AZ

“Bayer-04” Dortmundda da möcüzəvi şəkildə qurtuldu - TURUN İCMALI

Turun açılış oyununda “Auqsburq” üzərində əzmkar qələbə qazanan “Ayntraxt” 4 turluq qələbəsiz seriyaya son qoydu.

“Football-plus.az” xəbər verir ki, “Köln” sonuncu pillədə qərarlaşan və çarəsiz görünən “Darmştadt”ı yenəcəyi təqdirdə elitada qalmaq üçün şanslarını davam etdirəcəkdi. Amma “Darmştadt” sanki “cəhənnəmə gedən özünə yoldaş axtarar” misalına uyğun hərəkət edərək 22 oyunluq qələbəsiz seriyaya son qoydu və “keçilər”i çox çətin duruma saldı. “Leyptsiq” “Haydenhaym”ı üstələməklə 4-cü pillədəki mövqeyini qorudu. Zisnhaymdakı dramatik qarşılaşmada heç-heçəni qoruya bilməyən “Münhenqladbax “Borussiya”sı son 4 turda 3-cü dəfə uduzdu. Çempionluğu əldən verməsinə baxmayaraq, Çempionlar Liqası uğrunda mübarizəni davam etdirən “Bavariya” üçün paytaxt səfəri gözlənilmədən asan keçdi. Münhen nəhəngi bu mövsüm ÇL-in qrupunda oynamış komandaya 61 dəqiqəyə 5 qol vurdu! Cərimə zərbəsindən fərqlənən Keyn oyunu 1 qol, 1 məhsuldar ötürmə ilə tamamladı. O, 33 qol həddinə 30-cu oyunda çatmaqla növbəti dəfə turnirin yeni rekordunu müəyyənləşdirdi. Statistikaya inansaq, Keyn həm də peşəkar karyerasının ən yaxşı mövsümünü keçirir. Belə ki, o cari mövsüm bütün turnirləri nəzərə almaqla artıq 51 qolun vurulmasında yaxından iştirak edib (40 qol, 11 məhsuldar ötürmə). 30 yaşlı forvard “Tottenhem”də 2020/21-də müəyyənləşdirdiyi şəxsi rekordunu (50) yenilədi.

“Ştutqart”a göz dəydi. Bu tura qədər “Bavariya” ilə eyni sayda xal toplayan şvabiyalılar Bremendə “ağ bayraq qaldırmalı” oldular. Halbuki “Verder” son 7 turda qələbəyə həsrət qalmışdı. Bununla da “Ştutqart”ın bundesliqada 11 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Bu tur əsas diqqətlər Dortmunda yönəlmişdi. “Bayer-04” artıq çempionluğu rəsmiləşdirməsinə baxmayaraq, hələ də diqqət mərkəzindədi. Onların məğlubiyyətsiz seriyasının nə vaxt qırılacağı hamıya maraqlıdı. Xabi Alonsonun komandası yenə kiçik bir möcüzə reallaşdırdı. ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Borussiya” 81-ci dəqiqədə Füllkruqun qolu ilə hesabda önə keçərkən düşünmək olardı ki, “Bayer-04” nağılı burda başa çatacaq. Amma əsas vaxta əlavə olunan 7-ci dəqiqədə künc zərbəsi zamanı hamıdan hündürə tullanan Stanişiç başla topu tora göndərdi. Leverkuzenlilər bu qola elə sevinirdilər ki, elə bil komanda çempionluğu ötən həftə yox, bu həftə rəsmiləşdirdi. Bu da əbəs deyil. “Bayer-04” 30-cu turu məğlubiyyətsiz başa vurmaqla bundesliqanın rekordunu, eləcə də ardıcıl 45-ci rəsmi oyunda uduzmamaqla (38 qələbə, 7 heç-heçə) “böyük beşliy”in tarixində özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı! Bütün turnrirləri nəzərə alsaq, “Bayer-04” bu mövsüm 80-ci dəqiqələrdən sonra 26-cı (!!!) qolunu vurdu. Yeri gəlmişkən, bu komandaların ilk dövrədəki oyunu da eyni hesabla başa çatmışdı. Bu da o deməkdi ki, “Borussiya” bu mövsüm hələlik “Bayer-04”ə qarşı 2 oyun keçirənlər arasında uduzmayan yeganə komandadı.

30-cu tur
Union – Bavariya 1:5
Vertessen, 90 – Qoretska, 29. Keyn, 45+1. Müller, 53; 66. Tel, 61. (22012)
Bavariya: Ulrayx, Kimmix (Mazraui, 71), Dayer, Kim Min Çje (Upamekano, 59), Devis, Pavloviç, Qoretska (Laymer, 71), Tel, Müller (Zvonarek, 84), Çupo-Motinq (Saraqosa, 71), Keyn.
Borussiya D – Bayer-04 1:1
Füllkruq, 81 – Stanişiç, 90+7. (81365)
Borussiya D: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Maatsen (Volf, 46), Zabitser, Əmrə Can (F.Nmeça, 70), Brandt (Salih Özcan, 83), Sanço (Roys, 70), Bayno-Gittens (Dyuranvil, 83), Füllkruq.
Bayer-04: Qradetski, Stanişiç, Ta, Tapsoba, İnkapye (Bonifeys, 83), Qrimaldo, Andrix, Caka, Frimponq, Tella (Virts, 70), Hofmann (Şik, 83).
Haydenhaym – Leyptsiq 1:2
Dovedan, 69 – Şeşko, 42. Openda, 85. (15000)
Leyptsiq: Qulaçi, Henrixs (Simakan, 71), Orban, Lukeba, Raum, Şlager, Aydara (Zayvald, 79), Olmo (Klostermann, 90+3), Simons (Elmas, 79), Openda, Şeşko (Baumqartner, 79).
Verder – Ştutqart 2:1
Dukş, 28-p.; 49 – Dəniz Undav, 71. (42100)
Ştutqart: Nübel, Levelinq (Katompa Mvumpa, 85), Stergiu (Ştensel, 46), Anton, İto, Mittelştadt, Ştiller (Çon Vu Yon, 90+8), Karazor, (Mahmud Dahud, 65), Miyo (Fürix, 46), Dəniz Undav, Girassi.
Ayntraxt F – Auqsburq 3:1
Çaibi, 55. Ekitike, 61. Marmuş, 90+1 – Varqas, 13. (57600)
Frayburq – Maynts-05 1:1
Qreqoritş, 6 – Burkardt, 40. (34300)
Hoffenhaym – Borussiya M 4:3
Veqhorst, 36. Prömel, 58. Ozan Kabak, 66. Ştax, 90+1 – Hak, 39; 78; 89. (26078)

Volfsburq – Bohum 1:0
Vind, 43. (26327)
Köln – Darmştadt 0:2
Klarer, 57. Vilhelmsson, 90. (50000)
1. Bayer-04 30 25 5 0 75-20 80
2. Bavariya 30 21 3 6 87-37 66
3. Ştutqart 30 20 3 7 68-36 63
4. Leyptsiq 30 18 5 7 69-34 59
5. Borussiya D 30 16 9 5 58-35 57
6. Ayntraxt F 30 11 12 7 46-40 45
7. Frayburq 30 11 7 12 42-53 40
8. Auqsburq 30 10 9 11 48-49 39
9. Hoffenhaym 30 11 6 13 53-60 39
10. Haydenhaym 30 8 10 12 43-52 34
11. Verder 30 9 7 14 38-50 34
12. Borussiya M 30 7 10 13 53-60 31
13. Volfsburq 30 8 7 15 35-50 31
14. Union 30 8 5 17 26-50 29
15. Maynts-05 30 5 12 13 31-48 27
16. Bohum 30 5 12 13 34-60 27
17. Köln 30 4 10 16 23-53 22
18. Darmştadt 30 3 8 19 30-72 17
Bombardirlər: Keyn (Bavariya) – 33, Girassi (Ştutqart) – 25, Openda (Leyptsiq) – 23, Dəniz Undav (Ştutqart) – 17.
Növbəti turun oyunları aprelin 26-28-i aralığında keçiriləcək: Leyptsiq – Borussiya D, Borussiya M – Union, Bavariya – Ayntraxt F, Frayburq – Volfsburq, Maynts-05 – Köln, Bohum – Hoffenhaym, Auqsburq – Verder, Bayer-04 – Ştutqart, Darmştadt – Haydenhaym.

Turun rəqəmi
32 – “Leyptsiq” bundesliqaya yüksəldiyi 2016-cı ildən bəri debütantların qəniminə çevrilib. “Öküzlər” debütantlara uduzmur və bu seriya şənbə günü “Haydenhaym”la oyunda da davam etdi. “Leyptsiq” ardıcıl 32-ci dəfə debütanta qarşı məğlubiyyət acısı yaşamamaqla (29 qələbə, 3 heç-heçə) “Bavariya” məxsus olan rekordu təkrarladı. Münhen nəhəngi də 2010-18-ci illərdə məhz ardıcıl 32 qarşılaşmada debütantlara boyun əyməmişdi.

Turun ulduzu
Robin Hak (Borussiya M) – 25 yaşlı yarımmüdafiəçi het-trik etməklə turun ən yaddalan oyunçusu oldu. Amma onun bu qəhrəmanlığı komandasına nəinki 3, heç 1 xal da qazandırmadı. Hak “Hoffenhaym”ın yetirməsidi və maraqlıdı ki, bundesliqada ilk het-trikini məhz bu kluba qarşı etdi. O, cari mövsümə qədər bundesliqada 33 oyuna cəmi 1 qol vurmuşdusa, 2023/24-də 26 oyuna artıq 8 dəfə fərqlənib və komandasının ən məhsuldar oyunçusudu. 2024-cü ildə o, bundesliqada artıq 3-cü fərqli oyunda minimum 2 qol vurdu. Cari təqvim ilində Keyn də daxil olmaqla elitada başqa heç bir futbolçu bu cür göstərici ilə öyünə bilməz.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:
“Bizim üçün ideal keçən həftəni ideal şəkildə də başa vurduq. “Union” meydana hücumameyilli heyətlə çıxmışdı. Ona görə də müdafiəçilərimizə çox iş düşdü. Amma qolları lazimı anlarda vurduq. Çox yaxşı oynadıq. “Bavariya” həmişə ən yüksək standartları qorumağa çalışır. Biz hər səfərə qələbə üçün yollanırıq. Şadam ki, bu gün bunu həyata keçirməyi bacardıq”.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla