəf - kubok və Premyer Liqada gümüş medallar olduğunu deyən Bojoviç dünən bir məqsədinin üzərindən xətt çəkdi. Qarşıdakı 5 tur ərzində komandanın işi maksimum nəticə ilə ikinci yeri tutmaq olmalıdır. Premyer Liqanın son turunda 10 nəfərlə qalan "Zirə"yə məğlubiyyətdən sonra "Qarabağ" qarşısında sərgilənən belə oyunla "flaqman"ın gələcəyi haqda xoş fikirləşmək olmur. Ölkənin ən köklü klubunun bu vəziyyətə düşməsi Azərbaycan futbolu adına üzücüdür.

"Neftçi" azarkeşləri azı bir mövsüm daha kubok həsrətində qalacaqlar. Komanda küskün azarkeşlərini kubokun finalına vəsiqə qazanaraq stadionlara geri qaytara bilərdi, amma olmadı...

Məlik Məlikov
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla