AZ

İran qoşunları Suriyanı tərk edir

İran

Bu gün İran Suriyanın cənubundakı qüvvələrini geri çəkib.

Reyting.az
xəbər verir ki, məlumatı AFP beynəlxalq xəbər agentliyi yayıb.

AFP “Hizbullah”a yaxın mənbəyə və müharibə müşahidəçisinə əsaslanaraq yazır ki, xüsusilə Dəra və Quneytra kimi şəhərlərdə artıq İran qüvvələri və ya milisləri yoxdur.

Xatırladaq ki, Dəra və Quneytra İsrailin işğal etdiyi Qolan təpələrinə bitişik şəhərlərdir.

“Hizbullah”a yaxın mənbə deyib ki, İran faktiki olaraq yanvarın 20-də Dəməşqdəki kəşfiyyat toplantısının vurulmasından sonra qüvvələrini geri çəkməyə başlayıb.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) son geriçəkilmənin paytaxt Dəməşqlə yanaşı, ölkənin cənubunu da əhatə etdiyini bildirib.

SOHR-in məlumatına görə, İran qüvvələri Livan “Hizbullah”ı və İraq milisləri ilə əvəz edilib. Bir çox yüksək rütbəli İran komandirləri Suriyanı tərk edib, qalanları isə şimalda - Hələbə və İraqla sərhəd Deyr əz-Zora köçüb.

Əslində Tehran Suriyada qoşunlarının olmadığını və yalnız Dəməşq administrasiyasına hərbi məsləhətlər və təlimlərin təmin olunduğunu iddia edir. Ancaq Suriyada 3 minə yaxın İran əsgərinin olduğu məlumdur. Bundan əlavə, Livan, İraq və Əfqanıstandan gətirilən, İran ordusu tərəfindən təlim keçən on minlərlə milis qüvvəsi də Suriyada yerləşdirilib. Bu yaxınlarda Suriyanın paytaxtı Dəməşqə səfər edənlər, İranın şəhərdəki varlığının daha az göründüyünü və köhnə Dəməşqdə İran ordusunun ofislərinin bağlandığını bildirib.

Qeyd olunur ki, İranın hərbi mövcudluğunun davam etdiyi yer general Rıza Musəvi və digər kəşfiyyat komandirlərinin güllələndiyi Seyyide Zeynəb məhəlləsidir.

Y. QACAR
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla