AZ

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov qlobal ekoloji problemlərin həlli istiqamətlərinin tapılması və bu istiqamətdə beynəlxalq təcrübənin bölüşülməsindən danışıb. Rektor, eyni zamanda, qloballaşma və texnoloji tərəqqinin, sənayenin texnogen normaları gözləmədən sürətlə inkişaf etməsinin ekoloji tarazlığın pozulmasına, insanların sağlamlığına ciddi təhdid olduğunu bildirib. O, qeyd edilən məsələlərin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif fəaliyyətlər həyata keçirildiyini vurğulayıb.

Elmi-praktik konfransda Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli məruzələrlə çıxış ediblər.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ölkəmizdə aqrar sahə üzrə yaşıl inkişaf mexanizmlərinin formalaşdırılması məsələlərindən danışıb. SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutundan Çingiz Məmmədov öz çıxışında davamlı inkişafın əsası kimi yaşıl iqtisadiyyatın mühüm istiqamətlərini qeyd edib.

Konfransda iştirak edən xarici ölkə universitetlərinin nümayəndələri - İsveçin Kral Texnologiya Universitetindən Viktor Kordas, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondundan Kristofer Terrase, Polşanın Katovitse İqtisad Universitetindən Paulina Rutecka, Moldova İqtisad Elmləri Akademiyasından Tatiana Qutium, Litvanın Mikolas Romeris Universitetindən dosent Nomeda Qudeliene və Yunanıstan Beynəlxalq Universitetindən professor Tomas Tomidis yeni iqtisadi modeldə “yaşıl texnologiyalar”, “yaşıl universitet” və “yaşıl enerji” məsələləri haqqında çıxış ediblər.

Plenar iclasdan sonra konfransın işi bölmələrlə davam etdirilib.

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla