AZ

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Həm Fransa, həm də digər ölkələrdən gələn silah-sursat və hərbi texnikanın Gürcüstan üzərindən Ermənistana daşınması əvvəlcədən planlaşdırılıb və həyata keçirilir. Tam dəqiq məlumat olmasa da, sonuncu daşınmanın da həmin plan çərçivəsində aparıldığını ehtimal edirəm.

Bu sözləri Axar.az-a Gürcüstanda dəmir yolu ilə aparılan hərbi daşınmalar haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert daşınan haubitsaların uzaqmənzilli olmasına diqqəti çəkib:

“Görüntülərdən daşınan ağır artilleriya qurğularının uzaqmənzilli olduğu bəllidir. Daşınan ağır artilleriya tank deyil, özüyeriyən haubitsalardır. Onların atəş məsafəsi 50-70 km və bəzən daha artıq olur. Ağır artilleriyanın daha çox eyni növdə olması, bəzilərinin isə üzərinin örtülməsi haubitsaların satış məqsədilə göndərilməsini göstərir. Əlbəttə, burada digər ehtimal hansısa təlimlərin keçirilməsi də ola bilər. Çünki bölgəmizdə müəyyən təlimlər də gözlənilir. Lakin fikrimcə, hərbi texnikanın daha çox eyni növdən olması, üstəlik dəmir yolu ilə daşınmaya üstünlük verilməsi təlim ehtimalını azaldır. İrəvana satılan hərbi texnika və silah-sursat yalnız müdafiə deyil, eyni zamanda hücum üçün nəzərdə tutulub. Bəhs etdiyimiz məqam da göndərilən haubitsaların satış məqsədli olduğunu sübut edən digər bir önəmli məqamdır”.

Ekspert qeyd edib ki, Azərbaycan bütün ehtimallara qarşı öz tədbirlərini müntəzəm olaraq görür:

“Dövlətimiz belə həssas məqamda prosesin yenidən gərginləşməməsi üçün həm Ermənistana, həm də digər bütün dövlətlərə lazımi xəbərdarlığı edib. Ancaq bu, təhlükənin tamamilə sovuşduğu demək deyil və dövlətimiz bütün ssenarilərə qarşı preventiv tədbirlər görməli, belə hallara qarşı müəyyən addımlar atılmalıdır”.

Qeyd edək ki, bu gün Gürcüstanda dəmir yolu ilə zirehli texnikanın daşındığını əks etdirən görüntülər yayılıb. Ehtimallardan biri də həmin zirehli texnikaların Ermənistana daşınmasıdır.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla