AZ

Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış

"Başqa ölkələrdə uzun müddət davam edən moğol hakimiyyəti
burada az vaxtdan sonra moğol xüsusiyyətlərini və siyasi təsir imkanlarını itirdi.
Ərəblər kimi moğollar da Azərbaycanda türkləşərək yaşamalı oldular..."

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

(Əvvəli burada:)

Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...- XXI mövzu
Azərbaycanda Hülakülər sülaləsinin hakimiyyəti...

Azərbaycan xalqının müqaviməti moğollara regionda möhkəmlənməyə
imkan vermirdi. Kəşfiyyat xarakterli ilk yürüş zamanı onlar yerli əhalinin hər
şəhər, ərazi uğrunda rəşadətli vuruşduğunu, təslim olmaq istəmədiklərini gördülər.
Ona görə də birinci cəhddən xeyli sonra, yalnız 1231-ci ildə yenidən Azərbaycana
yürüş etdilər. Bu vaxt ətraf bölgələrin əksəriyyəti artıq işğal olunmuşdu, moğollar
yalnız Azərbaycanla bağlı qərarlarını qətiləşdirə bilmirdilər. Onların tərəddüdlərinə
səbəb həm Azərbaycanın qədim dövlətçilik tarixi, həm də xalqın müqavimət əzmi
idi. Onlar bu tərəddüdlər içərisində 1231-ci ilin oktyabr ayında ikinci dəfə
Azərbaycana yürüş etdi. Azərbaycanda möhkəmlənmək məqsədi güdən bu yürüşə
Çormoqon noyon başçılıq edirdi. 90 minlik moğol ordusu Marağaya hücum etdi.
Marağada nisbətən az qırğın edərək Təbrizə yollandılar. Onlar Təbrizə yaxınlaşan
zaman Şəmsəddin ət-Tuğrayi qəfildən vəfat etdi. Şəhərin müdafiəsini təşkil edən
olmadığı üçün Təbriz şəhəri müqavimətsiz moğollara təslim oldu. Təbrizin
alınması bir-birinin ardınca Azərbaycan şəhərlərinin işğalına səbəb oldu. Həm də
artıq o dövrdə Azərbaycanda moğollara qarşı çıxa biləcək heç bir mərkəzləşmiş
qüvvə yox idi [6, s.101].

1232/1233-cü illərdə moğollar Naxçıvana yürüş edib şəhəri dağıtdılar.
Moğolların hücumundan bir neçə il sonra Naxçıvanda olmuş fransalı səyyah
Vilhelm de Rubruk gözü ilə gördüyü həmin mənzərə haqqında yazır: «Moğollar
şəhəri demək olar boş səhraya çevirdilər». Məhəmməd Naxçıvani yazır ki,
Naxçıvan şəhərinin altıda beş hissəsi demək olar ki, tamamilə boşalmış və
dağıdılmışdır. Orta əsr müəlliflərinin dili ilə desək moğol qoşunları Naxçıvanı
dağıdıb, xarabazara çevirmiş və onun əvvəlki «Nəqşi-cahan»ını pozmuşdular [4,
s.151]. Moğolların bu amansız rəftarı şəhər əhalisinin ciddi müqavimətinə görə idi.
İnsanlar ölümü, moğolların qəddar rəftarlarını da gözaltına alır, amma çəkinmədən
sona qədər vuruşurdu.

Moğollar hərəkət edərək 1235-ci ildə Gəncəni mühasirəyə aldılar. Gəncəli
Kirakos bu hücumu belə təsvir edir: «Birdən birə tatar qoşunları şəhərə basqın
etdilər. Onlar şəhəri hər tərəfdən mühasirəyə aldılar, onlar döyüşə başladıqda çoxlu
daş atan qurğulardan istifadə edirdilər... Sonra... şəhər divarları hər yandan
uçuruldu. Ancaq yağılardan heç kəs şəhərə girmədi, onlar bir həftə ərzində şəhəri
mühasirədə saxladılar... Hər kəs öz evinə qapanıb özləri ilə birlikdə evlərini
yandırdılar ki, yağıların əlinə düşməsinlər... Bunu görən yağılar daha çox
qəzəblənərək qılınclarını işə salıb, hamını doğradılar, qadınları da, kişiləri də,
uşaqları da. Onlardan heç kəs canını qurtara bilmədi... Dörd il şəhər adamsız və
dağıdılmış bir vəziyyətdə qaldı...” [5, s.149].

Gəncəni tutduqdan sonra moğollar Şəmkiri mühasirəyə aldılar. Uzun
müddətli mühasirədən sonra şəhər ələ keçirildi. Onlar şəhəri yandırıb, əhalini
qılıcdan keçirdilər. Bunun ardınca Tovuz və Bakı şəhərləri də təslim oldu. 1239-cu
ildə Dərbəndi almaqla moğollar Azərbaycanın işğalını başa çatdırdılar [3, s.22].
Moğol işğalı nəticəsində Şərqi Avropada yeni böyük dövlət yarandı ki, rus
məxəzlərində bu dövlət «Qızıl Orda», Şərq məxəzlərində isə «Cuçi ulusu» adı ilə
məlumdur. Çingiz xanın ölümündən (1227) sonra moğollara tabe olan torpaqlar
onun 4 böyük oğlu arasında bölüşdürüldü. Bununla, dörd ulus yarandı. Hər ulusun
öz müstəqil hakimi oldu. Azərbaycan və Gürcüstan Qızıl Orda ulusuna daxil
edildi. Bu ulusda Cuçilər sülaləsi hökmranlıq edirdi. 1239-cu ildə Azərbaycan və
Gürcüstana moğolların mərkəzi hakimiyyəti tərəfindən Arqun ağa canişin təyin
edildi. Bu moğol məmuru həm mərkəzi hakimiyyətə, həm də Qızıl Orda
rəhbərliyinə tabe idi, əslində, o, mərkəzi hakimiyyətlə Qızıl Orda arasında manevr
etməyə çalışır, regionu yarımüstəqil şəkildə idarə edirdi. O, həmçinin
Azərbaycanda yeni bir sistem yaratmadı, mövcud yerli idarəetmə qaydalarının
əsasında fəaliyyətini davam etdirdi. Arqun ağa 1239-1256-cı illər arasında,
Hulakilərin gəlişinə qədər regionu idarə etdi [9].

1253-cü ildə moğol xaqanı — Çingiz xanın nəvəsi, Tuluy xaqanın oğlu
Münke Ön Asiyada (Əcəm İraqı, Ərəb İraqı, Cənubi Qafqaz və sair)
möhkəmlənmək üçün 120000 nəfərlik böyük ordu göndərdi. Yürüşə onun qardaşı
Hülakü xan başçılıq edirdi. Moğolların bu üçüncü yürüşü ilə Hülakü xan 1256-cı
ildə ölkəmizə gəldi, daha çox Qızıl Orda ilə əlaqəli olan Arqun ağanı
hakimiyyətdən uzaqlaşdırdı və Azərbaycan taxt-tacında yeni sülalənin-Hülakülərin
hakimiyyətini bərqərar etdi. Azərbaycan dövləti Hülakülər sülaləsi ilə
mövcudluğunu davam etdirdi. Hülakü xan kiçik fasilədən sonra burada
Eldənizlərin hakimiyyətini davam etdirdi, dövlətin Eldənizlər dövründəki 1.4
milyon kv.km. ərazisini 3.7 milyona çatdırdı. Bununla, Azərbaycan əraziləri
mərkəz olmaqla və Azərbaycan dövlətinin bazasında beşinci moğol ulusu
yaradıldı...

Onun qoşunları 1258-cı ildə Bağdadı aldı. Döyüşə Hülakü xan özü və onun
sərkərdəsi Baqu rəhbərlik edirdi. Müasirlərin yazdığına görə Bağdadda qırğın 40
gün davam etdi. 508 il davam edən Abbasilər sülaləsinin son nümayəndəsi əl-
Müstəsim öldürüldü. Beləliklə, İraq-i ərəb, İraq-i əcəm, Gürcüstan, Azərbaycan,
Kiçik Asiya, Xorasan və digər ölkələr daxil olduqları, Amu-Dəryadan Aralıq
dənizinə, Dərbənddən İran körfəzinə qədər olan ərazidə yeni- 5-ci ulus yaradıldı.
Bu dövlətin hökmdarları Elxan titulu daşıyırdı [1]...

1259-cu ildə Münke xaqan vəfat etdi. Hülakü xan (1256-1265-cı illər) 1260-
cı ildə Azərbaycanda məskən saldı. Ölkənin paytaxtı Marağa, Təbriz və XIV əsrdə
Sultaniyyə (Güney Azərbaycanın Zəncan bölgəsində şəhər) şəhərləri oldu [6,
s.102]...

Hülakilər Cuçilər dövlətinin qanunlarına tabe olmadıqları üçün tez-tez Qızıl
Orda xanları ilə Hülakülər arasında qanlı toqquşmalar baş verirdi ki, Azərbaycan
məhz bu toqquşmalarda ən çox zərər çəkən ölkələrdən olmuşdur. Hülakü xanın və
onun oğlu Abaqa xanın (1265-1282-ci illər) hakimiyyəti dövrlərində dövlətin
iqtisadi, hərbi, siyasi və inzibati qüdrəti kifayət qədər möhkəm olduğundan iri
sahibkarlar onlara qarşı çıxmağa cürət etmirdilər. Abaqa xanın ölümündən sonra
torpaq sahibləri arasında ziddiyyətlər kəskinləşdi. Onun oğlu Arqun xan
hakimiyyətə gəlmək üçün ciddi müqavimətlə qarşılaşdı, yalnız 1284-cü ildə
istədiyinə nail oldu. Arqun xan (1284-1291) mərkəzi hakimiyyəti gücləndirdi. O,
buddizm dinini daha geniş şəkildə təbliğ edir, islama qarşı xristianların rəhbərləri
ilə əlaqə qurmağa çalışırdı [7]...

Arqun xanın oğlu Qazan xan (1295-1304-cü illər) hakimiyyəti dövründə
vəziyyəti nizama salmaq məqsədilə bir sıra islahatlar, o cümlədən müsəlman
ruhaniləri və yerli əyanlarla yaxınlaşmaq üçün dini islahat həyata keçirdi, islam
dinini qəbul etdi. O, həmçinin digər istiqamətlərdə də islahatlar aparırdı. Torpaq
islahatları ilə dövlət mülkiyyətinin mövqeyini gücləndirdi, həmçinin 1303-cü ildə
kəndlilərin torpağa təhkim olunmasına dair fərman verdi. Bu fərman sonrakı
dövrlərdə əhəmiyyətini itirdi. Vergi islahatları ilə vergilərin siyahısı, alınma
müddəti müəyyən edildi, yerli hakimlərin qoyduqları qanunsuz vergilər ləğv edildi.
Rabitə islahatı əsasında yeni əlaqə sistemi, pul islahatı ilə vahid mübadilə sistemi
yaratdı, pul vahidi çao adlanırdı (yerli dirhəmdən də istifadə olunurdu), əyalətlərin
işlətdikləri digər pulları ləğv etdi [8]. Qazan xanın islahatları Hülakülər dövlətinin
müvəqqəti möhkəmlənməsinə səbəb oldu...

Az sonra yenidən hakimiyyət böhranı başladı. 12 yaşlı Əbu-Səidin
hakimiyyətə (1317-1335-ci illər) gəlməsi bir çox yerli hakimlərin
mərkəzdənqaçma meyllərinə və müstəqilliyə can atmalarına səbəb oldu.
Əbu-Səidin hakimiyyətinin ilk illərində dövlətin bütün işləri Hülakülərə qohum
olan Sulduz tayfasından Çobanın əlində cəmləşdi. O, dövlətin faktiki hakiminə
çevrildi. Əbu-Səid tamamilə Çobandan asılı vəziyyətdə idi. Dövlətdə bütün vəzifə
başında oturanlar Çobani əmirləri idilər. Hakimiyyətin Çobanın əlində cəmləşməsi
bir sıra əyanları narahat etməyə başlayırdı. Mərkəzi hakimiyyətə qarşı mübarizə
güclənirdi. Çobani əmirlərinin yüksəlməsindən narahat olan Əbu-Səid onlara qarşı
mübarizəyə başladı və 1328-ci ildə Çoban edam olundu [6, s.103]. Lakin bu da
Hülakülərin (Elxanilərin) hakimiyyətini xilas etmədi. Daxili və xarici qüvvələr
Əbu-Səidi sakit buraxmaq istəmirdi. 1335-ci ildə Qızıl Orda xanı Özbək
Azərbaycana hücum etdi. Onlara qarşı döyüşmək üçün Əbu-Səid Qarabağa gəldi
və burada zəhərləndirilərək (01 dekabr 1335-ci il) öldürüldü [2, s.327]. Əbu-Səidin
ölümündən sonra ölkədə qoşa və çoxpadşahlıq meydana gəldi. 1336-1344-cü
illərdə dövlətin müxtəlif vilayətlərində 8 şahzadə padşah elan olunmuşdu. Şeyx
Həsən Cəlairinin 1340-cı ilin sonunda Cahan Teymuru taxtdan salıb Bağdadda
müstəqil Cəlairilər dövləti yaratması bu mübarizəni daha da kəskinləşdirdi.
Teymur Cahan Hülakülər nəslindən idi, Bağdadda hakimiyyətini qurub, dövlətin
fəaliyyətini davam etdirmək istəyirdi. Lakin yerli sülalələrdən Cəlairilər onu
devirməklə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan əsas qüvvələrdən
birinə çevrildi. Çobanilər də geri şəkilmədi və Şeyx Həsən Çobaninin başçılığı ilə
mübarizəyə qalxıb Azərbaycanda hakimiyyəti ələ keçirə bildilər. Şeyx Həsən
Çobani Hülaki şəhzadələrdən Satıbəy Xatunu (1339-1340-cı illər) və Süleyman
xanı (1340-1344-cü illər) padşah elan edərək Azərbaycan, İraq-i Əcəm,
Gürcüstanda faktiki hakimiyyəti əlində saxladı. Onların əsas rəqibləri Cəlairilər və
Xorasan əmirləri idi. Ara müharibələri nəticəsində dövlət müxtəlif hissələrə
parçalandı. Cəlairilər Bağdadda, Xorasan əmirləri-Xorasanda, Çobanilər isə
Azərbaycanda möhkəmləndilər. Çobanilərin nümayəndəsi Məlik Əşrəf 1357-ci
ildə Azərbaycana hücum etmiş Qızıl Orda xanı Cani bəy tərəfindən öldürüldü.
Ölkədə hakimiyyət Cani bəyin oğlu Bərdi bəyin əlinə keçdi. Bununla, 1357-ci ildə
Hülakülər sülaləsi tam süqut etdi [10, s.116].

Beləliklə, Azərbaycanda Eldənizlər sülaləsinin yüksəlişi ilə böyük
dövlətçilik prosesi başladı, uğurla inkişaf etdi, hətta Hülakülər (Elxanilər)
sülaləsinin dövründə də davam etdi. Hülakülər moğol mənşəli olsalar da, tezliklə
yerli dövlət ənənələrinə, qaydalara, həyat tərzinə, dini mənsubiyyətə uyğunlaşaraq
fəaliyyət göstərdilər. Onların paytaxt olaraq Azərbaycan şəhərlərini seçmələri də
təsadüfi deyildi. Başqa ölkələrdə uzun müddət davam edən moğol hakimiyyəti
burada az vaxtdan sonra moğol xüsusiyyətlərini və siyasi təsir imkanlarını itirdi.
Ərəblər kimi moğollar da Azərbaycanda türkləşərək yaşamalı oldular...

Ədəbiyyat:

1. Azərbaycan Hülakilər (Elxanilər) dövləti tərkibində.- sesqazeti.az/news/sosial/
612073/html.
2. Azərbaycan tarixi. (Z.Bünyadovun və Y. Yusifovun redaktəsi ilə). Bakı, Azərnəşr,
1994.
3. Azərbaycan tarixi. Yeddi cilddə, II cild, Bakı, “Elm”, 2007.
4. Azərbaycan tarixi (İ.Əliyevin redaktorluğu ilə), Bakı, “Elm”, 1993.
5. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, “Çıraq”, 2007.
6. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
7. Jackson P. ARGUN KHAN. iranicaonline.org/articles/argun-khan-fourth-il-khan-of-
iran-r683-90-1284-91.
8. “Mahmud Ghazan”. Encyclopaedia Britanica. 2009.
9. Азербайджан в 13-14 в.в.- ensiklopediya.gov.az/ az/terms/20204/cild/12.
10. История Азербайджана. (Под ред. М. Абдуллаева), Баку, “Bakı Universiteti”,
2016.
 

 

 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla