AZ

Rəşad Sadıqov: "Hər komanda titul qazanmaq istəyir"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda keçirilən "Qəbələ" - "Zirə" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Futbolçularımı təbrik edirəm. İlk matçın son dəqiqələrində buraxdığımız qol rəqibə əlavə motivasiya verirdi. "Qəbələ" cəbhəsinin geridə qalan üç həftə ərzində verdiyi açıqlamalar da, bizdə əlavə narahatlıq yaradırdı. Maksimum konsentrasiya olmağa çalışdıq. Çünki bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Bilirik ki, Kaxaber Tsxadadze arxadan oyun qurmağı, topa nəzarət etməyi sevir, kombinasiyalı futbola üstünlük verir. Biz də çalışırdıq ki, pressinq tətbiq edək və onlara hücum qurmaqda problem yaradaq. Müəyyən səviyyədə alınırdı, hardasa da rəqib pressinqdən çıxırdı. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Şükür Allaha, alındı. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Bu da bizi sevindirir. Çox güc sərf etdik. Dörd gündən sonra bizi  mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Məcburuq ki, kubok matçını tez unudaraq çempionat görüşünə köklənək.

- Böyük ehtimalla, finaldakı rəqibiniz "Qarabağ" olacaq. Belədə, kuboku qazanmaq xəyalınız çətinə düşmür?
- Məqsəd, hədəf var. Hər komanda mövsümü titulla başa vurmaq istəyir. Xüsusilə də, bu mövsüm. Biz də istəyirik ki, mövsümü titulla başa vuraq. Çünki finala qədər ağır yoldan keçdik. Yeganə komandayıq ki, 1/8, 1/4 və yarımfinalda yüksək liqa klubu üzərində qələbə qazanmalı olduq. İstəyirik ki, finalda da qazanan tərəf biz olaq. Rəqibimiz bu gün məlum olacaq. Həqiqətən, indi final haqda düşünmürəm. Dörd gündən sonra "Araz-Naxçıvan"la vacib oyunumuz var. Kuboku kənara qoyub, çempionat barədə düşünəcəyik. Rəhbərliyin qarşımıza qoyduğu bir hədəf var, avrokuboklara düşmək. İstər kubok, istərsə də çempionat yolu ilə. Amma çempionat elə keçir ki, "Neftçi" üzərində qələbə qazanırsan, digər tərəfdən rəqiblər də üç xal əldə edir. Hansısa üstünlük yarada bilmirsən. Görünən odur ki, bizi çox gərgin sonluq gözləyir. Qarşıdakı oyunları fikirləşirik. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Finala qədər beş oyunumuz var və maksimum yaxşı nəticə üçün çalışacağıq. 

Şahin Cəfərov
Seçilən
93
11
Mənbələr
Şərh ()
Bağla