AZ

Poçettino: “Belə oyunla avrokuboklara layiq deyilik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 29-cu turunda “Arsenal”la səfər oyununda tarixi məğlubiyyəti (0:5) şərh edib.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu oyundan sonra məyus olduq. Məqsədlərimiz haqqında danışmaq çətindir. Şənbə günü olduğu kimi oynasaq (“Mançester Siti” ilə İngiltərə Kubokunun yarımfinal oyunu (0:1) – redaktorun qeydi), onda yaxşıdır. Əgər indiki kimi oynayırıqsa, deməli, Avropada oynamağa layiq deyilik.

Hər hissəyə düşük güclə başladıq və üçüncü qolu buraxmağımızla “Arsenal” üçün çox asan oldu. “Mançester Siti” ilə oyunda olduğu kimi, biz də imkan yaratdıq, amma soyuqqanlılığımızı nümayiş etdirmədik. Komandanızın belə oynamasını görmək xoş deyil”, deyə Poçettino vurğulayıb.

Argentinalı mütəxəssis belə biabırçı məğlubiyyətə əsas səbəb olaraq, elə, “Mançester Siti” ilə İngiltərə Kubokunun yarımfinal oyununda “zadəganlar”ın xeyli güc itirməsini göstərib və həm də zədə amilinə eyham vurub:

“Mançester Sitiyə qarşı çox yaxşı oynamışdıq, bu, fantastik oyun idi. Amma üç gün sonra özümüzü rəqabətsiz gördük. Bəlkə də təravətli deyildik. Bizdə əskik olan futbolçular haqda danışmaq ədalətsizlikdir. Mövsümün əvvəlindən bəri hər həftə bir çox oyunçudan əskik oluruq”, deyə “Poç” zədə amilini da qabardıb.

Xatırladaq ki, bu qələbə sayəsində “Arsenal” 1930-cu ildə “topçular”ın “Çelsi”ni 5:1 hesabı ilə məğlub etdiyi rekordu təzələyib. 2023/2024 mövsümündəki bu möhtəşəm qələbə klubların qarşıdurması tarixində “topçular”ın “zadəganlar” üzərindəki ən böyük qələbə kimi futbol salnaməsinə yazılıb.

Hazırda “Arsenal” 34 oyundan 77 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideridir. “Çelsi” isə 32 oyundan 47 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla