AZ

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

İşıqforu

Bakı, 24 aprel, AZƏRTAC, Vüqar Qurbanoğlu

Azərbaycanın milli aviadaşıyıcısı AZAL aprelin 18-də Bakıdan Pakistanın Kəraçi şəhərinə ilk aviareysini həyata keçirib. Səfər çərçivəsində AZAL və tərəfdaş şirkəti “Mian's Group”un təşkilatçılığı, media nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

AZƏRTAC təşkil olunan mediaturdan reportaj təqdim edir.

Qədim Kəraçi şəhəri

17-ci əsrin ortalarında Hind okeanının sahillərində kiçik bir balıqçı kəndi olan Kəraçi dənizə açıq, təhlükəsiz ərazidə qurulub. Müsbət çoğrafi xüsusiyyətlərinı malik Kəraçi 19-cu əsrin ortalarında ingilislər tərəfindən limana çevrilib. İngilislər Kəraçini hərbi-strateji əhəmiyyətli və Hind hövzəsində məhsulların ixracı üçün mühüm liman hesab edirdilər.1878-ci ildə Kəraçi digər ingilis müstəmləkəsi olan Hindistan şəhərləri ilə dəmir yolu ilə birləşdirildi. 1914-cü ilə qədər Kəraçi bütün Britaniya imperiyasının ən böyük taxıl istehsal edən limanına çevrildi. 1924-cü ildə burada hava limanı tikildi və Hindistanın əsas ticarət qapısı olub.

Pakistanın ilk paytaxtı

1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra Kəraçi şəhəri paytaxt oldu. Pakistanın müstəqilliyindən sonra Hindistandan gələn müsəlman mühacirlər bu şəhərdə məskunlaşmağa başladılar. Beləliklə, şəhər böyük iqtisadi və demoqrafik transformasiya yaşadı. Sonrakı dövrlərdə Kəraçi ölkənin mühüm iqtisadi və sənaye mərkəzinə çevrildi. Bu gün də Kəraçi ticarət və nəqliyyat habı funkiyasını yerinə yetirir. Belə ki, Kəraçi Fond Birjası 2020-ci ildə siyahıya alınmış ən azı 540 şirkətlə Pakistanın ən böyük və ən qədim birjasıdır. Bundan başqa, Kəraçi Pakistanın Xaric və Mərkəzi Asiya ölkələri ilə ticarətini idarə edir. Kəraçi, həmçinin avtomobil istehsal edən böyük şirkətlərin mərkəzidir. Belə ki, şəhərdə “Toyota”, “Suzuki Motor Company”, “Millat” traktorları, “Daihatsu”, “HinoPak” avtobuslarının istehsal müəssissələri fəaliyyət göstərir.

Kəraçidə fəaliyyət göstərən Pakistan Milli Bankı

1960-cı ildə Pakistanın paytaxtı İslamabada köçürülsə də ölkənin Milli Bankı bu gün də Kəraçidə fəaliyyət göstərir. Qeyd edək ki, bu şəhərdə böyük tarixə sahib Milli Bankın muzeyi fəaliyyət göstərir. Burada bir sıra eksponatlarla yanaşı, Pakistan sikkəxanasında sikkə istehsalının bəzi orijinal qəlibləri və texnikaları nümayiş etdirilir.

Bundan başqa, Hind vadisi əhalisinin e.ə. sikkə kimi istifadə etdiyi möhürlər, İslamdan əvvəlki qalereyada bəzi qeyri-adi mis və gümüş sikkələr, o cümlədən Makedoniyalı İsgəndərin nadir bürünc sikkəsi var. Bundan başqa, hind skifləri, hind parfiyaları, kuşanlar, quptalar, hind sasaniləri, hindu şahiləri nümayiş etdirilir. Muzeyin qalereyası Pakistanda pul əskinaslarının tarixini nümayiş etdirir, həmçinin dünyanın müxtəlif ölkələrinin tarixi, cari və polimer əskinaslarının kolleksiyasını özündə əks etdirir. Valyuta qalereyası 1947-ildə yarandığı tarixdən Pakistan əskinaslarının tam kolleksiyasını ehtiva edir.

Pakistanın Quaid-i-Azaminin evi, məqbərəsi və Kəraçinin tarixi sarayları

Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın məqbərəsi olan “Məzari Kaid” Kəraçinin simvoluna çevrilən tikililərdəndir və şəhərin görkəmli yerləri arasında birinci yerdədir. 1970-ci ildə tamamlanan türbənin memarlıq dizaynı müasir üslubdadır.

Məhəmməd Əli Cinnah 1913-cü ildən Pakistanın qurulmasına qədər (14 avqust 1947-ci il), daha sonra Pakistanın ilk baş qubernatoru olaraq Ümumdünya Hindistan Müsəlman Birliyinin lideri olaraq çalışıb. Pakistanda “Quaid-i-Azam” ("Ulu Öndər") və “Baba-i Qəyyum” ("Millət Atası") kimi hörmətə layiqdir. Pakistanın ilk general-qubernatoru olaraq Cinnah yeni xalqın hökumətini və siyasətini qurmaq, müstəqillik əldə etdikdən sonra Hindistandan Pakistana yeni köç etmiş milyonlarla müsəlman miqranta kömək etmək, qaçqın düşərgələrinin qurulmasına şəxsən nəzarət etmək üçün çalışıb. Cinnah 1948-ci ilin sentyabrında, Pakistan müstəqillik qazandıqdan bir il sonra 71 yaşında vəfat edib. O, Pakistan xalqının yaddaşında dərin və unudulmaz iz qoyub. Hal-hazırda dünyada xeyli sayda küçələr, yollar və yerlər Cinnahın adını daşıyır, Pakistandakı bir neçə universitet və ictimai binaya Cinnahın adı verilib.

Qeyd edək ki, Məhəmməd Əli Cinnanın məqbərəsində onun bacısı Fatimə Cinnah və ölkənin ilk baş naziri Liyakat Əli Xanın məzarları da yerləşir.

“Mohatta Sarayı” Pakistanın Kəraçi şəhərində yerləşən saray muzeyidir. Əhməd Hüseyn Ağa tərəfindən layihələndirilən saray 1927-ci ildə müasir Hindistanın Racastan əyalətindən olan hindu Marvari iş adamı Şivratan Mohattanın yay evi kimi gözəl dənizkənarı Klifton ərazisində tikilib. Saray Racastanın daş sarayları ənənəsinə uyğun olaraq, yaxınlıqdakı Gizridən gələn yerli sarı daşla birlikdə çəhrayı jodhpur daşından istifadə edilərək tikilib.

Mohatta Hindistana getdikdən sonra Pakistan hökuməti sarayı 1947-ci ildə Xarici İşlər Nazirliyinin binasına çevirdi. Daha sonra 1964-cü ildə Məhəmməd Əli Cinnahın bacısı Fatimə Cinnah oraya köçürülüb. 60-cı illərdə “Mohatta Sarayı” “Qasre-e-Fatima” adlandırıldı. 1980-ci ildən isə saray muzey kimi istifadə olunur.

Turistlərə nümayiş etdirilən tarixi məkanlardan biridə Məhəmməd Əli Cinnahın evidir. Bu ev hazırda Mədəniyyət, Turizm, Qədim Əsərlər və Arxivlər Departamentinin himayəsindədir. Cinnah bu dəbdəbəli mülkü 70 il əvvəl alıb. Alış zamanı altmış altı yaşında olan Cinnahın planı təqəüdə çıxdıqdan sonra evə köçmək idi. Lakin 1947-ci ildə bura köçdükdən sonra o, yalnız qısa bir müddət iqamətgahda yaşaya bildi. Ancaq Cinnahın vəfatından sonra bacısı Fatimə Cinnah bu evdə 16 il yaşayıb.

Pakistanın simvolu olan bəzəkli avtobuslar

Pakistanda heyrətamiz bir ənənə mövcuddur - orada yollarda adi nəqliyyat vasitələri deyil, rəsm əsərlərinə bənzəyən, parlaq bəzədilmiş avtobuslar və yük maşınlarını görmək olar.

Kəraçidə 10 mindən artıq rəssam qeyri-adi avtobus və yük maşını bəzəkləri üzərində işləyir. Çox vaxt nəqliyyat vasitələrinin üzərində ənənəvi naxış və rənglərlə yanaşı, yerli siyasətçilərin və dünya məşhurlarının portretləri də çəkilir.

Qeyd edək ki, avtobuslar və yük maşınlarını bəzədilməsi sahibinə küllü miqdarda vəsait hesabına başa gəlir, lakin hər il avtomobilini bəzmək istəyənlərin sayı artır.

Yerli əhali bəzəkli avtobusları “Pakistanın ruhu” adlandırırlar. Pakistanda nəqliyyatın bəzədilməsinin tarixi mənası var. Belə ki, əvvələr insanlar nəqliyyat vasitəsi kimi at arabasından istifadə ediblər. Zadəganları daşıyan arabaların bəzədilməsi onların imzası anlamına gəlirdi. Arabadan başa düşmək olardı ki, araba hansı zəngin və hörmətli zadəgana məxsusdur.

1920-ci illərdə Pakistanın “Kohistan” avtobus şirkəti sərnişinləri avtobuslara cəlb etmək üçün rəsm çəkmək ənənəsindən istifadə etdi. Həmin nəqliyyat şirkəti kasıb əhalini bu avtobuslara cəlb edərək bildirirdi ki, “belə gözəl avtobusda gəzərək, özünüzü varlı adam kimi hiss edin”. Müasir dillə desək, bu şirkət sərnişinləri öz avtobuslarına cəlb etmək üçün ağıllı reklamla məşğul olub. Bundan sonra “Kohistan” şirkəti avtomobillərini sadə pakistanlıların diqqətini cəlb edən parlaq rənglərə boyanmağa başladı. Qeyd edək ki, avtobusların rənglənməsi üçün o vaxtkı məşhur pakistanlı rəssam ustad Elahi Bakşa xüsusi olaraq dəvət olunmuşdu.

Bu gün də nəqliyyat vasitələrinin üzərindəki naxışlar diqqəti cəlb edir və sürücünün haradan olduğunu bildirir. Məsələn, Kvetta və Pişəvərdən olan rəssamlar ağır yük maşınlarını və avtobusları taxta ilə bəzəyirlər. Onların Ravalpindidən olan həmkarları, əksinə, işlərində plastikdən istifadə edirlər. Kəraçidə yük maşınının 24 saat parlaması üçün xüsusi elementlərdən istifadə edilir. Bundan başqa, Sind əyalətində dəvə sümüyündən hazırlanmış zinət əşyaları təklif olunur.

İşıqforu az, tıxacı isə yox səviyyəsindədir

Kəraçi şəhərinin 30 milyon nəfərə yaxın əhalisi var. Şəhərdə apardığımız müşahidələr zamanı işıqforlar və piyada keçidlərinə az sayda rast gəlirdik. Ancaq buna baxmayaraq istər şəhər mərkəzində, istərsə də ətrafda tıxac problem yox səviyyəsindədir. Problemin yaranmamasına səbəb şəhərdə avtomobillərin azlıq təşkil etməsidir. Belə ki, əhalinin böyük əksəriyyəti motosikletlərdən, rikşalardan istifadə edir. Bəzən bir motosikletin üzərində 3 və daha artıq adım oturaraq mənzil başına gedirlər.

Kəraçi çimərlikləri

Kəraçi şəhərində ictimai açıq və qapalı olan çoxlu sayda çimərliklər var. Qeyd edək ki, yerli əhali çimərlikdən çoxda istifadə etmir. Turistlərə açıq olan çimərliklə xarici adlarla təqdim olunur. Məsələn, Pakistanın Karaçi şəhərindəki Fransız çimərliyi gözəl təbiəti və təmiz qumu ilə tanınır. Bura şəhərdə üzmək və su idmanı ilə məşğul ola biləcəyiniz bir neçə çimərlikdən biridir. Çimərlikdə unikal atmosfer yaradan çoxlu gözəl qayalar və qayalıqlar var. Bundan əlavə, fransız çimərliyi piknik və manqal üçün məşhur yerdir. Burada təmiz dəniz havasından və Ərəb dənizinin gözəl mənzərələrindən həzz alınır. Buradakı dəniz demək olar ki, həmişə sakitdir və sahilin dərinliyi cəmi 1,5 metrdir. Ərəb dənizinin kristal təmiz suyu, incə isti qumu və əlverişli yerləşməsi sayəsində bu yer hər il çoxlu turistləri cəlb edir.

Pakistan Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır

Pakistan-Azərbaycan turizm əlaqələrindən danışan Pakistanın Sind əyalətinin Turizmin İnkişafı Korporasiyasının icraçı direktoru Seyid Feyaz Əli Şah bildirib ki, iki ölkə arasında həyata keçirilən uçuşlar ziyarətçilərə və hər iki ölkə arasında turizm əlaqələrinin inkişafına şərait yaradır. O qeyd edib ki, Kəraçı şəhəri turizmin inkişafı, investisiya yatırımları və xüsusilə sahil turizmi üçün böyük imkanlar yaradır.

“Kəraçi 30 milyon əhalisi olan meqa şəhərdir və Pakistanın əsas ticarət şəhəridir. Bütün ölkələrdən, xüsusilə Azərbaycandan olan ziyarətçilərə böyük imkanlar yaradır. Biz bütün regionlardan olan turistləri səhra, dağ, okean, kombinasiyalarını özündə birləşdirən Pakistanı ziyarət etməyə dəvət edirik”, - deyə Seyid Feyaz Əli Şah bildirib.

Onun sözlərinə görə, şəhərdə hava və dəniz limanları hesabına turizm əlaqələri daha da inkişaf edir. Kəraçi tarixi, mədəniyyəti, arxeologiyasi və adət-ənənələri ilə zəngindir: “Biz Azərbaycandan olan tələbələri, müəllimləri və arxeoloqları Pakistanı ziyarət etməyi və buranın tarixi, mədəniyyəti ilə tanış olmağa dəvət edirik. İki ölkə arasında turizm əlaqələrini daha da inkişaf etdirmək və xalqları bir-birinə yaxınlaşdırmaq üçün qarşılıqlı olaraq dillərimizi öyrənməli və qarşılıqlı təcrübə mübadiləsi aparmalıyıq. İki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirmək üçün AZAL və Azərbaycan Turizm Agentliyi yanında Turizm bürosunu ölkəmizə dəvət edirəm. Pakistan və Azərbaycan arasında olan qardaşlıq münasibətlərini daha da inkişaf etdirilsin”.

“Mian's Group”un sədri, “Azərbaycan Hava Yolları” QSC-nin Pakistandakı baş satış agenti Amer Said Mian bildirib ki, Pakistan strateji yerləşməsinə, sıx mədəni əlaqələrə və iki ölkə arasında hava nəqliyyatına artan tələbata görə AZAL üçün əsas bazardır. Bundan əlavə, Pakistanın canlı iqtisadiyyatı və turizm sektoru ölkəni marşrut şəbəkələrini genişləndirmək istəyən aviaşirkətlər üçün cəlbedici istiqamətə çevirir.

“Biz bazarı, onun səmərəliliyini və ehtiyaclarını daim təhlil edirik və mümkün olarsa, mövcudluğumuzu daha da genişləndirməyə, tutumları artırmağa və sərnişinlərə xidmət göstərməyə hazırıq”, - deyə Amer Said Mian qeyd edib.

Pakistanın “Zeb Travels” turizm şirkətinin baş icraçısı Zeb Khavaja bildirib ki, Azərbaycan Pakistan üçün çox önəmli şəhərdir, çünki pakistanlılar Azərbaycanı çox sevirlər.

“Mən keçən il Qəbələyə və Bakıya qrup səfərləri təşkil etmişdim. Azərbaycanda olan pakistanlı turistlər oradan yüksək təəssüratla ayrıldılar”, - deyə Zeb Khavaja bildirib. O əlavə edib ki, Pakistanın özəl şirkətləri də gələcəkdə Bakı-Kəraçi istiqamətlərində uçuşlar təşkil etməyə maraq göstərəcəklər.

Seçilən
46
40
Mənbələr
Şərh ()
Bağla