AZ

Azərbaycan və Qırğızıstan fəal qarşılıqlı əlaqələri davam etdirir

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib.

Səfər çərçivəsində prezidentlərin məhdud tərkibdə görüşü olub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. Hər iki ölkənin prezidentinin iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb.

Daha sonra Prezident İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.

İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. “Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu bildirib.

“Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Sadır Japarovu COP29-a da dəvət edib.

“Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.

AZƏRTAC

Seçilən
38
7
Mənbələr
Şərh ()
Bağla