AZ

"Qarabağ" ÇL-də "Real", PSJ və "Bayern"in çempionluğunu arzulayır - TƏHLİL

Azərbaycanda və Avropada cari "futbol ili" başa çatmaqdadır. Ölkəmizdə və bir sıra dövlətlərdə çempionlar bəllidir.

Bilirsiniz ki, gələn mövsümdən Avropanın əsas turnirində format dəyişikliyi olacaq. Bir müddət öncə "Qarabağ"ın Misli Premyer Liqasında çempion olacağı təqdirdə, turnirdə mübarizəyə II təsnifat mərhələsindən başlaya biləcəyini diqqətinizə çatdırmışdıq. Ağdam təmsilçisi yerli çempionatda 2023/24 mövsümünün qalibi oldu. Bu, "köhlən atlar"ın yeni "futbol ili"ndə ÇL-də işinə necə yarayacaq?

Offsideplus.az olaraq prosesi diqqətinizə çatdırırıq:

Çempionlar Liqasının yarımfinalında "Bayern", "Borussiya" (Dordmund), "Real" (Madrid), PSJ mübarizə aparır. Qalib bu 4 komandadan biri olacaq. "Real", "Bayern" və PSJ-nin çempionluğu hazırda "Qarabağ"a sərf edir. Çünki Madrid, Paris və Münhen təmsilçisi öz liqalarından gələn mövsüm turnirdə iştirak etmək haqqı əldə edib. Bəs, "Borussiya" ÇL-də qalib olsa? Bundesliqada hazırda 5-ci olan dordmundlular cari "futbol ili"ndə 4-cülüyü təmin etsələr, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə II təsnifatdan başlayacaq.

Yəqin ki, bura qədər hər şey aydındır. Bəs, bu situasiya nə üçün baş verir? Bilirsiniz ki, Çempionlar Liqasının qalibi birbaşa turnirə vəsiqəni təmin edir. Çempion olan komanda öz liqasında məsələni həll edəndə turnirə birbaşa yollanan kollektivlərin saylarında əskiklik olur. Belə olan məqam üçün UEFA yeni sistem tərtib edib. Çempion Liqasının təsnifat mərhələsinin pley-offunda çıxış etməyə klublar reytinqində 11-14-cü pillələrdə qərarlaşan Ukrayna, Türkiyə, Serbiya və İsveçrənin çempionları namizəddir. Yeni qaydalara görə, bu 4 ölkənin qalibləri arasında ən yüksək reytinqə malik komanda birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq. Bu səbəbdən də pley-offda iştirak edəcək komanda sayı azalacaq. Təbii ki, bunu bərpa etmək lazımdır. Bu səbəbdən də UEFA II təsnifatda mübarizə aparan kollektivlərdən biri birbaşa pley-offa yüksəldir. Bunu necə edir? Ölkələr reytinqində 15-22-ci sırada yer alan liqaların çempionları arasında şəxsi əmsalları ən yüksək olanını birbaşa ÇL-in pley-offunda iştirak etmək şansı əldə edir. Bilirsiniz ki, Çempionlar yolunu ilə turnirin III təsnifat mərhələsinə birbaşa vəsiqə əldə etmək olmur. Bu səbəbdən də II raundda mübarizə aparan pley-offa yüksəlir.

Belə məqamda ikinci təsnifat mərhələsindəki kollektivlərin sayı azalır. Bu səbəbdən də UEFA I raundda iştirak edən, şəxsi reytinqi daha yüksək olan 2 klubu 2-ci mərhələyə yüksəldir. Klublar reytinqində 23-55-ci sırada yer alan ölkələrin çempionları arasında ən yaxşı əmsala malik olan "Ferentsvaroş"la "Qarabağ"dır. Hər iki kollektiv də öz liqalarında çempionluğu təmin ediblər. Macarıstan klubunun 35,000, "Qarabağ"ın isə 33,000 əmsalı var. Bu səbəbdən də hər iki kollektiv Çempionlar Liqasının qalibinin bəlli olmasını səbirsizliklə gözləyir...

İLKİN SULTANLI

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla