AZ

"Əsl mövsüm indi başlayır" - Murat Dikmən

Şənbə günü basketbol üzrə ölkə kubokunun final oyunu keçirilib.

Həlledici görüşdə “Xəzri” ilə “Neftçi” üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində keçirilən oyun “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb - 65:61 (18:24, 14:15, 21:12, 12:10). Oyundan sonra “Xəzri”nin baş məşqçisi Murat Dikmənin fikirlərini öyrəndik:
“Qazana bilməsək də, bizim üçün dəyərli təcrübə idi. “Neftçi”ni təbrik edir, uğurlar arzulayıram. Bəli, matça istədiyimiz kimi başladıq. Müdafiədə və hücumda qurduğumuz bütün planları həyata keçirdik. Rəqibin nə edəcəyini, hansı oyuna çıxacağını bilirdik. İlk iki çeyrəkdə bunu çox uğurla bacardıq. Üçüncü çeyrəkdən başlayaraq yorğunluq yarandı. Yarımfinalda yerli oyunçulardan Seyidlə Vüqardan aldığımı finalda ala bilmədim. 28 dəqiqə 49 saniyə qabaqda oynamaq onu göstərir ki, nəzarət bizim əlimizdə idi. Son hissədə cəmi 10,36 saniyə geridə qaldıq. Nəzarət tam rəqibin əlinə keçdi, istədiyimiz oyunu göstərmədiyimiz üçün məğlub olduq. Amma bütün basketbolçularımı bir-bir təbrik edirəm. Onlar komandanı bura qədər gətiriblər. Hər birinə təşəkkürümü bildirirəm. Final matçının sərtliyi, ab-havası başqadı. Buralarda çox oynamaq lazımdı. Kubokda təkcə Amil Həmzəyevin təcrübəsi olduğunu düşünürəm. Qalan basketbolçular bir qədər təcrübəsiz idi. Mental baxımdan tükəndilər və çox həyəcanlandılar. Amma bu da bir təcrübədi. Mən kubok finallarında çox oynamışam. Qazandığım, məğlub olduğum çox oyun olub. Artıq alışmışam. Bundan sonra təcrübəmi basketbolçularıma göstərməyə çalışacam. İnanıram ki, önümüzdəki vaxtlarda daha yaxşı çıxış edəcəklər. Önümüzdə "Sabah"la oyun var. İndi ona hazırlayacağıq. Daha sonra pley-offda "Sərhədçi" ilə qarşılaşacağıq. Əsl mövsüm indi başlayır. Mən bura gələndə çempion olmaq, kubok qazanmaq istədiyimi demişdim. Hədəfin böyükdüsə, həmişə uğurlu olursan. Hədəfini böyük tutub, çox işləməlisən. Biz eyni şəkildə yolumuza davam edəcəyik".


GÜNAY SÜLEYMANOVA
Seçilən
74
Mənbələr
Şərh ()
Bağla