AZ

“Çox arzulayardım ki, Azərbaycanda hərbi vətənpərvərlik düşərgələri fəaliyyətə başlasın” - Hərbi ekspert

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib. Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd “Şahinlər” hərbi-idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif edilməsi olub. Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub. Ona bu bacarığına görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib. Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif edilib.

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov Herbiand.az-a bildirib ki, belə tədbirlərin keçirilməsi vacib bir amildir:

“Çünki 30 il davam edən müharibə və sonra 44 günlük müharibə zamanı torpaqlarımızın azad olunması, döyüş qələbə çalmağımız, lakin müharibənin davam etdiyi bir dövrdə bu kimi tədbirlərin məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, kolleclərdə, akademiyalarda, universitetlərdə keçirilməsi vacib amildir. Çünki fakt bundadır ki, Azərbaycan müstəqil və inkişaf edən dövlətdir. Biz Azərbaycanın inkişafını, müstəqilliyini qəbul etməyən bir çox dövlətlərlə həmsərhədik. Yaxud, Avropada olan bir çox dövlətlərin qısqancılıq və yumşaq dildə desək, düşmən nəzəri ilə baxması bütün bu amilləri vacib edir. Belə təcrübə dünya ölkələrində yetərincədir. Ukrayna-Rusiya müharibəsi başlamamışdan əvvəl Ukrayna ərazisində çoxlu hərbi vətənpərvərlik klubları, düşərgələri var idi. Bu düşərgələrdə təlim almış gənclər hal-hazırda Ukrayna ordusunda işğalçıya qarşı döyüşlərdə iştirak edirlər. Yeni texnologiyalarla tanışdılar, yeni müharibə üsulları ilə döyüşlər aparırlar. Bütün bu amillər müstəqil dövlətin güclü və stabil qalması üçün vacib olan şərtlərdən biridir”.

Ehtiyatda olan zabit deyib ki, yaxın keçmişimizdə rəhbərlik etdiyim “Legion” Hərbi Vətənpərvərlik Klubu ilk olaraq qarşısına torpaqlarımızın düşməndən azad olunması prinsipini qoymuşdu:

“Bu prinsipin içərisində tək orduya könüllü yardım kampaniyaları, ordu ilə ictimai kampaniyalar, xalq və ordu anlamının gücləndirilməsi daxil deyildi. Bundan əlavə gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsi, təlimlənməsi və onların əsgəri xidmətə, Vətənin müdafiəsinə hazır olması prinsipləri idi. Həmin illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və hazırki Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general Kərim Vəliyevin və polkovnik Vaqif Dərgahlının dəstəyi ilə Sabunçu Gənclər Evi və “Legion” Hərbi Vətənpərvərlik Klubu vətənpərvərlik kursu təşkil etdi. Bu, bir aylıq kurs idi və 25  kursant seçildi. Onların hər biri Müdafiə Nazirliyi tərəfindən geyim formaları ilə təmin olundu. Heydər Əliyev adına Hərbi Akademiyada, Naxçıvanski adına Hərbi Liseydə olan stimulyatorlarla, hərbi texnika ilə hərb anlayışına aid bütün fənnlər üzrə mütəxəssislər tərəfindən öyrədildi. Poliqonlara gedildi, hərbi hissələr ziyarət olundu. Ondan əlavə, Sabunçu Gənclər Evinin nəzdində olan dərs siniflərində keçmiş xüsusi təyinatlılar, hal-hazırkı qoşun növlərinin zabitləri və legionun mütəxəssisləri tərəfindən dərslər keçirildi. Onlar bir aylıq kursu bitirəndən sonra sertifikatlar aldılar. Həmin gənclərdən bir çoxu Vətən müharibəsində iştirak etdi, hərbi xidmətə getdi, hazırlıqlı olaraq komandirlər üçün bir tapıntı oldu”.

Hərbi ekspertin sözlərinə görə, sovet dövründə belə hərbi vətənpərvərlik düşərgələri var idi:

“Bu düşərgələrdə gənclər tətillərdə vətənpərvərlik dərsləri keçirdilər, dincəlirdilər, Vətənin müdafiəsi üçün bir çox elmlərlə təlimlənirdilər. Əfsuslar olsun ki, sovetlərdən qopan Azərbaycanda bu məsələlər bir az gecikdi və lazımi səviyyəyə gəlmədi. Təəssüflə bildirmək istəyirəm ki, həmin zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi tərəfindən bizlərə çox maneələr törədildi, dəstəklər verilmədi. Bir çox xoşagəlməz məsələlər ortaya gəldi. Amma yeni rəhbərliyin dəstəyi ilə bu kimi tədbirlər ortaya gəlib və çoxalmağa başlayıb. Bu da təqdir olunası, bəyəniləsi bir amildir. Bundan əlavə qeyd etmək istəyirəm ki, belə görüşlər tək məktəblərdə olmasın. Çox arzulayardım ki, Azərbaycanda bir çox dövlətlərdə olduğu kimi, hərbi vətənpərvərlik düşərgələri fəaliyyətə başlasın. Bunun üçün dövlətimizin maliyyə vəsaiti və imkanları yetərincədir. Bu düşərgələrdə gənclərimiz hərbi vətənpərvərlik kursları üzrə Vətənin müdafiəsinə mükəmməl öyrədilsin ki, sabahkı gün orduya hazırlıqlı əsgər göndərə bilək. Çünki hazırki dönəmdə gənclər üçün tədris prosesindən sonrakı tətillərdə məşğuliyyət qıtlığı yaranıb”.

Abuzər Əbilov qeyd edib ki, sovetlər dönəmində pionerlər, komsomollar evləri var idisə, indi də gənclər evləri var:

“Ancaq bu evlər böyük əhalimizin tələbatını qarşılamaqda bir az çətinlik çəkir. Ona görə də hərbi vətənpərvərlik düşərgələrinin yaradılması, gənclərin tətil vaxtı burda dincəlməsi, hərb silahların, texnikaların və elminin öyrənilməsi və digər vətənpərvərlik bilgilərinin alınması çox gözəl amil olardı. Həmin düşərgələrdə gənclər mülki həyatda olan bir çox xoşagəlməz neqativ hallardan uzaqlaşdırılardı. Psixoloji və ideoloji hazırlıqları yüksələrdi. Bu bir arzu və istəkdir, Ali baş Komandanımıza, hökümət strukturlarına xahişdir. Bu kimi tədbirlərin olması bizə vacibdir. Çünki hazırda gördüyümüz kimi sülh müqaviləsi deyən dövlət sərhədlərimizə qoşun yığır, yeni təxribatlara hazırlaşır. Heç kim təminat verə bilməz ki, sabahı gün onlar sülh prosesinə sadiq olaraq yaşayacaqlar və Azərbaycanla dostluq şəraitində əlaqələrini quracaqlar. Bundan əlavə başqa dövlətlər də var.  Ona görə tək nizami ordunmuz yox, həm də gənclərimiz müsəlləh əsgər olaraq hazırlıqlı olmalıdırlar”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla