AZ

“Sülh üçün çalışan Ermənistan hökuməti belə aksiyalarda bayraqların yandırılmasına yol verməməlidir” - Politoloq

Ermənistanın paytaxtı İrəvanda Respublika meydanında erməni “soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü keçırılıb. Məşəl yürüşünün iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. Yürüşə erməni ruhanilərinin nümayəndələri rəhbərlik ediblər.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, politoloq Vüqar Əhmədov Herbiand.az-a deyib ki, İrəvanda bir qrup erməni tərəfindən Azərbaycan və Türkiyə bayraqlarını yandıraraq öz düşmənçiliklərini və nifrətini nümayiş etdirmələri, sülh danışıqları getdiyi dönəmdə sadəcə təəssüf doğurur:

“Siyasi-diplomatik və hərb meydanında uduzan Ermənistan indi heç zaman olmadığı qədər tərəflərin sülhə yaxın olduğu bir zamanda belə təxribatlarla erməni cəmiyyətini yenidən millətçilik ruhuna və nifrətə kökləməyə çalışır. Burada erməni daşnakların və ruhanilərin rolu da genişdir. Çünki daima bu qruplar Ermənistanda işğalçılığı dəstəkləmiş, erməni cəmiyyətində azərbaycanlılara və türklərə qarşı düşmənçiliyi təbliğ ediblər”.

Vüqar Əhmədovun sözlərinə görə, lakin biz bilirik ki, sülh üçün Ermənistanda insanları sülhə hazırlamaq və keçmiş tarixi səhifələri qapatmaq önəmlidir:

“Təbii ki, bunun əksini edənlər çalışır ki, ermənilər arasında Azərbaycan və Türkiyə ilə kommunikasiyaların bərpası baş verməsin. Bununla da erməni cəmiyyətini manipulasiya altında saxlamağa cəhd edirlər. Son hadisə bir daha sübut edir ki, hələ də erməni cəmiyyətində revanşist meyllər mövcuddur. Vaxtilə Azərbaycan torpaqlarının işğalında iştirak edən qüvvələr xaricdən idarə olunaraq bu prosesdə iştirak edir. Erməni kilsəsi də bu mənada öz mənfi rolunu oynamağa çalışır. Bu mərasimlərdə erməni rəsmiləri iştirak etməsə də görünür ki, onlar da belə halların qarşısını almağa bir o qədər həvəs göstərmir. Lakin sülh üçün çalışan hökumət gərək belə aksiyalarda bayraqların yandırılması və nifrət nitqi kimi halların baş verməsinə yol verməsin”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla