AZ

Qurban Qurbanov: "Klubun razılığı olmasa, oyunçu harasa gedə bilməz"

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Yenidən finala vəsiqə qazandılar. Ölkə kuboku əlavə prestijdi. Hər bir futbolçu kuboku qaldırmaq istəyər. Oyundan razı qaldım. "Neftçi"yə uğurlar arzu edirəm.

- Çempionluq əldə olunub. Fikrinizdə yayda edə biləcəyiniz taktikaları qarşıdakı oyunlarda tətbiq etməl var?
- Böyük dəyişiklik etmək fikrində deyilik. Düşündüklərimizi yerinə yetirməyə çalışırıq. Bu gün nəyisə təkmilləşdirməyə şansımız varsa, oyunçulardan tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Oyunun gedişində hər hansı dəyişikliklər ola bilər. Amma onların fikrini qarşışdırmaq istəmirəm. Öncəliklə rəqibə uyğun çıxış etməliyik. onlara meydanda çıxış etməyə imkan verməli dyeilik.

- Juninyonun komandadan gedəcəyi deyilir...
- Elə bir problem görmürəm. Futbolçuların bir çoxunun müqaviləsi var. Klubun razılığı olmasa, oyunçu harasa gedə bilməz. Ola bilər, oyunçular həvəsli olsun. Amma hər birinin müqaviləsi var. Juninyo da onlardan biridir. O burda olmaqdan razıdır. Rəsmi olaraq belə bir şey yoxdur.

- Kənardan elə görüntü yaranırdı ki, oyunçular daha baxımlı qol vurmaq istəyirlər. Həmçinin mərkəzdən rəqibin müdafiəsini yarmağa çalışırdılar. Belə tapşırığınız var idi?
- Rəqib hansı zonadan imkan verirsə, istifadə etməyə çalışırıq. Oyunun mərkəzindən hücuma keçmək planlarımız daxilində idi. Rəqib imkan verdiyi qədər istifadə etməyə çalışdıq. Bəzən alındı, bəzən yox.

- Musanın "Qarabağ"a qayıtmaq ehtimalı var?
- Hazırda müzakirə olunmur. Onlarda ilk dövrə yeni başlayır. Düşüncəmiz komandamızın optimal formada mövsümü başa vurmasıdır. Transfer dönəmi gələndə müzakirə oluna bilər.

- Çempionatda klub sayı artırlması müzakirə olunur. İK-nın üzvü kimi, bu haqda fikirlərinizi almaq maraqlı olardı
- Burada fikir bildirsəm, düzgün olmaz. Daha əvvəl bildirmişdim ki, sayın artması vacibdir. Lakin bundan əvvəl keyfiyyətdir. Sayı artırıb sonra komanda problem yaşayacaqsa, düzgün olmaz. İşi görəndə keyfiyyətli görmək lazımdır. Tam məlumatım yoxdur bu barədə. Amma dediyim kimi tərəfdarıyam ki, say çoxalsın. Belə olduqda azarkeş sayı, futbola sevgi artacaq. Amma buna qədər bəzi elementləri müzakirə etmək lazımdır.

- Türkiyə mətbuatında adınız "Beşiktaş"la hallanır. Buna fikirləriniz nədir?
- Bu barədə fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Bu normal prosesdir. Hazırda rəsmi bir şey yoxdur. İndi bu klubdayam, "Qarabağ"a bağlıyam. Özümüzdə bunu müzakirə etsək, yaxşı olar. Bu cür fikirlərdən uzaq olmağı xoşlayıram. Qərar qəbul olunduqdan sonra bunu müzakirə etmək istəyirəm. Bəzən məlumatları ucuzlaşdırmaq lazım deyil. İstəyirəm ki, sizdə daha dəqiq məlumat olsun, ondan sonra müzakirə edək. Bu az müzakirə olunsa, daha yaxşı olar. Sağ olsunlar. Bu Qurbanın yox, Azərbaycan futbolunun tanınması deməkdir.

- Finalda müəllim-şagird qarşılaması olacaq. "Zirə" ilə oyun haqda nə deyə bilərsiniz?
- Meydandan rəqibik. Amma kənarda dostuq, müəllim-şagird deyilik. Müəllim, hoca deyərək müraciət edirlər, amma bu gün "Zirə"ni Rəşad idarə edir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəldə qarşılaşdıq, penaltilərdə qalib gəlmişdik. Düşünürəm ki, maraqlı oyun olacaq.

- İK-nın üzvü olduğunuz üçün cavab verərdiniz. Sizcə, millini uğura yerli ya əcnəbi məşqçi apara bilər?
- Tək fikir bildirmək düzgün olmaz. Müzakirə olunmayıb, amma kənardan eşitdiyimə görə bu məsələ həll olunub. Bildiyimə görə məşqçi əcnbidir. İnanın sizdə olan məlumatın eynisi məndədir. Bəlkə də, İK-nın üzvü olmasaydım, fikir bildirmək daha rahat olardı.

Məlik Məlikov
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla