AZ

Sürprizsiz yarımfinal - yaxşı oyunla finala 

Azərbaycan Kubokunda finalçılar məlum olub. “Qarabağ” yarımfinalda “Neftçi”ni, “Zirə” isə “Qəbələ”ni mübarizədən kənarlaşdırıb.

Qəbələ - Zirə 0:2 (ilk oyun 1:2, ümumi hesab 1:4)

Azərbaycan Premyer Liqasında gümüş medal uğrunda mübarizə aparan “Zirə” kubokda da həlledici matça vəsiqə qazanıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv autsayder “Qəbələ”ni yarışdan kənarlaşdırmağı bacarıb. İki oyunda da qələbə qazanan “qartallar” finalda “Qarabağ”la üz-üzə gələcək.

İlk oyunda “Zirə” 2:1 hesablı qələbə qazanmışdı. “Qəbələ”nin birinci matçın son dəqiqələrində vurduğu qol intriqanı saxlamışdı. Düzdür, “qırmızı-qaralar” turnir cədvəlinin sonuncusu olsa da, ölkə kubokunun son qalibi kimi yenə final arzusunda idi. Buna baxmayaraq, oyun planında “Zirə”dən geri qalan bölgə klubu yekunda kubokda da mübarizəni dayandırdı. “Qartallar” yaxşı oyunla səfərdə də üstün tərəf oldu. Oyuna sürətli başlayan “Zirə” fasilədən sonra vurduğu qollarla finala yüksəldi.

“Zirə” ümumiyyətlə, son turlarda müsbət dinamikadadır. “Qartallar” son 7 oyunun 6-da qələbə qazanıb, birində heç-heçə edib. Ardıcıl qələbələr komandanı daha ruhlandırıb, oyunçularda inamı, motivasiyanı artırıb. “Zirə” bu yüksələn qrafiklə davam edərək gümüş medalları qazanmaq arzusundadır. 

“Qəbələ”də isə pis gedişat dayanmır. Çempionatda qələbəyə həsrət qalan “qırmızı-qaralar” kubokda da əliboş qaldı. İki oyunda “Zirə”yə məğlub olan Kaxaber Sxadadzenin komandasının elitada qalmaq şansları da demək olar, sıfıra bərabərdir. “Kəpəz”dən 14 xal geri qalan “Qəbələ”nin fərqi aradan qaldırması mümkünsüz görünür. Azı qarşıdakı bütün oyunlarda qələbə olsa belə, “Kəpəz” mütləq xal itkilərinə yol verməlidir. Gedişat isə əksinədir – “Qəbələ” qələbə qazanana, “Kəpəz” isə bütün matçlarda xal itirənə oxşamır.

Qarabağ – Neftçi 4:1 (ilk oyun 4:0, ümumi hesab 8:1)

Azərbaycan Premyer Liqasında çempionluğunu təmin edən “Qarabağ” kubokda da finala yüksəldi. İki oyunda da “Neftçi”ni böyük hesabla məğlub edən “atlılar” finalın da favoritidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mövsümü iki titulla başa vurmaq arzusundadır. “Neftçi” ilə matçda əsas heyətə şans verən Qurbanov hər oyuna ciddi yanaşıldığını bir daha göstərdi.

“Neftçi”də isə vəziyyət fərqlidir. “Qarabağ”a diş keçirə bilməyən “ağ-qaralar” iki oyuna cəmi bir qol vurdu, hətta hesablasaq, bu oyunlarda heç 10 qol imkanı belə yarada bilmədi… Baş məşqçi Miodraq Bojoviçin təyinatında qarşısına iki hədəf qoyulmuşdusa, indi biri əldən çıxdı. “Neftçi”nin çempionatda gümüş medal qazanmaq şansları davam edir, ancaq bu oyunla “dördlüy”ə düşmək də çətin olacaq.

Şahin Cəfərov
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla