AZ

®Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

Aprelin 23-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin və “Abbott” şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçıları salamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual mövzuya həsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm də həkim-rezident və tələbələr iştirak edirlər.

Ceyhun Məmmədov deyib: “Hər il dünyada 1 milyon 400 mindən çox nəfər viruslu hepatitlərə görə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdən əziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40 milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki, cəmiyyətimizdə bəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahat hiss etsələr də, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatit B-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit B və C-nin müalicəsi də məlumdur, sağalması mümkündür”.

İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlif istiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkən xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi komissiyanın fəaliyyətini qeyd edib: “Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə də sıx bağlıdır, çünki hospitalın orqan transplantasiyası şöbəsində canlı donorlardan qaraciyər və böyrək transplantasiyası əməliyyatları həyata keçirilir. Məlumdur ki, ən ağır qaraciyər xəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxış yoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyər transplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib və hazırda bizim hospitalda tam ödənişsiz aparılır”.

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, Əməkdar həkim Rəşad Mahmudov çıxış edərək deyib: “Bu gün biz bir tibb müəssisəsi olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı son mərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühüm uğurlar qazanıb. Hospitalın orqan transplantasiyası şöbəsində ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin sosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıq hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb müəssisələri ilə paylaşılması çox mühüm əhəmiyyət daşıyır və bu iş hazırda genişlənməkdədir. Hospitalın əməkdaşları bu sahədəki təcrübələrini digər müəssisələrin həkimləri ilə də bölüşürlər”.

Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah, transplantoloq Mircəlal Kazımi tədbir iştirakçılarına uğurlar arzulayıb və konfransın nəticələrinin onu həm canlı, həm də onlayn izləyən həmkarları üçün faydalı olacağına əminliyini ifadə edib.

Elmi konfransda yüksək ixtisaslı mütəxəssislər viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” və həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası sonrası infeksiyalar”, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim-hepatoloq Gülnarə Ağayeva “Viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri” mövzusunda çıxış ediblər.

Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı ilə qiymətləndirilib.

Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla