AZ

Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..

"İvanov Müdafiə Nazirliyi obyektlərinin inşası və əsaslı təmiri məsələlərinə cavabdeh olub..."
 
"Rüşvət yalnız publika üçündür, İvanova qarşı dövlətə xəyanət maddəsi hazırlanır..."
 
Moskvanın Basman rayon Məhkəməsi Rusiya müdafiə nazirinin müavini Timur İvanovu iyunun 23-dək İstintaq Təcridxanasına göndərib. O, xüsusilə böyük həcmdə rüşvət almaqda ittiham edilir və 15 ilədək azadlıqdan məhrum edilə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
"İstintaqın versiyasına görə, İvanova qarşı RF CM-in 290-cı maddəsinin 6-cı bəndində nəzərdə tutulan cinayətin (xüsusilə böyük həcmdə rüşvət alınması) törədilməsi ittihamı irəli sürülüb.
 
Rusiya müdafiə nazirinin müavini vəzifəsində olaraq İvanov Müdafiə Nazirliyi obyektlərinin inşası və əsaslı təmiri məsələlərinə cavabdeh olub", - məlumatda deyilir
 
İstintaq güman edir ki, İvanov "üçüncü şəxslərlə cinayət əlaqəsinə girərək əvvəlcədən onlarla mütəşəkkil cinayətin törədilməsində-Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodratçı işlərin aparılmasında əmlak xarakterli xidmətlərin göstərilməsi formasında xüsusilə böyük məbləğdə rüşvət alınması üçün əlbir olub".
 
İş materialları şahidlərin ifadələrinə və operativ tədbirlərin nəticələrinə əsaslanır. Bu gün üçün İvanov rüşvətlə bağlı iş üzrə günahını etiraf etməyib.
 
Müdafiə nazirinin müavini  barəsində cinayət işi FTX-nın əkskəşfiyyatı tərəfindən aparılır.
 
Məlumatda həmçinin İvanovun yaxın dostu Sergey Borodinin də həbs edildiyi deyilir. O, 18 şirkətin sahibi olub. Şirkətlərdən birinin bütün hesabları bloklanıb.
 
Hazırda Timur İvanov altı şirkətin sahibidir, onlardan üçü tamamilə özünə məxsusdur. Bundan öncə o, müdafiə naziri müavininin həyat yoldaşı Svetlana ilə istehlak kreditlərinin verilməsi ilə məşğul olan maliyyə şirkətinin təsisçilərindən olub.
 
Hazırda firma işləməkdə davam edir, lakin Borodin və İvanov daha onun təsisçiləri deyil. İvanovun həyat yoldaşı Svetlana hazırda naməlum yerdədir, telefon zənglərinə cavab vermir.
 
Borodinin oğlu bəyan edib ki, atası ilə bu ərəfədə ünsiyyətdə olub, bazar günü birlikdə restorana gediblər. Müdafiə nazirinin müavini və onun yaxın dostunu hər hansı ailə tədbirlərində görməyib.
 
Timur İvanovun 49 yaşı var. 1999-2012-ci illərdə yanacaq-energetika kompleksinin müəssisələrində, sonradan Moskva vilayəti hökumətində işləyib. 
 
2013-2016-cı illərdə "Oboronstroy"-un baş direktoru vəzifəsində çalışıb.
 
2016-cı ilin mayında Rusiya prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin edilib.
 
İvanov qoşunların mənzil təminatı, nazirliyin obyektlərinin inşaat və əsaslı təmiri və hərbi ipoteka məsələlərinə cavabdeh olub. Həmçinin Silahlı Qüvvələrinin Baş Məbədinin tikintisi məsələləri ilə məşğul olub.
 
Timur İvanov ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyaları altındadır.
 
"Rüşvət yalnız publika üçündür, İvanova qarşı dövlətə xəyanət maddəsi hazırlanır", - bu barədə FTX-ya yaxın olan mənbələr "Vajnıye istorii" ("Mühüm tarixçələr") nəşrinə bəyan edib.
 
"Rüşvət yalnız publika üçündür, hələlik dövlətə xəyanətdən danışmaq istəmirlər, böyük qalmaqal ola bilər, hər halda müdafiə nazirinin müavinindən söhbət gedir", - həmsöhbətlərdən biri deyib.
 
Onların sözlərinə görə, İvanovu heç kim korrupsiyaya görə saxlamaz, Kremldə bu barədə hamı məlumatlı olub.
 
"Putini söhbətin məhz dövlətə xəyanətdən getdiyinə inandırmaq mümkün olandan sonra o, buna göstəriş verib", - digər həmsöhbət deyib.
Seçilən
114
44
Mənbələr
Şərh ()
Bağla