AZ

“Vəzifənizdən istefa verin, “Neftçi” xalqındı” - “Zirə”yə məğlubiyyət azarkeş qəzəbini alovlandırdı

Misli premyer-liqasında durum qarışıqdı.


Çempion bəlli olsa da, 2-ci yer uğrunda gərgin mübarizə gedir. Vəziyyət elədi ki, 7-cı pillədə qərarlaşan “Turan Tovuz”un belə Konfrans Liqasında oynamaq ehtimalı var. Əlbəttə, ötən həftənin cümə gününə qədər bu yöndə ümid daha çox idi. Lakin “Sumqayıt”ın həlledici matçda “bozqurd”u evində darmadağın etməsi tovuzluların yuxusunu qaçırdı. Belədə “Sumqayıt” xal ehtiyatını artıraraq şanslarını qorudu. Növbəti mühüm matç isə Zirədə keçirildi. Burda qeydə alınan nəticə də futbol ictimaiyyətində çaşqınlıq yaratdı. Azlıqda qalan “qartallar”ın “ağ-qaralar”ı 3:1 hesabıyla məğlub etməsi çoxunu təccübləndirdi.Ona görə yox ki, hamı qonaqlardan qələbə gözləyirdi. Axı “qartallar” xüsusilə son həftələrdə “artırıb”. Sadəcə, “Turan Tovuz”un tarixində ilk dəfə evdə böyük hesabla uduzması, “Neftçi”nin 10 nəfərlə mübarizə aparan “Zirə”dən iki qol buraxması proqnozların çərçivəsindən çıxır. Qısası, 31-ci tur “Turan Tovuz”la “Neftçi” üçün “qorxulu yuxu” oldu. Acı məğlubiyyət “Neftçi” azarkeşlərinin çoxdan yanan qəzəb alovuna “benzin tökdü”. Tərəfdarlar ənənəvi olaraq klubun rəsmi sosial şəbəkə hesablarına “hücum çəkdi”.

Klubun idman direktoru Yens Anderssonun mətbuat konfransını xatırladıq. Axı o, azarkeşlərə səslənmiş, “Zirə” ilə matçda komandanı tək qoymamalarını istəmişdi. İndi məğlubiyyətin səbəbkarını axtaranlar həmin tərəfdarları da suçlayır. İddia edilir ki, onlar kollektivin yanında olsalar, nəticə fərqli ola bilərdi. Görəsən, azarkeşlər bununla razılaşırmı? Onlar belə durumu necə şərh edir?

Əvvəl “Forza Neftçi”nin rəhbəri Səccad Abbasovu dinləyək:
“Bəli, utandırıcı nəticələr davam edir. Balıq başdan iylənər. Meydandakı nəticələrin səbəbi elə klubun idarə olunmasyla eynidi. “Neftçi” yiyəsiz qalıb. O boyda Müşahidə Şurası yaradılıb. Hamısı da sözü keçən insanlardı. Yəni onların öz sahəsində böyük insanlar olduğun bilirik. Kaş ki, elə öz sahələrində qalaydılar. Çünki “Neftçi”yə belə saymazyana yanaşmaq xoş deyil. Biz bu komandaya illərimizi vermişik. “Neftçi”nin meydandakı əzəmətini qaytara bilmirsiz, heç olmasa, adını yerini dibinə soxmayın. İşi peşəkarlara həvalə edib, vəzifənizdən istefa verin. “Neftçi” xalqındı”.


“Forza Neftçi”nin üzvü Tural Alışov isə boykot qərarından dönməyəcəklərini dedi:
“Yaxşıya doğru dəyişən heç nə yoxdu. Əksinə, hər şey pisə doğru gedir. Boykot qərarımızdan dönməyəcəyik. Səbəblər bəllidi. Məncə, bu haqda geniş danışmağa ehtiyac yoxdu. Həmin səbəblər həll olunmadıqca qərarımızdan dönməyəcəyik. Səhvlər çoxdu və sayı sürətlə artır. Eyni sözləri təkrarlamaqdan bezmişik. Ölkədə hər kəs “Neftçi”nin problemlərini bilir. Hətta bu komandanın avrokuboklara vəsiqə qazanacağına inanmırıq. Əlbəttə, belə hal faciədi. Nə edək? Məntiqi sonluq belədi. İdarəçilikdə dəyişikliklər olmadıqca daha betər şeylər olacaq. Hə, mümkündü ki, komanda 2-3 qələbə qazansın. Amma bu, hər şeyin geridə qaldığı mənasına gəlmir. Lap “Zirə”yə qalib gəlsəydik belə, fikrimizdən dönməyəcəkdik”.


KƏNAN BAHADIR
Seçilən
89
Mənbələr
Şərh ()
Bağla