AZ

Qondarma “erməni soyqırımı” ideologiyası iflasa uğrayır

109 illik saxta “dəlillər”lə davam edən soyqırım yalanları tənəzzülə uğradı

Ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, bütün dünyada özləri haqqında “əzabkeş millər” obrazı yaratmaq üçün uzun illərdən bəridir ki, hər il aprelin 24-nü “erməni soyqırımı” günü kimi qeyd edirlər. Onlar beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı dövləti erməniləri “soyqırımı”na məruz qoyub.

Tarixdən məlumdur ki, əslində “erməni soyqırımı” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Belə ki, böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi.

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Gerçəklik bundan ibarətdir ki, son vaxtlar Ermənistan hakimiyyətinin əsl həqiqətləri qəbul edərək bəzi məsələlərdə olduğu kimi, qondarma “soyqırımı”na da baxışının dəyişməsi müşahidə olunmaqdadır.  Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə qondarma “erməni soyqırımı”nın 109-cu illiyi ilə bağlı yayımladığı mətndə ermənilərin bu məsələdə hər zaman xarici amillərə diqqət çəkdiyi, lakin daxili prosesdə və ictimai sferada mövzunun aydınlaşdırılmalı olduğu qeyd edilir. Həmçinin mətndə məlum hadisə “böyük fəlakət” adlandırılır. N. Paşinyan “soyqırımı” ifadəsi və “ermənilərin vətəndən qovulması” ifadələrinin səhv anlaşıldığını bildirib. Baş nazir, həmçinin insanları həmin hadisə ilə Ermənistan Respublikası arasındakı əlaqəni düzgün dəyərləndirməyə çağırıb.

Təsadüfi deyil ki, bundan əvvəl də N.Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının gənc üzvləri ilə görüşündə 1915-ci il hadisələrindən danışarkən bir dəfə də olsun “soyqırımı” ifadəsini işlətməmişdi.

Məsələ ilə bağlı Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan “Azadut­yun” (“Azadlıq”) radiosunun erməni xidmətinə bildirib ki, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir: “Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”. O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırım Muzeyinin divarlarına həkk edilməsini əlavə edib.

Əslində A.Koçaryan demək istəyir ki, ermənilərin iddia etdikləri 1,5 milyon er­məninin soyqırıma məruz qalması faktı şübhəlidir. Çünki öldü­rülənlərin siyahısı əldə yoxdur: “1915-ci ildə öldürülənlərin heç bir siyahısına malik deyilik. Bu siyahının hələ də əlimizdə olmaması normaldır? Niyə yəhudilər Holokost faciəsində qətlə yetirilənlərin adlarını bir-bir yığa bildilər, amma biz edə bilmədik? 1,5 milyon erməninin soyqırıma məruz qalması şübhə doğurur”. A.Köçərayan əlavə edib ki, Sərdarabaddakı soyqırım muzeyinə etibar yoxdur.

Keçmiş xüsusi təyinatlı səfir Edmon Marukyan açıq şəkildə bəyan edib ki, Ermənistanda “soyqırım” müzakirələri genişlənərsə, bu, “erməni soyqırımı”nı tanıyan dövlətləri çətin vəziyyətə salacaq.

Təbii ki, bütün bunlar hələ də irqçilik düşüncəsindən əl çəkməyən Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Məsələn, erməni türkoloq Mqer Abramyan bildirib ki, baş nazir Nikol Paşinyanın qondarma “erməni soyqırımı” ilə bağlı mesajı bu günə qədər Ermənistan rəhbərliyinin hadisənin ildönümü ilə bağlı paylaşdığı ən biabırçı mətn idi. M.Abramyan xüsusilə baş nazirin “soyqırımı” ifadəsindən daha çox “fəlakət” sözünü işlətməsinə diqqət çəkib: “Mətn demək olar ki, tamamilə türkyönümlüdür. Hadisənin sadəcə Osmanlıda törədildiyi qeyd edilir, amma türklər tərəfindən edildiyi deyilmir. “Soyqırımı” sözündən daha çox “böyük fəlakət” ifadəsi qeyd edilir və dəfələrlə təkrarlanır. Onun beynəlxalq ictimaiyyətdə tanınması və təbliğatı ilə bağlı isə mətndə bir kəlmə də yoxdur. Elə başa düşülür ki, sanki “soyqırımı”nın baş verməsində ermənilər günahkardır. Bu o deməkdir ki, Ermənistan bütün istiqamətlərdə uduzdu və itki verməyə davam edir”.

Zahid Rza, “İki sahil”

Seçilən
96
23
Mənbələr
Şərh ()
Bağla