AZ

"İstənilən rəqib finalda "Qarabağ"a qalib gələ bilər" - Kərimov

Bu gün Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutacaq. Günün ilk matçında "Qəbələ" "Zirə"ni, digər qarşılaşmada isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Ağdam təmsilçisi ilk oyunda rəqibinə 4:0, Rəşad Sadıqovun yetirmələri isə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov "FutbolPress"ə açıqlamasında hər iki matçla bağlı gözləntilərini bölüşdü:

"Qarabağ" - "Neftçi" matçından çox danışmağa ehtiyac yoxdur. Çünki nəticə ortadadır, Ağdam təmsilçisi finala çox yaxındır. Kubokda "Neftçi"nin şansları yoxdur. Mərhələnin digər cütündə isə şanslar yar-yarıyadır. "Zirə"nin 1 top irəlidə olmağına baxmayaraq hər şey dəyişə bilər. "Qəbələ"  bir qol vurub hesabda irəli keçərsə, oyunun axarı dəyişə bilər. Hər iki komanda son turda yaxşı oyun sərgiləyib, bu matçın da gərgin keçəcəyi gözlənilir. Kubok oyunu hər zaman Premyer Liqa matçlarından fərqlənib. Bəzən çempionatda yaxşı nəticə göstərməyən komanda bu turnirdə uğurlu çıxış edir".

Mütəxəssis finalda "Qarabağ"ın məğlub ola biləcəyini də bildirdi:

"Finalda favorit "Qarabağ" olacaq. Lakin dediyim kimi, kubokda nəticələr fərqli ola bilər. 1/4 və 1/2 final mərhələsi 2 oyundan ibarət olsa da, həlledici matç tək qarşılaşmadan ibarətdir. Və istənilən rəqib finalda "Qarabağ"a qalib gələ bilər. "Qarabağ"ın son turlarda keçirdiyi oyunları da nəzərə alsaq, ya "Zirə" və ya "Qəbələ" Ağdam təmsilçisinə qalib gəlmə ehtimalından danışmaq olar. Mümkünsüz nəsə yoxdur. Sadəcə potensial olaraq və keyfiyyətə görə favorit "Qarabağ"dır və bu baxımdan bütün klubları qabaqlayırlar".

Məlik Məlikov
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla