AZ

“Məktəblər repetitorlar üçün baza rolunu oynayır”

“Ölkədə uğurlu müəllim karyerası qiymətləndirmədə, sertifikatlaşmada və müxtəlif müsabiqələrdə yüksək bal toplayaraq repetitorluq fəaliyyətini stimullaşdırmaqdan keçir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert hazırda məktəblərin müəllimlər üçün əmək haqqı almaq və repetitorluq üçün baza rolunu oynadığını bildirib:

 

“Belə ki yüksək qiymətləndirmə və sertifikatlaşdırma balı müəllimi daha çox dərsi qamarlamaq, daha artıq “stavka” ilə əmək haqqı almaq və repetitorluğa daha çox şagird cəlb etmək maddi perestiji vəd edir. O cümlədən təhsildə rəhbər vəzifələrə təyinat üçün hansısa müsabiqələrdə yüksək bal toplamaq önəmlidir, nəinki məktəbdə konkret fəaliyyətin nəticəsi. Məktəblər müəllimlər üçün əmək haqqı almaq və repetitorluq üçün baza rolunu oynayır. Təbii ki, gündə iki növbə minimum keyfiyyətlə pedaqoji fəaliyyətlə məşğul olmaq absurddur. Belə ki, məktəbdə işləməklə dərsləri yola verib şagirdi ödənişli fərdi məşğələyə cəlb etmək, hətta məktəbin inzibati binasında onlara ödənişli əlavə dərs demək imkanı mövcuddur.

 

Bununla da müəllimlər dövlətin bina, elektrik, su, istilik, santariya, mühafizə və sair komunal xidmətlərindən qarşılıqsız istifadə edə, o cümlədən məcburi dövlət ödənişlərindən rahatlıqla yayınırlar. Bununla məktəbdə aldığı maaş qida, geyim və sair kimi ənənəvi xərcləri, repetitorluqdan gələn gəlir isə avtomobil, turizm və sair rifahına kifayət edəcək”.

 

K.Əsədov bir müəllim bilik və bacarıqlarına rəğmən repetitorluq fəaliyyəti ilə məşğul olmasa bu mövcud şəraitdə cəmiyyətdə peşəkarlığına bir şübhə yaradan hal olacağını dilə gətirib:

 

“Bütün bunların fonunda müəllimin məktəbdə fəaliyyəti yalnız kəmiyyət göstəriciləri mövcud olsa keyfiyyət göstəriciləri ilə əsla ölçülmür və heç ölçülə də bilməz. Əgər müəllim bilik və bacarıqlarına rəğmən repetitorluq fəaliyyəti ilə məşğul olmasa bu mövcud şəraitdə cəmiyyətdə peşəkarlığına bir şübhə yaradan hal olacaq.

 

Bu gün cəmiyyətdə oğru qanunlarını dövlətin qanunlarından üstün tutan kifayət qədər kütlə mövcud olduğu kimi, o cümlədən bu kölgə təhsilinin məktəbdən daha üstün tutan kifayət qədər valideyn və müəllim ordusu mövcuddur. Ölkə təhsilinin bu acınacaqlı durumdan xilas etmək istəyənlər nəinki yoxdur, üstəlik bunun çiçəklənməsini stimullaşdıran sistem mövcuddur.

 

Məhz testologiyanın tətbiqindən sonra repetitorluğun yetişdirdiklərindən sanballı bir alim çıxmır və onların da təfəkkürü sosial şəbəkə səviyyəsində fikirlər paylaşmaqla və alimlik diplomu ilə Ali Attestasiya Komissiyasının binası önündə fotoşəkil çəkməklə yekunlaşır...”.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla